Vətən uğrunda şərəflə döyüşdü
Sosial həyat

Vətən uğrunda şərəflə döyüşdü

Mingəçevir şəhərində 21 oktyabr 1982-ci ildə anadan olan  Səbuhi Məmmədov  orta məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Silahlı Qüvvələrdə MAXE kimi xidmətə başlamışdır.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində strateji cəhətdən mühüm ərazilər düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq mühəndis-istehkam tədbirləri nəticəsində düşməndən azad olundu. Səbuhi Məmmədov da 2016-cı il Aprel döyüşləri kimi tarixiləşən savaşda iştirak etmişdir.

 Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib.

Səbuhi Məmmədov Suqovuşan döyüşlərində düşmən mövqelərinin postlarının ələ keçirilməsində iştirak etmiş, 30 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.

Mingəçevirdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Səbuhi Şakir oğlu Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib.

Səbuhi Məmmədovun 3 övladı-iki oğlu və bir qızı - Ədilşah, Ömər  və Aytac Vətənə əmanət qalıb.

Allah şəhidlərimizə rəhmət eləsin...

Bəybala  BƏYBALAYEV,

“Respublika”.