VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

18 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə rəsmi səfərə gəlib.
  • Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşünün yekunlarını müsbət irəliləyiş adlandırıb.

19 fevral

  • Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Türk dünyasının qızıl dövrü

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə qələbə qazanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk səfərini qardaş ölkə Türkiyəyə edib. Heç təsadüfi deyil ki, ölkə başçısının andiçmə mərasimində türk dünyası ilə bağlı hərarətli nitqi, böyük Türk ailəsinin bundan sonra daha da sıx birləşməsinin vacibliyi barədə fikirləri, Azərbaycan və Türkiyə arasında qardaşlıq körpülərinin daha da möhkəmləndirilməsi gələcək üçün hərtərəfli inkişaf vəd edir.

Bütün dünyaya qardaşlıq mesajı verən iki ölkə türk dünyasının güclənməsi yolunda əhəmiyyətli addımlar atır. Sözsüz ki, türk ailəsinin nüfuzunun getdikcə artması Azərbaycan-Türkiyə dostluğundan keçir. 20 il ərzində bütün sahələr üzrə imzalanan anlaşmaların zirvəsi isə Şuşa Bəyannaməsi hesab olunur. 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin davamı olaraq 15 iyun 2021-ci ildə Şuşamızda imzalanan Müttəfiqlik Bəyannaməsi iki qardaşın dünyaya verdiyi mühüm ismarış idi.

Ölkə başçısı Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Bakıya dəvət etməsi də artıq ənənəyə çevrilib. Türk Dövlətləri Təşkilatının birgə səylərlə inkişaf etdirilməsinin zəruriliyini vurğulayan cənab İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan türk qüdrətinin çağdaş dövrdə dirçəldilməsi üçün bütün imkanlarını səfərbər edən iki müzəffər dövlət xadimidir. Qardaşlıq əlaqələri gələcəkdə türk dünyasının qızıl dövrü olacaq.

  • Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edib.

20 fevral

  • Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar Assambleyanın sədrinə məktub ünvanlayıb.
  • COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masada ölkəmizi təmsil edib.

21 fevral

  • İstanbul şəhərində 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı "Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək" mövzusu ilə öz işinə başlayıb.
  • Energetika naziri Pərviz Şahbazovun Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ Ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü olub.

22 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

İnklüzivlik təmin edilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük beynəlxalq tədbirdir. Planetin qlobal problemlərindən olan iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşması probleminə qarşı Azərbaycan modeli dünyada yeni təcrübə rolunu oynayacaq.

Minilliyin başlanğıcından etibarən bu məsələlərin həlli istiqamətində müəyyən addımlar atılır. Məhz bu baxımdan, bu ilin payızına təsadüf edəcək COP29 tədbirində qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçımız iki həftə ərzində dünyanın mərkəzi olacaq Bakının təqribən 70 mindən çox xarici qonağı qəbul edəcəyini bildirib. Bu cür mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin qazandığı yeni uğurların bariz nümunəsidir.

COP-a üzv dövlətlərin Bakıda keçiriləcək növbəti sessiyası ilə bağlı Azərbaycandan böyük gözləntiləri var. Tədbirin həm hazırlıq prosesinin, həm də yüksək səviyyədə təşkil olunması üçün cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərin səfərbərliyi vacibdir. Həmin seqmentin isə Təşkilat Komitəsi adı altında birləşməsi tədbirin təşkil olunması üçün Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli Sərəncamı ilə öz əksini tapmışdır. Sərəncamda ölkə başçısı tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Dövlət başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinə bəzi dəyişikliklər edilib. Adıçəkilən Komitədə gender balansı faktiki olaraq tam təmin olunub. Belə ki, qeyri-hökumət təşkilatları, Milli Məclis, platforma, fondlar və nazirliklərdən olan qadınlar komitənin tərkibinə cəlb edilib. Bu da Azərbaycan Prezidentinin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisidir. Komitənin tərkibinə dəyişiklik edilməsi və onun genişləndirilməsi maksimum inklüzivliyin təmin edilməsidir. Məlum olduğu kimi, bu sahədə dünyada vətəndaş cəmiyyəti və QHT-lərin rolu çox aktivdir.

  • Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb.
  • Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

23 fevral

  • Azərbaycan XİN Paşinyanın "France 24" telekanalında səsləndirdiyi iddialara cavab verib.
  • Muxtar Babayev ABŞ Dövlət Departamentinin iqlim elçisinin müavini ilə COP29-la bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.
  • UEFA Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" futbol klubu tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb.

Ürəyimiz tarix yazan "Köhlən atlar"la bir döyünür

Fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirildi. Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" Bakıda Portuqaliyanın "Braqa" klubunu qəbul etdi.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, "Qarabağ" azarkeşləri UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab matçında mənalı xoreoqrafiya yaratdılar. Əvvəllər "Qarabağ"ın kapitanı və baş məşqçisi olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ verdiyi xoreoqrafiyada "Ruhumuz şaddır" yazılmışdı.

Tofiq Bəhramov adına Respublika Stadionunda belə duyğulu notlarla başlayan görüşdə həyəcanlı anlar yaşandı. Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların səkkizdəbir finalına yüksələn ilk klub oldu. UEFA Avropa Liqası da "Qarabağ"ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək bunu tarixi nailiyyət adlandırdı.

24 fevral

  • Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" mövzusunda beynəlxalq konfrans keçirilib.
  • General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.

“Respublika”.