DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN BEYNƏLXALQ DİPLOMATİYADAKI ƏSAS ROLU AÇIQLANIB

Türkiyə xarici siyasətində balansı qoruyur və bu prinsipə əməl etməyə davam edəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ictimai-siyasi forumda çıxışı zamanı bildirib.

Məlumata əsasən, dövlət başçısı, belə siyasətin uğurlu nümunəsi kimi taxıl sövdələşməsinin bərpasını göstərib.

Ərdoğanın sözlərinə görə, Türkiyə sülhsevər siyasəti ilə beynəlxalq diplomatiyada əsas rol oynayır: “Bunu təsdiqləyən mühüm nümunə taxıl böhranının həlli və taxıl dəhlizinin işinin bərpasıdır. Bu proses Rusiya prezidenti Vladimir Putin, Ukrayna dövlət başçısı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreş ilə balanslaşdırılmış münasibətlərimiz sayəsində reallaşıb.

Xatırladaq ki, noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verildikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib. Eyni zamanda, Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.

 

UKRAYNAYA SİLAH TƏDARÜKÜNƏ NƏZARƏTLƏ BAĞLI QƏRARGAH YARADILIR

ABŞ Ukraynaya yardımı koordinasiya etmək və uzunmüddətli perspektivdə silah təchizatına nəzarət üçün Almaniyada təhlükəsizlik qərargahı yaradacaq. “Report” xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqh bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, Ukrayna Təhlükəsizliyinə Yardım Qrupu adlandırılacaq xüsusi qərargah Avropa Qüvvələr Komandanlığının rəhbərliyi altında Almaniyanın Visbaden şəhərində yerləşəcək və səyləri əlaqələndirmək üçün lazım olacaq.

Eyni zamanda, Sabrina Sinqh əlavə edib ki, yeni qərargah ABŞ-a uzunmüddətli perspektivdə Ukraynaya dəstəyini davam etdirməyə kömək edəcək.

“Ukrayna Təhlükəsizliyinə Yardım Qrupu yeni missiya deyil, bu, prosesi idarə etmək üçün daha səmərəli və sadələşdirilmiş üsuldur. Bu, 18-ci Hərbi Hava Qüvvələrinin artıq bölgədə gördüyü işlərin davamıdır. Qrup qısa və uzunmüddətli perspektivdə Ukraynaya yardımı davam etdirmək üçün məntiqli bir yoldur”, - deyə ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.

 

BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ YENİ STRATEGİYASINI AÇIQLAYIB

“Dövlət vətəndaşların bütün problemlərini həll edə bilməz”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak “The Times” qəzetinə müsahibəsində bəyan edib.

Baş nazir dövlət büdcəsindəki 50 milyard funt-sterlinq (təxminən 57,3 milyard dollar) kəsiri ödəmək üçün vergiləri artırmaq niyyətindədir.

“Əmin olmalısınız ki, bir iş görəndə bunu ləyaqətlə edirsiniz və insanlara qarşı dürüst olursunuz”, - deyə Rişi Sunak vurğulayıb.

Eyni zamanda, baş nazir qeyd edib ki, inflyasiya ilə mübarizə onun siyasətinin prioritet istiqamətlərindən biridir.

Bundan əlavə, "The Times” qəzetinin yazdığına görə, Rişi Sunak sabiq baş nazir Liz Trassın qarşı çıxdığı neft-qaz şirkətlərinin gəlirlərini artırmaq niyyətindədir.

 

FRANSADA ƏRZAQ QITLIĞI MÜŞAHİDƏ OLUNUR

Oktyabr ayında Fransada supermarket və hipermarketlərdə ərzaq məhsullarının qıtlığının səviyyəsi 5,8 faiz artıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. “Report”un məlumatına görə, bu barədə “NielsenIQ” şirkətinin araşdırmasında qeyd olunur.

Verilən xəbərə görə, hazırda Fransa vətəndaşları üçün müxtəlif qida məhsulları əlçatmazdır.

“Qida kateqoriyasındakı fərq 2021-ci ilin oktyabr ayı ilə müqayisədə iki bənd artıb ki, bu da sentyabr ayından bəri müşahidə edilən ən güclü artımdır”, - deyə şirkətin açıqlamasında vurğulanır.

Xatırladaq ki, oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makron ölkə vətəndaşlarını güclənən enerji böhranı fonunda əvvəlki həyat səviyyəsini saxlamaq üçün daha çox çalışmağa çağırıb.

 

İRANDA ETİRAZ AKSİYALARI DAHA DA ŞİDDƏTLƏNİB

İranın sünnilərin üstünlük təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Həş şəhərində keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı artıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə sünni din xadimi Mövləvi Əbdülhəmid İsmayılzehi məlumat verib.

Eyni zamanda, din xadimi ölənlərlə yanaşı onlarca yaralının olduğunu da bildirib. Təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiqini tənqid edən din xadimi deyib: “Həş şəhərindəki regional adiministrasiyanın binası qarşısına toplaşan izdiham şüarlar səsləndirib və binaya daş atıb. Təhlükəsizlik qüvvələri atılan daşlara odlu silahlardan atəş açaraq cavab verib”.

İsmayılzehi əlavə edib ki, Həşdə azı 16 nəfər həlak olub. “Sistan-Bəlucistan əyalətində polisin münasibətinin digər əyalətlərdən niyə fərqli olduğu məlum deyil. Bu dövlətdə insanlar amansızcasına öldürülür. Dünən - qanlı cümə günü Zahidan şəhərində, bu gün isə Həşdə baş verən qanlı fəlakət zülm və ayrı-seçkiliyin ölçülərini ortaya qoyur. Mən bu faciəni qınayıram. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm”, - deyə Mövləvi Əbdülhəmid İsmayılzehi vurğulayıb.

 

BVF-DƏN QLOBAL ÜDM-IN AZALACAĞI İLƏ BAĞLI XƏBƏRDARLIQ

Dünyada ticarətin ayrı-ayrı bloklara parçalanması səbəbindən qlobal ümumi daxili məhsul ildə 1,5 faiz azalacaq. Eyni zamanda, Asiya və Sakit Okean ölkələrində iqtisadiyyatların tənəzzül tempi iki dəfə yüksək olacaq. “Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bəyan edib.

BVF rəhbərinin sözlərinə görə, qlobal iqtisadiyyatın bir neçə bloka bölünməsindən ən çox ziyan çəkən Asiya ölkələri olacaq: “Buna səbəb bu regionda ticarətin aparıcı rolu ilə bağlıdır. Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının mərkəzi rolunu nəzərə alaraq dünya ticarəti ilə bağlı açıq yanaşma tərzi qorunmalıdır”.

Xatırladaq ki, oktyabrın 10-da Kristalina Georgiyeva bildirib ki, 2023-cü ildə tənəzzül qlobal ÜDM-in cəmi üçdə birini təşkil edən ölkələri təhdid edir. Eyni zamanda, 2026-cı ilə qədər qlobal iqtisadiyyatın ümumi itkiləri 4 trilyon dollara çatacaq.

 

ŞİMALİ KOREYAYA GÖRƏ 80 DÖYÜŞ TƏYYARƏSİ HAVAYA QALDIRILDI

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı sərhəd bölgəsi yaxınlığında Şimali Koreyaya aid döyüş təyyarələrinin aşkarlanmasından sonra cavab olaraq 80 hərbi təyyarənin havaya qalxdığını açıqlayıb.

“Teleqraf.com”un verdiyi xəbərə görə, Cənubi Koreyanın bölgədə ABŞ-la birgə keçirdiyi təlimlərə ard-arda raket sınaqları və artilleriya atışları ilə cavab verən Şimali Koreya Vaşinqton-Seul ittifaqını qorxutmaq üçün bu dəfə döyüş təyyarələrini havaya qaldırıb.

Baş Qərargahdan verilən açıqlamada iki ölkə arasındakı hərbi sərhəd xəttinin şimalına uçan 180 Şimali Koreya döyüş təyyarəsinin təsbit edildiyi bildirilib. Seulun buna cavab olaraq “F-35” qırıcıları da daxil olmaqla 80 təyyarəni havaya qaldırdığı vurğulanır.

ABŞ və Cənubi Koreya son 5 ilin ilk genişmiqyaslı birgə hava təliminə oktyabrın 31-də başlayıb. Təlimə iki ölkədən 240 döyüş təyyarəsinin qatıldığı açıqlanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.