Ümummilli Lider: milli hüquq sistemimizin banisi
Siyasət

Ümummilli Lider: milli hüquq sistemimizin banisi

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  ilə 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan olunması ümummilli liderin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür.

Müasir Azərbaycan tarixinin ən çətin dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcəkdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Onun 1993-cü ildə xalqın xahişi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən qorunması mühüm prinsip elan edilmiş, bu ali məqsədlərin reallaşmasına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Şübhəsiz ki, bu tədbirlər sisteminin əsasında 1995-ci ildə qəbul edilmiş, ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası dayanır. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk Milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. Beləliklə, görkəmli dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyəti əhatə etmiş və ölkəmizdə hüquqi sistemi kökündən dəyişmişdir. Həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması özünü doğrultdu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı və ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq müəyyənləşdirən zaman milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.

Ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının etibarlı şəkildə qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısı tərəfindən Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə  proqram xarakterli fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafına mühüm təkan olmuşdur.

Məhz ümummilli liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, mütərəqqi hüquq islahatlarının aparılması, o cümlədən ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ədliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə innovativ həllərin tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir. İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın və etimadın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının daha da asanlaşdırılmasıdır. İslahatlar, həmçinin hüquq sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.

Bildiyimiz kimi, Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasıdır. Qeyd etdiyimiz təkmilləşdirmə, müasir texnologiyaların tətbiqi, hüquqi və innovativ islahatlar bu sahəyə də tətbiq edilmişdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə" dövlət başçısının 2020-ci ilin sentyabr ayında imzaladığı Fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi təmin edilmişdir. Bununla əlaqədar 27 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilmiş və qısa müddətdə doğumun, atalığın müəyyən edilməsinin, eləcə də ölümün elektron qaydada dövlət qeydiyyatının aparılması və bununla bağlı elektron şəhadətnamələrin verilməsi həyata keçirilmişdir.  Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılmışdır.

Bu gün VVAQ orqanları tərəfindən əksər xidmətlər məhz elektron formada göstərilir. Bu isə öz növbəsində bir çox rəsmi xidmətləri asanlaşdırmaqla, eyni zamanda dövlət orqanlarının işini şəffaf və açıq şəkildə həyata keçirmələrinə imkan yaradır.

O cümlədən qeyd edilməlidir ki, ölkəmizin iqtisadi tərəqqisi notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olmuşdur. Əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının artması xüsusilə vurğulanmalıdır. Onu da qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar və siyasət bütün sahələrdə öz nəticəsini verməkdədir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu. Hazırda işğal dönəmində bütövlüklə dağıdılan və minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur yenidən qurulur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımız dövlətimizin öz gücü hesabına sürətlə bərpa olunur, bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə mühüm layihələr gerçəkləşdirilir, qədim abidələrimiz, mədəni irsimiz bərpa edilir. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.

Beləliklə, ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə Nazirliyi bu gün dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan biridir. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda biz - ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, bizlərdə fərəh hissi yaradır. İnanırıq ki, tezliklə işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra həmin torpaqlarda yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımız uğurla fəaliyyətə başlayacaqdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ədliyyə orqanlarında da geniş qeyd edilir, silsilə tədbirlər təşkil olunur, dəyirmi masalar və digər kütləvi tədbirlər keçirilir. Bu gün tam əsasla deyə bilərik ki, ulu öndərimizin ümummilli və ümumbəşəri ideyaları daim xalqımızın, millətimizin yoluna işıq saçacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaqdır.

İradə İSGƏNDƏROVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Səadət Sarayının - Bakı Nikah evinin müdiri.