Vətənə məhəbbət simvolu
Region

Vətənə məhəbbət simvolu

Əbülfəz Hüseynverdi oğlu Rəhmətov. İndi bu ad dağlar diyarı, qartallar oylağı Lerikdə kiçikdən tutmuş böyüyə kimi, hamı üçün doğma və əzizdir. Çünki qəlbi sevdalı igid Vətən, torpaq uğrunda canından keçərək şərəfli ölümü ilə millətinə, xalqına başucalığı gətiribdir. Bəli, minlərin ürəyində özünə əbədi məkan quran Əbülfəz ömrünün 31-ci ilində dünyadan köçsə də, indi sorağı harada bir Günəş müqəddəsliyi var oradan gəlir...

Tükənməz Vətən sevgisi, xalqa məhəbbət uşaq yaşlarında Əbülfəzin qəlbinə hakim kəsilir. Özünü dərk edən gündən yağı dadanmış yurdunun taleyi bu yeniyetməni çox narahat edir. Erməni dığalardan işğal olunan Vətən torpağının hər qarışının qisasını almaq üçün həyatını hərbiyə bağlamağa qərar verir. Və orta məktəbi bitirib 2006-cı ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olur. Oxuduğu müddətdə davranışı, mədəniyyəti, bacarığı ona hörmət gətirir. O, nizam-intizama əməl edir, bütün diqqət və səyini hərb elminin sirlərini dərindən öyrənməyə yönəldir. Dörd ildən sonra təhsilini başa vurub leytenant rütbəsində Vətənin keşiyində düşmənlə üzbəüz ön cəbhədə taqım, tabor komandiri kimi xidmət edir.

Əbülfəz müharibə meydanında erməni dığaları ilə üz-üzə 2016-cı il Aprel döyüşlərində gəlir. Vətənin şərəfini, qürurunu uca tutmaqla Lələtəpənin alınmasında düşmənə qan qusdurur. Bununla əsgər və zabitlərin gözündə hünər, igidlik nümunəsinə dönür. Nümunəvi xidmətlərinə görə "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi" yubileyi və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medallarına layiq görülür.

Tovuz döyüşlərində Əbülfəz general-mayor Polad Həşimovla bir yerdə olur. Çətin anlar, müharibə dəhşətləri onun qürurunu əyə bilmir. Azərbaycanın əzəli, əbədi yurd yeri Qarabağı düşünməklə bu döyüşlərdə bir daha mətinləşir.

İlahi bir məhəbbətlə Vətəninə bağlı olan Əbülfəz kapitan rütbəsinə ucalır. Kəşfiyyatçı və motoatıcı taborun rəisi olan qəhrəman zabit İkinci Qarabağ müharibəsi başladığı ilk gündən erməni dığalarına qarşı gedən döyüşlərdə şücaət göstərir, onlara sarsıdıcı zərbələr vurur. Qarabağı azad görmək arzusu ilə ağır müharibə meydanlarında cəsurluq, igidlik, mərdlik nümayiş etdirir. Füzulidə, Cəbrayılda, Qubadlıda torpaq naminə tarix yazır. Vətən yolunda şəhidlik zirvəsinə ucaldığı savaş yeri isə Cəbrayılın Hovuslu kəndi olur. 16 oktyabrda burada son gülləsinə qədər mənfur düşmənlə vuruşur...

Şəhidlik ən müqəddəs, uca zirvədir. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. İgid kapitan Əbülfəz də belə bir şərəfli həyat yolu keçdi. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Rəşadət" ordeni və "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları qəhrəman lerikli balasının Vətən, xalq sevgisinin təcəssümündən irəli gəlir.

 Zəfər ORUCOĞLU.