Uzunömürlülər muzeyi 
Mədəniyyət

Uzunömürlülər muzeyi 

18 May Beynəlxalq Muzeylər Günüdür

Bu nadir muzeyin qərar tutduğu yer  dağların döşünə sığınan Lerik şəhəridir. Çünki Azərbaycanın, eləcə də dünyanın ən çox ömür sürən insanları  bu dağlar  diyarındandır. 

Uzunömürlülər muzeyi 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə  ölkə başçısı  İlham Əliyevin iştirakı ilə, muzeyin hazırda fəaliyyət göstərdiyi binanın təmirdən sonra açılışı olub, burada 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.  Üç əsr yaşı olan ütülər, sandıqlar, gümüş qablar və kasalar, incəliklə toxunmuş corablar, hələ də öz parlaqlığını itirməyən əl əməyi hesabına başa gələn xalçalar bu eksponatlar arasında yer tutur. Uzunömürlülərin şəxsi əşyaları, eləcə  fotoları ilk baxışdan diqqət çəkir . Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalara  məxsus etnoqrafik materialları - geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunur.  Şəkillər muzeyə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə edilib.

Şirəli babanın səhifələri saralmış vəsiqəsindən açıq-aşkar görmək olar ki, o 1805-ci  ildə anadan olmuş, 1973-cü ildə isə dünyasını dəyişmişdir.  Yer kürəsinin ən uzunömürlü sakini sayılır.  Ona ad günündə göndərilmiş saysız-hesabsız məktublar arasında ən yadda qalanı   Vyetnamın kommunist lideri Ho Çi Min tərəfindən göndərilib.  Məktubun üzərində  "əziz babam"  sözləri  yazılıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.