Xaçmazda
Region

Xaçmazda "Əmək yarmarkası"

Xaçmaz Olimpiya İdman Kompleksində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün "Əmək yarmarkası" keçirilmişdir.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran sakinləri üçün təşkil olunan məşğulluq tədbirində işsiz və işaxtaranlara 41 müəssisə tərəfindən 800 vakansiya təqdim olunub. Vakansiya təqdim edən müəssisələrin 33-ü özəl, 8-i dövlət müəssisəsidir. Yarmarkaya "Yalama Aqropark" MMC, "Arçiko" MMC, "Grant Garden" MMC, "Amoris" MMC, "Uğurlu yol" MMC, "Qafqaz Konserv Zavodu", Xaçmaz Mərkəzi Xəstəxanası, Şabran "Aqrokompleks" MMC, Quba "Asan Xidmət" Mərkəzi, "Siyəzən Broyler" ASC daha çox iş yeri çıxarmışdır.

Bu tədbirdə əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların işə götürənlərlə birbaşa təmasını yaratmaqdan ibarətdir. Yarmarkaya çıxarılan vakansiyaların çoxu iqtisadi fəaliyyət növünə görə regionun əmək bazarının tələbatına uyğun kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edir. Regionun əmək bazarının tələbatına uyğun olaraq ən çox iş yerləri kənd təsərrüfatı, xüsusilə bağçılıq sahəsindədir. Yarmarkaya çıxarılan boş iş yerləri arasında bağban və bağ fəhləsi, elektrik mantyoru, bənna, suvaqçı rəngsaz, ofisiant, sürücü, traktorçu, müxtəlif ixtisaslı həkimlər, kredit mütəxəssisi iş yerləridir.

Yarmarkada işaxtaranlara yüksək əməkhaqqı ilə Qarabağda iş imkanları da təklif edilmişdir. "Arçiko" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Şuşa şəhərində aparılan quruculuq işləri ilə əlaqədar bənna, suvaqçı, rəngsaz, elektrik mantyoru, ilməçi, fəhlə, dam ustası, karotçu kimi 105 boş iş yeri yarmarkaya çıxarılmışdır. Məlumat üçün deyək ki, Şuşada təklif edilən iş yerlərində əməkhaqqı 750-1500 manatdan başlayır. Əmək yarmarkasında işaxtaranlara təklif edilən ən yüksək əməkhaqqı da "Arçiko" MMC tərəfindən təklif edilir. İşəgötürən Şuşa şəhərində işləmək istəyən ali təhsilli topoqraf vakansiyası üçün 1500 manat əməkhaqqı təklif edir.

Əmək yarmarkası vakansiyaların təklif edilməsi ilə bərabər bir çox məşğulluq xidmətlərinin işsiz və işaxtaranlara təklif edilməsi ilə də əhatələnib. Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında peşə hazırlığına göndərilən 10 nəfər işsiz şəxsin "Ofisiant" peşəsi üzrə hazırlıq kursunun açılışı olub. Müdavimlər kursu bitirdikdən sonra "Macara Club Tourism, Hospitality And Management" MMC-də işlə təmin ediləcəklər. Məşğulluq tədbirində eyni zamanda "Bağban" peşəsi üzrə hazırlıq kursunu bitirmiş 25 nəfər şəxsə "Bağban" peşəsi üzrə sertifikatlar təqdim edilib.

 Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Milli Məclisin deputatı Sevil Mikayılova və digər rəsmi şəxslər "Əmək yarmarkası"nda iştirak etmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".