Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzindədir
Siyasət

Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzindədir

Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il keçir. Bu ildönümü ilə əlaqədar tarixi yaddaşımıza nəzər salsaq, Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə obyektiv zərurətdən yarandığını iftixar hissi ilə qeyd edə bilərik. Bu gün 1991-1993-cü illərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat rəhbərlərinin bacarıqsızlığı, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular.

Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə cəmiyyətdə uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək yeganə düzgün ünvanı seçdilər. Onlar yaxşı başa düşürdülər ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasətçinin rəhbərliyi ilə formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər. Ölkənin taleyinə biganə olmayan ziyalılar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətdən cana doymuş insanlar müxtəlif bölgələrdə mitinqlər təşkil edir, dahi liderin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyul ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Vətənpərvər Azərbaycan ziyalılarının "Səs" qəzetinin 16 oktyabr 1992-ci il tarixli sayında çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin ziyalıların bu tarixi müraciəti, əslində bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının taleyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev Vətənin dar günündə xalqın imdad, kömək istəyinə səs verdi.

Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük tarixi məsuliyyəti üzərinə götürməkdən çəkinmədiyini, cəsarətli, qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən ümummilli lider Heydər Əliyev vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "O, qeyd edirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550 nəfərə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis qurultayı keçirildi, ulu öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.

Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün 30 il şərəfli yol keçən, qələbələr partiyası olan, ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycana rəhbərlik edən ölkə Prezidenti cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında 800 mindən artıq sağlam düşüncəli insan birləşir. 30 ildir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir və ötən bu illərdə ölkəmizdə bütün sahələr inkişaf etmişdir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra YAP hakim partiyaya çevrildi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında birləşərək bu vəzifələrin hər birinin reallaşmasına ciddi səy göstərdi.

Bu gün Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələridir. YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanması bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də, ölkə başçısının hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ildən-ilə xalq-iqtidar birliyinin sarsılmazlığının göstəricisidir. Sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə, müvəffəqiyyətlə həyata keçirilir.

Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır". Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir". Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illər ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq: "Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik".

Bu gün Yeni Azərbaycan Partiyasının təmsilçilərinin 40 faizini gənclər təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Belə ki, Yeni Azərbaycan Partiyası son parlament və bələdiyyə seçkilərində zəngin seçki təcrübəsinə əsaslanaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırıb. Bir sözlə, YAP Gənclər Birliyi ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olaraq onların cəmiyyətdə fəal və təşəbbüskar rolunu dəstəkləyir. Çünki gənclərin potensialından ölkəmizin inkişafı naminə bəhrələnmək üçün təkcə intellektual imkanlar, bilik və bacarıqlar kifayət deyil. Eyni zamanda, həmin potensialın sərgilənə bilməsi üçün gənclərə münbit şəraitin yaradılması, onlara meydan verilməsi çox vacib məsələdir. Bu gün Azərbaycanda YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir.

Çox sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi ilə partiyanın Quba rayon təşkilatının yaradılması tarixi arasında çox az zaman kəsiyi olmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhərində təsis edildikdən sonra bu qərarı dəstəkləyən və səs verən ziyalılar sırasında Quba ziyalıları da xüsusi yer tutur. Həmin dövrdə rayonda Xalq Cəbhəsinin meydan suladığı bir vaxtda Quba ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək partiyanın rayon təşkilatının yaradılmasına hazırlıq işlərini görməyə başlamış və 1992-ci ilin dekabrında təşəbbüs qrupu yaradılmışdır. 1993-cü ilin yanvar ayının 16-da respublikanın rayonları arasında 2-ci olaraq Quba rayonunda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradıldı. Bu gün artıq fəxr və inamla deyə bilərəm ki, YAP Quba rayon təşkilatı sağlam düşüncəli, möhkəm əqidəli cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 9540 nəfərdən artıq partiya üzvünü öz ətrafında birləşdirib. Partiya üzvlərinin 4020 nəfərini qadınlar, 1305 nəfərini 18-35 yaşlı gənclər təşkil edir.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı partiyanın proqram və nizamnəməsinə uyğun olaraq fəaliyyət göstərir. Belə ki, təşkilatımız tərəfindən partiyanın sıralarına ən layiqli, partiya işinə və ideyalarına sadiq, etibarlı şəxslərin cəlb edilməsinə, yerlərdə ideoloji, təbliğat-təşviqat işlərinin gücləndirilməsinə diqqət artırılmışdır. 2022-ci ilin 9 ayı ərzində partiya sıralarına 500 nəfərdən artıq üzv qəbul edilmişdir. Onlardan 142 nəfərini qadınlar, 147 nəfərini 18-35 yaşlı gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı rayonda həyata keçirilən ictimai-siyasi tədbirlərdə, iqtisadi-sosial problemlərin həllində yaxından iştirak edir.

Yeni Azərbaycan Partiyası böyük uğurların müəllifidir. Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və müzəffər, rəşadətli Azərbaycan Ordusunun yüksək qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsində Böyük Zəfər qazanıldı. İndi işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işləri aparılır. Bu şərəfli missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri, bütün qubalılar möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, onun apardığı siyasəti dəstəkləyirik.

YAP həmişə ölkəmizdə cəmiyyətdə gedən bütün proseslərin önündədir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin söylədiyi kimi: "YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq".

Fidan HÜSEYNOVA,

YAP Quba rayon təşkilatının sədri.