Xocalının rabitəçi qızı
Tarix

Xocalının rabitəçi qızı

Səhərin dumanlı, bir az da mürgülü çağı idi. Hələ kolların, yarpaqların üzərinə düşən şehlər süzülüb torpağa qovuşmağa macal tapmamışdı. Qışın soyuq, adamı qılınc kimi kəsən sərt şaxtalı havasında gənc bir qız küçədə doqqaz qapısı ilə üzbəüz dayanıb nəsə fikirləşirdi. Tərəddüd içində sual dolu baxışlarla evlərinə sarı boylanırdı. Səssizlikdən bir az da narahat olmağa başladı. Axı, məhəlləmiz, küçəmiz niyə bu qədər sakitdir, qapımız da bağlıdır? Evimizi də elə bil güclü od qarsıyıb. Anam bu vaxt oyanmalı, həyətdə iş-güc ilə məşğul olmalı idi. Evimizin damında olan borudan gur yanan sobamızın burula-burula çıxan tüstüsünü də görmürəm. Ocağımızı yandırmağı anam unudub? Heç, atamı da görmürəm, indi məni görüb bacı, niyə küçədə dayanmısan deyərdi. Atam bacısı olmadığı üçün mənə bacı deyirdi. Hə, yadıma düşdü. Aman Allah axı, atam neçə illərdi dünyasını dəyişib. Bəs qardaşlarım, onlar da gözümə dəymir. Onu da xatırladım, onlar cəbhədədirlər. Müharibə gedir, kəndin kişiləri hamısı səngərdədir. Bax, uzaqdan atəş səsləri gəlir. Yenə ermənilər atırlar, - deyə gənc Dürdanə fikrə getdi. Haradansa, lap yaxınlıqdan qulağına qadınların ah-naləsi, uşaqların ağlamaq səsləri gəlirdi. Uzaqdan gələn atəş səsləri yaxınlaşmağa, daha da güclənməyə başladı.

Dürdanə çaşıb qalmışdı, yoxsa ermənilər Xocalıya hücum edib? Özü də hiss etmədən kobud bir kişi səsinə oyandı. Səksəkəli halda anladı ki, bütün bunlar hamısı yuxu imiş. Bədənindəki dözülməz ağrılar yuxunu yadına salmağa belə macal vermədi. Silahlı erməni kişi bir də qışqırdı, oyan! Bu, 10 gün erməni əsirliyində olan Xocalı sakini - rabitəçi Dürdanə Ağayevanın həyat hekayəsinin bir səhifəsidir. Ağrılı-acılı və faciəli bir səhifəsi...

 Dünya tarixində, ən dəhşətli faciələrdən biri olan Xocalı qətliamının ildönümüdür. Elə bu məqsədlə də Xocalı sakinlərinin bəziləri ilə görüşməyi qərara aldıq. Taleyinə, qismətinə girovluq yazılan Xocalının rabitəçi qızı Dürdanə xanımla dərdləşdik. Dəfələrlə bu qadının danışdıqlarına qulaq assam da, yenə də dediklərini gözyaşları içində dinlədim. Dürdanə Ağayeva o günləri acılar içində xatırlayaraq dedi:

-Xocalı Əsgəranla Xankəndi şəhərinin arasında yerləşən gözəl bir kənd idi. Sadə, səmimi, çörəklərini torpaqdan çıxaran zəhmətkeş insanlar idi kəndimizin camaatı. 1988-ci ilə kimi Xocalıda çox xoşbəxt yaşayırdıq. Atamızı erkən, 35 yaşında itirmişdik. Anam üç qardaşımla məni gözəl, mehriban bir mühitdə böyüdüb. Xocalı faciəsi baş verənə kimi, 2 ildən çox kəndin telefon qovşağında rabitəçi işləmişəm. Bizim işimiz hərbçilərlə - Əlif Hacıyev və Tofiq Hüseynovla işləməkdən ibarət idi. Kişilər səngərdə döyüşür, postda dayanırdılar. Mənim də postum telefonda idi. İşimi sevir, özümü də çox xoşbəxt hiss edirdim. O vaxta kimi ki, ermənilər Xocalını viran qoydular. Müharibə gəncliyimizi əlimizdən aldı, həyatımızı alt-üst etdi. El-obamızı, ev-eşiyimizi əlimizdən almaqla bərabər, həm də sağlamlığımızı, xoşbəxtliyimizi də bizdən qopardı. Ömrümün ən gözəl çağında - 20 yaşında Xocalıdan çıxdım. Ermənilər gəncliyimi, sağlamlığımı əlimdən aldı, toy-büsatımı, arzularımı gözümdə qoydular. Bütün arzularım Xocalı ilə bərabər, yanıb kül oldu. Bu gün həm onkoloji, həm də şəkər xəstəsiyəm. Bütün bunlar hamısı erməni zülmünün nəticəsidir.

O vaxt Xocalı özünümüdafiə batalyonu, Əlif Hacıyevin dəstəsi, Polis idarəsinin döyüşçüləri və 21 nəfərdən ibarət könüllü dəstənin üzvləri Xocalını qoruyurdu. Onlar qanları, canları bahasına döyüşüb kəndi qorusalar da, bu yerlər heç Bakının yadına da düşmürdü. Xocalı ilə maraqlanan yox idi. Elə bu laqeydliyin nəticəsində o vaxtkı hakimiyyət bizi qurban verdi. Xocalı alınan gecə hamı bir ailə olmuşdu. Hər tərəfdən hücuma məruz qalan kənd əhalisi Qarqar çayının kənarına yığışaraq meşə yolu ilə Ağdama doğru hərəkət etməyə çalışırdı. Ayağımız getsə də ürəyimiz Xocalıda qalmışdı. Arxaya, qoyub gəldiyimiz yurd-yuvamıza boylanırdıq. Səhərə yaxın atışma başladı. Ermənilər qarşıda bizi gözləyirdi. SSRİ-nin 366-cı motoatıcı alayı gecə ikən Xocalını od vurub yandırmışdı. O səbəbdən də, alovun təsirindən meşə işıqlı idi. Ermənilər aydın şəkildə bizi görür, atəşə tuturdular. Mən ayağımdan yaralandım. 19 yaşlı qardaşım Elşadla məni ermənilər girov götürüb Əsgərana apardılar. Əsgəran polisinin zirzəmisində bizə yaşatdıqları işgəncələri, zülmləri dillə ifadə etmək olmur. Burada 60-a yaxın qadın, uşaq, toplam isə 200-ə yaxın əsir-girov var idi.

Azərbaycanın qeyrətli oğulları - Allahverdi Bağırov başda olmaqla Xocalıdan olan qız-gəlinlər erməni girovluğundan azad olundu. Ermənilər Allahverdi Bağırovdan çox qorxurdular. Qadınlar azad ediləndə mən qapının arxasında gizləndim, qardaşımı qoyub gedə bilmədim. Bilirdim ki, anamı meşədə güllələyiblər. Beləcə, 10 gün erməni girovluğunda dəhşətli işgəncələr, zülmlər gördüm. Xocalıda yaşamış erməni qadınlar məni tanıdıqları üçün erməni silahlılarına rabitəçi olduğumu demişdilər. Ona görə də, mənə xüsusi amansızlıqla zülm edirdilər. Döyəndən sonra soyuq suda saxlayırdılar. Özümdən gedəndə isə sudan çıxarıb çöldə zibilliyin üstünə atırdılar. Bir dəfə erməni döyüşçü palçıqlı çəkmələrini ağzıma dürtüb, al, bu da sənə torpaq, ye, - dedi.

10 gündən sonra Allahverdi Bağırov bizi girovluqdan xilas etdi. Ermənilər məni Ermənistana aparmaq istəyirdilər. Amma o, məni xilas elədi. Ağdamı rayonu işğaldan azad olunanda Allahverdi Bağırovun məzarını ziyarət edib, qarşısında diz çökdüm. Mən bütün bu başımıza gələnlər haqqında "Erməni zindanında 8 gün" adlı kitab yazmışam. Həmin kitabda Xocalı faciəsi zamanı əsir və girovların başına gətirilən müsibətlərdən, zülmlərdən bəhs etmişəm. Həmin kitab dörd dildə nəşr olunub. Leyla xanım Əliyevanın göstərişi ilə rus dilində nəşr olunaraq Moskvada təqdimatı keçirildi. Leyla Əliyeva kitabla tanış olandan sonra mənə bildirdi ki "hər qadının hünəri deyil ki, erməni əsirliyindən çıxıb, başına gələnlərlə bağlı kitab yazsın". Bəli, mən o cürəti, gücü özümdə tapdım və bu işdə mənə ən çox dəstək verən, kömək göstərən rəhmətlik həyat yoldaşım oldu. Təəssüf ki, onu da tez itirdim. Həmin kitabı iki il qabaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdim. Bir arzum var, Allah bizə ermənisiz Qarabağ qismət eləsin. Bir qucaq qərənfillə meşə yolu ilə Qaraqayadan, Əsgərandan keçərək Xocalıya ayaqyalın gedəcəyəm. O qərənfilləri xocalılıların şəhid olduğu meşəyə, yollara səpə-səpə ermənisiz Xocalıya gedəcəyəm. Bir arzum da var ki, jurnalist Çingiz Mustafayevin vaxtilə çəkiliş apardığı yerdə Xocalı şəhidlərinə abidə ucaldılsın. Xocalıya qayıdışdan sonra şəhid şəhər statusu verilsin. Xocalı şəhid olmuş şəhərdir. Zaman gələcək, dövlət başçımız İlham Əliyevin sayəsində biz Xocalıya qayıdıb orada yaşayıb-yaradacağıq.

Ramidə YAQUBQIZI,

"Respublika".