İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançımız parapauerliftinq üzrə qalib olub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parapauerliftinq üzrə Açıq Avropa Çempionatı keçirilib.

Parapauerliftinq üzrə milli komandamızın üzvü Zəhra Dadaşova 50 kiloqram çəki dərəcəsində böyüklər arasında Açıq Avropa Çempionatının, eyni zamanda, Regional Avropa Çempionatının qalibi olub.

Zəhra Dadaşovanın ən yaxşı nəticəsi 66 kiloqram, ümumi göstəricisi isə 126 xal olub.

 

Stolüstü tennisçilərimiz 5 mükafat qazanıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turnirinə yekun vurulub. Yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkədən idmançıların qatıldığı turniri 5 mükafatla başa vurub.

11 yaşadək tennisçilərin turnirində Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb. 15 yaşadək idmançıların turnirində isə tennisçimiz Mərziyyə Nurmətova final görüşündə rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.

Yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

 

Karateçilərimiz turniri 3 medalla başa vurublar

Karateçilərimiz Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turnirini 1 qızıl, 2 bürünc olmaqla, 3 medalla başa vurublar.

Millimizin üzvlərindən Fidan Teymurova (50 kq, “Qara Qaplan” klubu) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olub.

Mədinə Sadiqova (55 kq) və Nuran Rzazadə (67 kq, hər ikisi “Qara Qaplan”) isə Dünya Karate Federasiyasının (WKF) mötəbər turnirini üçüncü pillədə başa vurublar.

Gimnastlarımız Tbilisi Gimnastradasında uğurla çıxış ediblər

Gürcüstanda gimnastika hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib.

Yarışda ölkəmizi Zirə “Eko Park”, “Ay işığı” və “Alov” komandalarının tərkibində 40 idmançı təmsil edib. On dörd komandanın iştirakı ilə keçirilən Gimnastradada hər üç komandamız uğurla çıxış edərək birinci pillədə qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.