Xəlil Rza Ulutürk –  öz ülgüsünün şairi
Tarix

Xəlil Rza Ulutürk –  öz ülgüsünün şairi

Xəlil Rza Ulutürk görkəmli Xalq şairi, mütəfəkkir şəxsiyyət, ədəbiyyatşünas-alim, tərcüməçi, pub­li­sist, milli-azadlıq mücahidi və ictimai xadimdir...

XIX əsrin 50-ci illərindən təzahür edən, 1970-1980-ci illərdə mənəvi inkişafını sürətləndirən milli şüur  özündə milli məfkurə və milli idealı yetişdirib. X.R.Ulu­türkün yaradıcılığında milli məfkurə 1960-cı illərin poetik nümunələrində əksini tapıb. Həmin şeirlərin leytmotivində, əsasən, Azərbaycanın ərazi bütövlüyü, onun imperiya istismarından xilası, dövlət müstəqilliyinin təmin olunması kimi ideyalar dayanıb. Milli idealın, xalq taleyinin mərkəzində isə mövcud milli «Mən» - Xəlil Rza Ulutürk ömrü dayanıb.

Sənətkarın məslək və əqidə yaşantılarının doğuşu 1960-cı illərin şeirlərinə aiddir. Şairə görə məsləkə, məfkurəyə yetməklə Vətənin doğuşu, milli özünüdərki başlayıb. Bu məqamda o, ideoloji olaraq Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu, Məhəmməd Fuad Köprülüzadə, İsmayıl bəy Qasprinski, Cəmaləddin Əfqani, ədəbi olaraq Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Əkrəm Cə­fər, Mustafa Yurdaqul, Yakup Qədri, Orxan Seyfi, Xalidə Ədib, Yusif Vəzir Çəmən­zə­­minli və başqalarını öyrənərək türkçülük məfkurəsinə yiyələnib.

Milli «Mən» özünə yalnız Vətəni dərklə deyil, geniş mənada «Mən Şərqəm» fəlsəfi bütövlüyündə yanaşıb; Qərbi də özündə ehtiva etməklə dünyanı dər­kə can atıb. Şairin məfkurəsində gözəlliyi dərk etmək idraka doğru gedilən yoldur. Şairə görə, gözəllik idealını dəyərləndirmək yalnız sevinc emosiyasına görə deyil, həm də müqəddəs Vətən, millət kədərinə yiyələnmək, Vətən ruhunda tərbiyə olunmaqdır. Şairin məsləkinin doğuşu da insanın azadlıq qüdrətindən, məfkurəsindən vüsət alıb.

Xəlil Rzanın azadlıq fikirləri yalnız çağdaşlıq, müasirlikdən müəyyənlik tapmayıb, qədim, mifik, tarixi, əfsanəvi hadisələrdən başlanğıc gö­tür­üb. Nağıl, əsatir, əfsanə, Spartak, Babək, Koroğlu cəngisi, Nəbi nərəsi, Misri qılınc Xəlil Rza idealının hərəkətverici qüvvəsi olub. «Məşəl silahlar», «Babək», «Gedər», «Əbədi məşəl» və başqa şeirlərdə azadlıq ideyası tarixi motivlər əsasında simvollaşdırılıb. Həmin şeirlərdə milli şüuru, məfkurəni oyadan rəmzlər Cavanşir, Babək, Misri qılınc, Nəsimi, Sabir, Od, Dağ, Təbriz xalısı, Dədə Qorqud­ obrazları olub.

1960-1970-ci illərin şeirlərində milli məfkurə ilə bağlı dü­şün­cələr, ideyalar  sızmalar şəklində özünü göstəribsə, 1970-ci illərin axırları, 1980-ci illərin əvvəllərində etirafa, elana çevrilib. Şair «Mən»i milli məra­mın­dan söz açıb, onun miqyası fərd, məmləkət və millətə qədər genişlənib.

X.R.Ulutürkün dünyabaxışında dil əxlaqda, ruhda, mənəviy­yatda özüldür. Milli dilə verilən qiymət yalnız milli düşüncənin səciyyəsini əks etdirməyib, bu dil həm də məfkurə, millət aydınlığı, əzəli və əbədi bir varlıqdır.

Milli məfkurənin tərkib hissəsi kimi Vətənin vəhdəti, xalqçılığın ərazi-mənəvi bütövlüyü Xəlil Rza yaradıcılığında önəmli problem olub. 1960-cı illər şeirlərində həm sətiraltı, həm də bilavasitə görünən Cənub  mövzusu, «Araz», «Təbriz» obrazları ümummilli ədəbiyyatda olduğu kimi, «Qatar gedər», «Gedər» şeirlərində də şair kədəri, şair məqsədinin ideya daşıyıcıları olub.

İstiqlal məfkurəsi, ideologiyası X.R.Ulutürkün özünüdərkində fəlsəfi-estetik baxış olub («Nifrətim var», «Meyar», «Böyük sənətkar» və başqaları). Mayası, cövhəri folklorda olan mənəvi azadlıq ideyasının rişələri 1960-cı illərin şeirlərindən gəlib. Vətənçilik ideyası da şairin 1960-cı illərdəki poetik nümunələrindən başlanıb.

1980-ci illərin əsərlərində Xəlil Rza bir ideoloq, azadlıq mücahidi, istiqlal məfkurəsinin əzabkeşi, Vətənçi, xalqçı kimi görünüb. 1960-1970-ci illərin əsərlərində milli şüur və məfkurənin təzahürü sətiraltı fikir qatlarında təcəssüm olunmuşdursa, 1980 – 1990-cı illərin yaradıcılığında bu, aşkar ideya keyfiyyətinə çevrilib. Həmin ideya-məfkurənin canlı təcəssümü, əsasən, imperiyanın kəskin ifşası, Azərbaycan xalqının dövlət müstəqilliyi, suverenliyi, yəni istiqlalçılıq ideologiyası ilə bağlı olub.

1980-ci illərin şeirləri milli məfkurənin qüdrətli çağırış ruhu ilə seçilib. Bu mübarizə şairin proqramına, həyat idealına çevrilib. Şairi mübarizəyə qaldıran mənəvi-daxili təkan geniş mənada müqəddəs milli kədərdir. 1980-ci illərin əsərlərində şair «Mən»i mənəvi-psixoloji məqamlarını ilk əvvəl mövcud mühitə tənqidi, ifşaçı baxışdan alıbsa, 1980-ci illərin axırlarına doğru Azərbaycanın milli həyatında mürəkkəb tarixi-siyasi hadisələrin baş verməsi ilə həmin milli «Mən» bilavasitə azərbaycançı, istiqlalçı, sovet imperiyasına qarşı ifşaçı və azadlıq bahadırı kimi konkret xüsusiyyətlər kəsb edib. Bu illərin həyatında və poeziyasında mövcud milli «Mən» təlatümlü, qaynar lirik polifoniyadan çıxaraq, həm də üsyankar, patetik-publisistik üslubu da özündə aşkarlayıb.

Şairin milli-estetik idealı Azərbaycanın taleyi ilə möhkəm bağlıdır. Vətənin, xalqın idealları ilə bağlı problemlərin poetik ifadəsi tarixlə, cəmiyyətin mürəkkəb, təzadlı həyatı ilə müvazi inikas etdirilib. 1960-1970-ci illərin poeziyasında lirik-romantik polifoniya, ideya-bədii mündəricə daha da zənginləşib. Həmin tarixi-estetik anlayışlar 1980-ci illərin poetik nümunələrində vüsətli siqləti ilə seçilib. Dövrün axırlarından başlayaraq lirik-estetik «Mən» milli «Mən»ə doğru istiqamətlənib, 1980-1990-cı illərin əsərlərində isə milli xarakter, tarixi-bədii şəxsiyyət müəyyənliyi kəsb edib.

Şairin xalqçılığından danışmaq XIX əsrin rus inqilabçı xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipin­dən danışmaq demək deyildir. X.R.Ulutürkün xalqçılığı əslində azərbaycançılığın, vətənçiliyin tərkib hissəsi olub. Yəni Azər­baycan yalnız azərbaycanlıların yox, həm də onlarla birgə qeyri-azər­baycanlıların: ləzgilərin, talışların və başqalarının vətənidir. Şair bu səbəbdən də sadvalçılıq, talışçılıq (Ləzgistan, Talış-Muğan) kimi qiyamçı siyasi təmayülləri ciddi surətdə pisləyib. Ulutürk separatizm, şovinizm və nihilizmin düşməni olub. Böyük sənətkar əsərlərində etnik-mədəni qruplara, milli azlıqlara, millətlərarası iqtisadi-mədəni birliyə, multikultural  münasibətlərə, bəşəriliyə əsaslanan xalqçılığı, azərbaycançılıq və vətənçiliyi təbliğ edib.

X.R.Ulutürk yaradıcılığında vətənçilik, türkçülük və xalqçılıq məfkurəsi  önəmli bədii-ideoloji keyfiyyətdir. Vətənin bütövlüyü, onun taleyi X.R.Ulutürkün şəxsiyyət və yaradıcılığında ciddiyyəti ilə görünən problemlərdən olub. Cənubi Azərbaycan mövzusu X.R.Ulutürk yaradıcılığında aparıcı mövzulardan birini təşkil edir. «Sağlıq, yaxud vəsiyyət» (1962) şeiri Vətənin bütövlüyünə birbaşa münasibət əsasında yazılıb. «Oğlum Təbrizə» (1964), «Təbrizim mənim» (1965 – 1975), «Anam layla çalır» (1966), «Gözün aydın, Azərbaycan» (1969), «Xiyabani yurdunda» (1975), «Qatar gedər», «Səsin gəlsin, Təbrizim» (1980), «Xudafərin körpüsü» (1980) şeirlərində epik təsvirə meydan yoxdur; lirik mühakimə, məntiqi məna ilə aşılanmış təhkiyə və intonasiya xasdır. Cənub şeirləri milli ideallarla, Vətən taleyi ilə aşılanmış siqlətli poetik nümunələrdir. Həmin əsərlərin qanı, vicdanı, oyadış ruhu çox güclüdür.

Şairin poeziyasında xalqın həyat və məişəti, psixologiya və mənəviyyatı epik təsvir və təhkiyə əsasında deyil, psixoloji-mənəvi məqamların (hərçənd ki, bunlar da lirik-epik «nüvədən» sərf-nəzər deyil) bədii ifadəsində daha çox aydınlıq və konkretlik tapıb.

1980-ci illərin şeirlərində Xəlil Rza Ulutürk ifşaçı, cəmiyyətə müxalif şair mövqeyi ilə daha çox fərdiləşməklə bərabər, milli ideoloq, məfkurə carçısı kimi canlanıb. Belə əsərlərin məfkurəsində «Xalqın, haqqın vicdanı» olan milli «Mən» – milli ideal dayanıb.

X.R.Ulutürkün milli idealı: Azərbaycanın müstəqil dövlət müəy­yənliyi və turançılıq ideyası birbaşa, açıq-aşkar ifadəsini 1980-1990-cı illərin poeziyasında göstərib.

Şair Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin 67-ci maddəsi ilə milli ədavəti qızışdırmağa görə həbs edilib. SSRİ DTK-nın Lefortovo zindanına salınıb. O, 26 yanvar 1990-cı il tarixdən 9 oktyabr 1990-cı ilədək, 8 ay 13 gün Lefortovo zindanının izolyatorunda saxlanılıb. Şair zindanda 2000 səhifədən artıq cildlər yaradıb ki, bunun 196 şeirini azadlığa buraxıldıqdan sonra çap etdirib. Həmin şeirləri «Qıfılı o üzdən olan qapılar» adı altında ümumiləşdirib.

X.R.Ulutür­kün Lefortovo şeirlərində mübarizə, qəhrəmanın fərdi alə­mi, psixologiya və mənəviyyatı şeirləşib – xalq taleyi qəhrəmanlıq, şəxsiyyət və xarakter mənasında bir fərdin üzərində müəyyənlik tapıb. Milli ideal da həmin fərdin xarakterindən doğulub. Şair – milli xarakter mənliyindən, həyat yoldaşı Firəngiz xanım Ulutürkün məhəbbətindən, məhəbbətin qadir gücündən qüvvət alıb. Şair Firəngiz xanımı dustaq qadını yox, Azadlığın gəlini kimi vəsf edib.

Xəlil Rza filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim kimi milli ədəbiyyatın ciddi problemlərinə həm ədəbi-nəzəri, həm də poetik səviyyədə münasibət bildirib. Alimin klassik və müasir poetik irs, habelə, Türk, Qafqaz, Pribaltika, Slavyan, Avropa ölkələri ədəbiyyatının örnəkləri ilə bağlı ciddi fikir mövqeyi olub.

Xəlil Rza tərcümə ədəbiyyatının görkəmli nümayəndəsidir. O, tərcüməçilik sənətinin bədii-nəzəri məsələləri ilə ardıcıl məşğul olub. Tərcüməçi həm Azərbaycan klassik poeziyasının, həm də bəşər bədii fikrinin ən görkəmli nümayəndələrini dilimizə çevirib. Tərcümədən yüksək bədii keyfiyyət Xəlil Rzanın sənət missiyası olub.

X.R.Ulutürk publisistik fəaliyyətə XX əsrin 50-ci illərində başlayıb. O, ədəbi-elmi-bədii mündəricəli yazıların nümunələrini yaradıb. Xəlil Rzanın publisistikasına güclü milli-mənəvi dəyərlər xasdır. Şairanəlik, güclü bədiiyyat, yurd, insan sevgisinin tərənnümü onun publisistikasının bədii məziyyətləridir.

Onun 1980-ci illərin sonlarından yazdığı məqalələri siyasi mövzudadır. Siyasi publisistika onun yaradıcılığına xüsusi kəsər və bədii siqlət gətirib.

Elmi-tarixi memuar yaradıcılığı Xəlil Rza Ulutürkün adı ilə bağlıdır. O, bu sahədə ədəbi fəaliyyətə 1962-ci ildən başlayıb və ömrünün axırınadək davam etdirib. Şairin elmi-tarixi memuarlarında da millilik və xalqçılıq məsələləri güclü olub.

Xəlil Rza poeziyası novator sənətdir. Şairin bədii irsinin novatorluğunu şərtləndirən məsələ isə sənət keyfiyyətləri ilə əlaqəlidir. X.Rza poeziyasının ümumən ənənə-forma dəyərləri zahiri effekt doğurmayıb, güclü mahiyyət və məzmun keyfiyyətinə əsaslanıb, milli və bəşəri sənətin poetik axarlarını öz nəhrinə qovuşdurub.

X.Rza  öz hərəkətlərinin şairidir. O da poeziyasında özüdür. Bu «Öz» ciddi xarakter, temperament sahibidir. X.Rza  öz istedadında coddur, şeirlərinin fitrəti, təbiəti sərtdir, qətiyyətlidir, hücumçudur, mübarizdir. X.Rza şeirinin bədii mətni, strukturu, ahəng və intonasiyası sanki şırım atır, sürətlə şaxələnir, ildırım, şimşək kimi çaxır, katyuşa kimi dalbadal, kəsilmədən, fasiləsiz atəş açır, təkrar-təkrar atəş açır, dərindən nəfəs götürür, tövşümək, usanmaq bilmir. X.Rza poeziyası lirik-epik, dramatik poeziyadır, tarix və müasirlik bu poeziyanın cövhəridir. X.Rza  qrotesk, pamflet, satira, ifşa ustasıdır, cəmiyyətin yaramazlıqları realist-romantik təsvirli-örtüklüdür. X.Rza hədsiz realist və xəyalpərəstdir. X.Rza poeziyası evdə, rahat yerdə, isti otaqda yox, yollarda, səfərlərdə, meydanlarda, tribunalarda yaranıb, doğulub – X.Rza poeziyasının məkanı xalq meydanı, tonqallar, azadlıq meydanıdır!

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu baş direktorunun müşaviri, filologiya elmləri doktoru, professor.