XX əsrin parlaq şəxsiyyəti
Siyasət

XX əsrin parlaq şəxsiyyəti

"Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından.

Heydər Əlirza oğlu Əliyev. XX əsrin ən parlaq şəxsiyyətlərindən biri... Ötən əsrin 50-ci illərindən başlayaraq o, bu gün Azərbaycan dövlətinin əsaslandığı milli dövlətçilik fəlsəfəsini, müstəqil yaşamaq haqqına sahib olan xalqının inkişafı, tərəqqisi üçün zəruri olan qaydaları, istiqamətləri formalaşdırmış, müstəqil Azərbaycanı qurub yaratmışdır.

1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldiyi dövrdə əksər sahələr üzrə tənəzzül müşahidə olunur, ölkə inkişaf göstəricilərinə görə digər sovet respublikalarından geri qalırdı. Sosial-iqtisadi sahədəki durğunluq insanların mənəvi həyatına da öz mənfi təsirini göstərməkdə idi. Cəmiyyətdə sosial ədalət normalarının pozulması meyilləri güclənirdi. Bütün bunlardan daha  ziyanlı bir tendensiya isə insanların milli-mənəvi dəyərlərdən getdikcə uzaq düşməsi idi.

Ulu öndərin hakimiyyətə gəlişi isə sanki şüurlarda inqilab yaratdı. Sovet quruluşunun bütün incəliklərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanı tənəzzüldən çıxarmaq üçün mövcud  bütün imkanları qısa müddətdə səfərbərliyə aldı. Özünəməxsus qətiyyət, müdrikliklə respublikamızın uzunmüddətli, dinamik, hərtərəfli inkişafını nəzərdə tutan kompleks inkişaf proqramlarının işlənib hazırlanmasını və dərhal icraya yönəldilməsini təmin etdi.

Qısa bir zamanda ölkə iqtisadiyyatının bütün sahələrində tərəqqi meyilləri nəzərə çarpmağa başladı. Elmi-texniki tərəqqinin səviyyəsinə, modern texnologiyaların istehsal prosesində tətbiqinə görə Azərbaycan SSR keçmiş İttifaq respublikaları arasında öncüllüyü ələ aldı. Azərbaycan SSR o zaman bütün SSRİ məkanında ən qabaqcıl kənd təsərrüfatı respublikası kimi də önə çıxdı. Respublikada mükəmməl infrastruktur sistemi  quruldu. Hətta ən ucqar kəndlərimizə   yollar, elektrik, qaz, su, rabitə xətləri çəkildi. Əhalinin gün-güzəranı yaxşılaşdı, insanların sabaha inamı artdı, milli dövlətçilik düşüncəsi formalaşdı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı.

Ulu öndərimiz öz xalqına, dövlətinə xidmətlərini SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri olaraq Kremldə çalışdığı illərdə də əzmlə davam etdirirdi. O, Kremldə tək Azərbaycan  SSR-in deyil, digər türk respublikalarının da ən güclü hamisi idi. Bütün bunlar isə Heydər Əliyevə xalq rəğbətini artırmaqla yanaşı, ulu öndərin Kremldəki əleyhdarlarının da sırasını genişləndirmişdi. XX əsrin 80-ci illərin sonlarına doğru artıq Heydər Əliyev Kremldə öz fəaliyyətini  şovinizm prinsipləri əsasında quran böyük bir təxribatçı dəstəyə qarşı təkbaşına dayanmışdı.

Ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı da ən çətin dövrə təsadüf etmişdi.  O zaman Azərbaycanın həyatında həlledici bir mərhələ idi. Ölkə dövlət müstəqilliyini bərpa etsə də, respublikanın  suverenliyini təmin edəcək əsaslar  formalaşmamışdı. Qısa müddətdə konkret qərarların qəbulunu tələb edən taleyüklü məsələlər dövlət mənafeyindən daha çox şəxsi mənafelər uğrunda didişən siyasi qüvvələrin mübahisə  predmetinə çevrilmişdi. Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran gündən-günə dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Qeyri-qanuni silahlı birləşmələr arasında tez-tez baş verən toqquşmalar vəziyyəti vətəndaş qarşıdurması həddinə qədər gətirib çıxarmışdı. Bakıda hakimiyyət uğrunda silahlı mübarizə gücləndikcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan Respublikası ərazilərinin  coğrafiyası genişlənir, xarici ölkələrlə münasibətlər gərginləşir, çoxmillətli respublika olan Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı.

Belə çətin dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrətə sahib yenə də məhz Heydər Əliyev idi. Ulu öndərimizlə görüşmək, respublikamızın sabahı ilə bağlı narahatlıqlarını ona çatdırmaq üçün Naxçıvana hər gün yüzlərlə insan yollanırdı. Xalq öz liderini Azərbaycanı  təkidlə fəlakətlərdən xilas etməyə çağırırdı.

Nəhayət, 1993-cü il iyunun 15-də ulu öndərimizin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışı Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsi oldu.

Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçildiyi vaxtdan etibarən həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində özbaşınalığa, xaosa son qoyuldu. İctimai-siyasi sabitlik təmin edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlər, xüsusilə Rusiya və İranla əvvəlki hakimiyyətlərin dövründə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli zəmin yarandı.

1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan Azərbaycan Respublikası MDB məkanında ilk olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Heydər Əliyevin neft strategiyası sayəsində ölkəyə xarici sərmayələrin axını başlandı, dövlət idarəçiliyi mexanizmi yenidən formalaşdırıldı, nizami ordu quruldu. Azərbaycan müstəqillik qazanaraq azad bazar iqtisadiyyatı yoluna qədəm qoydu.

Ulu öndərin hakimiyyətə qayıdışı ilə cəmiyyətimizdə milli birlik təmin edildi, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs ümummilli  liderin özünəməxsus müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında bir araya gəldi.

Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanın çiçəklənməsinə həsr etmiş Heydər Əliyevi dünyanın tanınmış dövlət xadimləri də yüksək qiymətləndirirdi.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyirdi: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir". Digər tanınmış şəxsiyyətlərin fikirlərində də ulu öndərə hörmət, ehtiram, sevgi duyulur...

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin: "Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".

 Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş: "Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!".

Fransanın Prezidenti Jak Şirak: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirdim".

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi: "Prezident Heydər Əliyev yenicə ayağa  qalxan Azərbaycan Respublikasının sabitlik  və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı,  asayişi naminə səy göstərmiş  təcrübəli və məşhur siyasi xadim olmuşdur. Heydər Əliyevin  regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcək".

Təbii ki, belə nümunələrin sayını atırmaq da olar. Ulu öndərdən sonra ölkəmizin sürətli inkişafı onun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq qiymətləndirilir. Məhz  ulu öndərin qoyduğu yolla gedən dövlət başçısı Azərbaycanı bölgənin liderinə, daha sonra qalib ölkəyə çevirdi. Ulu öndərin şah əsəri olan güclü  Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu isə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Zümrüd QURBANQIZI,

"Respublika".