Vətəni sevmək örnəyi
Region

Vətəni sevmək örnəyi

Şəhidlər  bizim  nisgilimiz,  kədərimiz,  ürək  ağrımız,  eyni  zamanda  qürurumuz  fəxrimizdir.   Gənc  nəslə  şəhidlərimizi  tanıtmaq,  onları  vətənpərvər  ruhda  böyütmək,  torpağa  bağlı,  xalqına  hörmət  hissi  ilə  tərbiyə  etmək  isə  hər  bir  ölkə  vətəndaşının  ümdə  vəzifəsidir.    İmişli  rayonunda   da   şəhidlik  zirvəsinə  ucalanlanların  ailələrinə   qayğı   diqqət   mərkəzindədir. Rayonun  Otuziki  kəndində  Vətən  müharibəsində  şəhid  olmuş  XTQ  giziri  Quliyev  Əli  Tədbir oğlunun  xatirəsinə  inşa  edilən  bulağın  açılışı  oldu.  

Açılış  mərasimində  İmişli  Rayon  İcra Hakimiyyətinin  başçısı  Elçin  Rzayev,  RİH-in  məsul  əməkdaşları,  hüquq-mühafizə  orqanlarının rəhbərləri,  şəhid  ailələri,  müharibə  iştirakçıları,  ictimaiyyət  nümayəndələri,   şəhidin  yaxınları  və təhsil  aldığı  orta  məktəbin  müəllimləri  ilə  şagirdləri  iştirak  edirdilər.   Mərasim  iştirakçıları  şəhid   Əli  Quliyevin  məzarını   ziyarət  edib,  ruhuna  dualar  oxuyub,  üzərinə  tər  gül-çiçəklər  düzdülər.

Azərbaycan  Prezidenti  İlham Əliyevin  müvafiq  sərəncamlarına  əsasən   ölkəmizin  ərazi   bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı   vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət göstərdiyinə  görə   Quliyev  Əli  Tədbir  oğlu   ölümündən  sonra   "Cəsur döyüşçü",  “Vətən  uğrunda”,  “Cəbrayılın  azad  olunmasına  görə”  və “Xocavəndin  azad  olunmasına görə”  medalları  ilə  təltif  edilib.

Mərasimdə  çıxış  edən   İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev   44  günlük  Vətən müharibəsində  şanlı  zəfər  qazanan  Azərbaycan  Ordusunun  şəhidlərin  qanını  yerdə  qoymadığını,  Ali Baş  Komandan   cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  torpaqlarımızın  işğaldan  azad  edildiyini  və qazanılan  Böyük  Qələbənin  tarixi  əhəmiyyətini   qeyd  etdi.  E.  Rzayev    şəhid   Əli  Quliyevin  xatirə bulağının   inşa  edilməsində  əməyi   olan   hər  kəsə   təşəkkürünü   bildirib,  şəhidin  valideynlərinə  Vətənimizin   bütövlüyü  uğrunda   canından  keçən   belə  bir  igidi  böyüdüb,  boya-başa  çatdırdıqları  üçün   təşəkkür  etdi.   Çıxış  edənlər  şəhidimizin  göstərdiyi  şücaətlərdən, qısa  və  şərəfli döyüş  yolundan,  onunla  bağlı  xatirələrindən  danışdılar.  Şəhidimizin  atası  Azərbaycan Prezidenti   İlham  Əliyevin  və Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevanın  şəhid  ailələrinin, qazilərin,  müharibə  iştirakçılarının qayğılarını  daim  diqqət  mərkəzində  saxladıqlarını   onlara göstərdikləri  diqqət  və  qayğıya   görə minnətdarlığını  bildirdi.  Otuziki  kənd tam  orta  məktəbinin  şagirdlərinin    şəhidlərimizə  həsr  olunan  şeirləri  səsləndirildi.  

                Ərəstun   ABDULOV,
                  “Respublika”.