Vəzir Sədiyev
Sosial həyat

Vəzir Sədiyev

Nə qədər dünyada Azərbaycan adlı bir torpaq var, nə qədər ki, azəri türkləri var, bu diyarın ürəyi olan Qarabağda bir ocaq yanacaq həmişə, Vəzir ocağı... Müqəddəs bir ocağın istisinə, işığına yığılanlar isə sonsuz bir güc, qüvvət, sevgi payı alacaqlar bu alovlanan atəşdən.

...Adı, qəhrəmanlığı bir elin, bir xalqın tarixinə əbədilik həkk olunmuş Vəzir İsa oğlu Sədiyev 6 iyun 1961-ci ildə Borçalı mahalında - Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya göz açmışdır.

Gürcüstanda yaşayan 500 mindən çox azərbaycanlı Birinci Qarabağ savaşında şücaət, igidlik, qəhrəmanlıq göstərdiyinə, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi döyüş fəaliyyətinə görə Vəzirlə fəxr edirlər.

Vəzir ibtidai təhsilini doğma kəndlərindəki məktəbdə almış, orta məktəbi isə Qərbi Azərbaycanın Körpülü kəndində başa vurmuşdur. Vəzir əlinə "Əlifba" kitabı götürüb təhsil ocağına gedən gündən sidq ürəklə kitab-dəftərə bağlanmış, qəhrəmanlar haqqında yazılmış kitabları dönə-dönə oxumuş, bütün fənnlərə maraq göstərmişdir. Qəlbində hərbçi olmaq arzusu baş qaldırmışdı.

Vəzir Sədiyev orta məktəbi müvəffəq qiymətlərlə başa vurduqdan sonra qəlbinin hökmü ilə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuş, hərbi məktəbi uğurla bitirmiş və sonra təyinatla Rusiya Federasiyasının Qorki şəhərindəki hərbi məktəblərdən birinə müəllim göndərilmişdir. Burada da üç il müəllimlik etdikdən sonra könüllü olaraq Əfqanıstana getmiş, batalyon komandiri kimi Əfqanıstan müharibəsində 2 il 4 ay iştirak etmişdir.

Vəzir ağır döyüşlərin birində ağır yaralanmış, müalicə aldıqdan sonra Zabaykal Hərbi Dairəsinə göndərilir. O, 122 saylı artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Çox keçmədən Vəzirə mayor rütbəsi verilir. Bununla yanaşı, o, ikinci dərəcəli "Peşəkar zabit" döş nişanına layiq görülür. O, hərbi xidməti zamanı 2 orden, 3 medal və eləcə də SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.

Dəhşətli Xocalı soyqırımı xəbərini eşidərkən Vəziri Zabaykalda heç bir qüvvə saxlaya bilmədi. O, Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Nazirliyin əmrinə əsasən o, Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi.

1990-cı illərin əvvəllərində faşist xislətli erməni quldurları xalqımızın xoş növrağını pozdu, onlar müxtəlif istiqamətlərdə dinc əhalini güllə yağışına tutdu, günahsız insanlar amansızlıqla qətlə yetirildi, neçə-neçə evlər dağıdıldı. Vətənin bu ağır günlərində döyüş meydanında oldu. Laçın, Qubadlı, Füzuli, Ağdam rayonlarında gedən döyüşlərdə yaxından iştirak etdi. Milli Orduda artilleriyanın yaradılmasında böyük rolu olan Vəzir xüsusilə Ağdərə uğrunda gedən dəhşətli döyüşlərdə əsl hərbçi olduğunu bir daha sübut etmişdir.

1993-cü ilin fevral ayının 19-u. Cəsur komandir, Borçalının igid oğlu Vəzir Sədiyev Ağdərinin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Vəzir Vətən yolunda qəhrəmanlıq, rəşadət göstərdi. Son mənzili Bakıdakı Şəhidlər xiyabanı oldu.

Vəzir dünyaya yaşamaq üçün gəlmişdi. Az yaşasa da öz sözünü deyə bildi. Yüzlərlə insanı ölümün pəncəsindən qurtardı. Özü də Vətən yolunda şəhidlik zirvəsinə ucaldı. Vəzir hər sözündə, söhbətində Qarabağımızın taleyini, səadətini düşünürdü. Bu yolda Səməndər quşu tək alova atıb, bir göz qırpımında uçub getdi, adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə mayor Sədiyev Vəzir İsa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".