Zəfər Gününün təntənəsi
Region

Zəfər Gününün təntənəsi

44 günlük Vətən müharibəsi noyabrın 8-də mədəniyyət paytaxtımız, baş tacımız Şuşanın azad edildiyi gün həlledici mərhələyə çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla İkinci Qarabağ savaşının başa çatması rəsmi şəkildə təsdiqləndi. Həmin tarixi gün artıq iki ildir ki, böyük təntənə ilə qeyd olunur, silsilə tədbirlərlə müşayiət edilir. Bölgələrimizdə də bayram tədbirləri keçirilir. Müxbirlərimizin rayon tədbirlərindən hazırladıqları materialları oxucularımıza təqdim edirik.

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı baş tutub. Konsert proqramı Heydər Əliyev Park-Kompleksində "Zəfər Tağı"nın önündə gerçəkləşib. Əvvəlcə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub. Böyük izdiham və coşqu ilə qarşılanan konsert proqramında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsertdə tamaşaçılara Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rövşən Məmmədov, Əli Məmmədov, İlham Qasımov, baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə "Xəmsə" rəqs ansamblı və "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı biri-birindən maraqlı nömrələr təqdim edib. Sonra isə Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva, tanınmış müğənnilər Çinarə Məlikzadə, Azəri qızı Günel, Tunar Rəhmanoğlu gözəl ifalarla çıxış ediblər. Konsert proqramı zamanı müasir səhnədə quraşdırılmış ekranda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra üzərində işğaldan azad olunmuş ərazilərimizin adları əks olunan şarlar havaya buraxılıb.

 Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Mingəçevir

8 Noyabr - Zəfər Gününə həsr edilmiş idman yarışlarına yekun vurulmuşdur. Yarışlar idmanın şahmat, voleybol, basketbol, kikboksinq, vətənin müdafiəsinə hazıram çoxnövçülüyü üzrə təşkil olunmuşdur. Bununla əlaqədar olaraq Mingəçevir Şəhər Stadionunda təntənəli mərasim keçirilmişdir. İlk öncə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Mərasimi giriş sözü ilə şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli açaraq idmançılara uğurlar arzuladı. Yarışın gedişi və yekunları haqqında qısa məlumat verdi. Sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən söz açdı. Gənclər və İdman İdarəsinin həyata keçirdiyi idman proqramlarının şəhər əhalisi tərəfindən razılıqla qarşılandığını bildirərək, bütün bunların şəhər icra hakimiyyətinin tədbirlər planının bir hissəsi olduğunu diqqətə çatdırdı. İdman yarışlarında fəallıq göstərən, uğur qazanan, təşkilati işlərdə əməyi hər kəsə təşəkkürünü bildirdi. Sonra qaliblərə mükafatlar təqdim olundu.

***

Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində Zəfər Günü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Kampaniyada Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatı sədrinin müavini və fəalları, ictimaiyyət nümayəndələri ilə yanaşı, mətbuat işçiləri də iştirak edirdilər. Ümumən şəhər üzrə 1200 ədəddən çox müxtəlif növ ağac tingləri əkilib.

Xüsusilə Zəfər Günü münasibətilə salınmış istirahət zonasında əkilən ağacların sayı daha çox idi. Tədbirdə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi kollektivinin, Tibb Kollecinin müəllim və tələbələrinin iştirakı daha çox diqqəti cəlb edirdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın uzun illərdən qalmış həsrətinə son qoyub. Zəfər bayramı ərəfəsində şəhərdə keçirilən hər bir tədbir, görüş və diskussiyalar torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizə olan ehtiramdır. Bu qələbə Azərbaycanın nüfuzunu dünyada artırmaqla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli bir sərkərdə olduğunu da nümayiş etdirib. Hər bir Azərbaycan vətəndaşı fərəhlənir ki, dövlətimiz qalibdir, inanır ki, tezliklə azad olunan ərazilərdə həyat yenidən başlayacaq, bu yerlərdə də yaşıllıq zolaqları, park və xiyabanlar salınacaqdır.

Şirvan

Zəfər Günündə Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər,  Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, "Dəmir Yumruq", "Qarabağ mənzərələri", "Şuşa qalası", Vətən müharibəsinin rəmzinə çevrilmiş "Xarıbülbül", Şirvan şəhərindəki "Zəfər Abidəsi" və s. mövzular əhatə olunub.

Daha sonra tədbir iştirakçıları Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etdilər.  Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucalan "Şəhid Anası" memorial abidə-kompleksi ziyarət olundu.

***

Vətən müharibəsində qazandığımız Şanlı Zəfərin 2-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan Şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan Şəhər Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə şəhər məktəblilərinin 44 günlük Vətən müharibəsinin şərəfli anlarını özündə əks etdirən əl işləri və Şirvan Kimya-Biologiya Təmayüllü Liseyin STEAM mərkəzinin şagirdlərinin robototexnika və mühəndis dizayn bacarıqlarından istifadə edərək hazırladıqları robotlar nümayiş olundu. Zəfər Gününə həsr olunmuş tədbir Mədəniyyət Mərkəzinin akt zalında davam etdirildi.

Goranboy

Goranboyda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə, təşkilat və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. İlk öncə, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış əzəmətli abidəsi ziyarət olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd edib ki, işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda, 2020-ci il sentyabrın 27-dən başlayan və böyük Zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Rayon rəhbəri, bu şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, möhtəşəm Qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və şəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb. Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və məktəblilərin ifasında ədəbi-bədii proqram, gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi və digər sənət nümunələri nümayiş etdirilib.

Hacıqabul

Hacıqabul şəhər istirahət parkında Zəfər Gününün ikinci ildönümü qeyd edildi.

8 Noyabr - Zəfər Günü bütün ölkə ərazisində olduğu kimi, Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd olundu. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, millət vəkili Rafael Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak etdilər.

Tədbirdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın "Dəmir yumruğu" ətrafında birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıldı.

Tədbir Sabirabad Regional Mədəniyyət İdarəsinin və Hacıqabul Rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş Zəfər Günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan!" adlı geniş konsert proqramı ilə davam etdirildi.

 Saatlı

Saatlı rayonunda Zəfər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbir ümummilli lider Heydər Əliyevin Saatlı Şəhər Mərkəzində yerləşən abidəsini, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin abidə-xatirə kompleksini ziyarət etməklə başlandı.

Mədəniyyət Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində rayon icra hakimiyyətinin başçısı, şəhid ailələri, qazilər və müharibə iştirakçıları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasında misilsiz xidmətlərindən, Azərbaycan xalqının bir yumruq kimi onun ətrafında birləşməsindən fəxarətlə danışdılar, daim ölkə Prezidentinin yanında olacaqlarını birdirdilər. Tədbir məktəbli şagirdlərin vətənpərvərlik mövzularına həsr olunmuş şeir və rəqs nümunələri, rayonun mədəniyyət kollektivlərinin musiqi nömrələri ilə davam etdirildi.

 Göygöl

44 günlük Vətən müharibəsi xalqımızın ən yeni tarixi, şərəf müjdəli Zəfər tarixidir. Bu tarix hər birimizin qəlbində, ruhunda boy atmaqla gələcək nəsillərimiz üçün ən böyük örnək və qürur mənbəyimizdir. Bu günü bizə yaşadan Vətənimizin mərd oğulları öz qanları və canları hesabına Zəfər tarixinin ən yüksək pilləsində olaraq şəhadətə yüksəliblər.

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl şəhər "Qələbə" parkında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Konserti" adlı tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Abdulla Qurbani, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Göygöl rayon ictimaiyyəti və rayona gələn qonaqlar iştirak ediblər. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbirdə çıxış edərək, xalqımızı bayram münasibətilə təbrik edib. Qeyd edib ki, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ - Vətən müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida" ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.

Tədbirdə respublikanın tanınmış musiqiçilərinin ifası ilə konsert proqramı təqdim olunub.

 Cəbrayıl

Cəbrayıl Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış "Şəhidlər" abidə-kompleksində şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onlara dərin ehtiramlarını bildirdilər.

Sonra tədbir ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında dedi ki, Qarabağın tacı olan Şuşamızın azad edilməsi tam qələbəmizi müjdələyən zəfər idi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Bayram tədbiri rayonun ümumtəhsil məktəblərinin və mədəniyyət işçilərinin Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə davam etdirilib, konsert proqramı ilə sona çatdı.

 Kürdəmir

Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun şəhər 5 saylı tam orta məktəbində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışının final mərhələsi keçirildi.

Rayonun 45 tam orta məktəbinin komandaları arasında keçirilən Zəfər kubokunda yarımfinallarda birinci, ikinci yerləri tutan komandalar finalda oynamaq hüququnu qazanıblar. "Zəfər Kuboku"nun final mərhələsində olduqca maraqlı keçən yarışda düzgün cavab sayına görə ən çox xal toplayan T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin "Birlik" komandası I yerə, M.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəbin "Qarabağ" komandası II yerə, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin "Qoşqar" komandası isə III yerə layiq görüldülər. Məktəblilərin təltifetmə mərasimində şəhid ailələrinin üzvləri də iştirak etdilər.

Yarışda qələbə qazanan komandalar təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırıldılar.

Naftalan

Dünyanı heyran qoyan Müzəffər Ordumuzun cəbhədəki uğurlarının başlıca səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və bundan yaranan milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Vətən müharibəsinin başlanması ilə respublikamızın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərindən də neçə-neçə vətənpərvər gənc haqq savaşına qoşularaq Vətən müharibəsində qəhrəmanlıqla iştirak etdi. Onlardan 4 nəfəri qəhrəmancasına şəhid oldu.

8 Noyabr - Zəfər Günü münasibətilə Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, GRMİ-nin rəisi, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

İlk öncə, Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib. Daha sonra tədbir iştirakçıları rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə naftalanlı Vətən müharibəsi şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri də nümayiş olunub.

Tədbir şəhər icra hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramı ilə davam etdirilib.

Sabirabad

Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirin təşkil olunduğu Sabirabad rayonunun mərkəzi meydanına öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildi, daha sonra kollec tələbələri tərəfindən fləşmob nümayiş olundu.

Fləşmobda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "2907" və Vətən müharibəsində Sabirabad rayonundan şəhid olan qəhrəmanlara həsr olunmuş "45" kompozisiyaları yaradıldı.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Jalə Sadıqova çıxış edərək Vətən müharibəsinin xalqımıza əbədi olaraq qürur mənbəyi bəxş etdiyindən söz açdılar.

Şəmkir

Şəmkir rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

İcra başçısı və tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Memorial Abidə-Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səslənməsi ilə açıq elan olunan tədbirdə Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Şanlı Azərbaycan ordusunun qazandığı Zəfərin əhəmiyyətindən danışıb.

İcra başçısı bildirib ki, məhz bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazandığını dünyaya bəyan etdi.

Çıxışının sonunda icra başçısı rayon icra hakimiyyətinin təşəbbüsü, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir Rayon Sektorunun təşkilatçılığı ilə keçirilən "Zəfər Yolu" inşa və rəsm müsabiqəsinin qaliblərinə, eyni zamanda "Zəfərin mübarək, Ana Vətən" qısametrajlı filmin çəkilişində iştirak edən Düyərli kənd tam orta məktəbinin 7a sinif şagirdlərinə, filmin ssenari müəllifinə RİH başçısının Fəxri Fərmanını təqdim edib.

Tədbir Şəmkir Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış rəngarəng konsert proqramı ilə davam etdirilib.

“Respublika”.