Bəşəriyyətin təkamülü prosesləri  və ya  dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri  və ya  dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Çingiz xanın Asiyanı fəth etməsi"ni oxuculara təqdim edirik.

“Respublika”.

Çingiz xanın Asiyanı fəth etməsi

Dünya tarixində elə şəxsiyyətlər olub ki,  zaman-zaman gördükləri böyük işlər və əməlləri ilə tarixin axarını dəyişdirərək bəşəriyyətin təkamülü prosesində böyük rol oynayıblar. Belə şəxsiyyətlərdən biri də Monqol imperiyasının qurucusu Çingiz xandır.

Bəşər tarixində Çingiz xan kimi fitri istedada, dərin düşüncə və qabiliyyətə, güclü iradəyə, əhatəli biliyə malik sərkərdə, bəlkə də olmayıb. Demək olar ki, bütün dünyanı fəth edən bu nəhəngi tarixçilər Yuli Sezar, Makedoniyalı İskəndər və Napoleon Bonapartla müqayisə edərək üstünlüyü məhz ona - Çingiz xana verirlər.

İnsanlıq tarixində ən əzəmətli döv

lət olan Böyük Monqol imperiyasının əsasını qoyan Çingiz xan öz uzaqgörənliyi və özünəməxsus döyüş taktikası, siyasəti  ilə  dünya tarixinin gedişatını dəyişdirib. Tarixdə yeganə sərkərdədir ki, Asiyanı tam olaraq fəth edib və bütün torpaqları vahid bayraq altında birləşdirməyi bacarıb.

Dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan, misilsiz və əzəmətli hərbi qabiliyyətə malik olan Çingiz xan tarixin yetişdirdiyi, əsrlərdən bəri yaşayan şəxsiyyət, böyük sərkərdə olub. Çingiz xan hərbi dühası, inadlı mübarizəsi, hünəri və zəkası sayəsində dövrünün ən qüdrətli və güclü monqol ordusunu yaradıb. Onun apardığı müharibələr illərlə çəkmiş, ancaq Çingiz xan ağlı və qılıncı ilə yeni torpaqlar fəth etməyi, adını tarixə yazdırmağı bacarıb. O, apardığı zəfər yürüşləri ilə dünyanın ən geniş ərazisini fəth etmiş fateh kimi cahan tarixində bütöv bir fəsil və dövr əmələ gətirmişdir. Monqol hücumlarına məruz qalmış ölkələrin tarixində bu dövr dərin iz buraxmış, onların tarixinin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Monqolların "ən qüdrətli xanı" 1162-ci ildə Onon çayı sahillərində doğulub. Körpə doğulanda ona Temuçin, yəni "dəmir kimi möhkəm" adı verilir. Çingiz xan adı isə ona 1206-cı ildə monqol tayfalarının lideri seçilərkən "qurultay"da verilib. Xan sözü "hökmdar", "yüksək rütbə" anlamına gəlir. Çingiz adının mənası isə bəzi mənbələrdə "okean", digərlərində "haqq-ədalət" mənasını daşıyır.

1206-1227-ci illər ərzində Böyük Monqol imperiyasına  hökmdarlıq etmiş   Çingiz xan dünyanın 31 milyon kvadratkilometrədək ərazisini fəth edib. Tarixdə heç bir sərkərdə bu rəqəmi yeniləyə bilməyib. Avropa və Asiyadan keçən ərazilərdə qanlı döyüşlər apararkən  saysız-hesabsız qurbanlar verən, ən qəddar fatehlərdən biri kimi tanınan Çingiz xan bütün bunlara baxmayaraq, monqol mədəniyyətini təkmilləşdirib, xalqına dini azadlıq bəxş edib, eləcə də Şərq və Qərblə münasibətləri qaydasına salıb.

Temuçin hələ kiçik yaşlarından həyatın acılarına qatlaşmış, doğulduğu quraqlıq ərazilərin çətinliyinə tab gətirmişdi. 9 yaşında ikən tatarlar atasını zəhərləyib öldürür, bir müddət sonra isə birgə yaşadığı qəbilə anası və bacı-qardaşları ilə birgə onu alaçıqlarından qovurlar. Yalnız yaşamaq məcburiyyətində qalan ana və uşaqlarının güzəranı birə-beş ağırlaşır. Tez-tez balıq ovuna gedən balaca Temuçin hətta yeməyini oğurladığı üçün ögey qardaşını amansızcasına öldürür. Yeniyetməlik dövründə isə özü və arvadı müxtəlif dəstələr tərəfindən tez-tez qaçırılırlar. Bir müddət əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb, oradan qaçır və azadlığına qovuşur. Nəhayət, 1120-ci illərdə isə özünü cəsur döyüşçü, güclü sərkərdə kimi tanıda bilir.

Əvvəlcə Oyrat və Yenisey qəbilələrindəki qırğızları özünə tabe edən Çingiz xan bu uğurundan sonra Beşbalıq və Qansu Uyğur dövlətlərini Monqol imperiyasına birləşdirir. 1211-1212-ci illərin qışında Çin dövlətinin məğlubiyyəti və Pekinin ələ keçirilməsi Çingiz xanın beynəlxalq arenada nüfuzunu artıran hadisələrdən olur. Ancaq onun dövlətini  dünyanın ən böyük imperiyasına çevirən səbəb isə qərb ekspedisiyasıdır.

Öncə Çinin şimal-qərbində məskunlaşan  tanqutları özünə tabe edən Çingiz xan sonra  bu ərazini işğal edir. Daha sonra isə 1211-ci ildə güclü Tszin imperiyasını tutur. 1213-cü ildə o, Pekinə çatır. Pekinin həqiqətən nəhəng və qorxunc müdafiəsi ilə üz-üzə gələn Çingiz xan şəhəri mühasirəyə alaraq məğlub edir. 1215-ci ildə   Pekin təslim olur. Bunun ardınca başlanmış qarət isə Çin tarixində ən dağıdıcı hadisələrdən biridir.

1219-cu ildə  Çingiz xanın orduları oradan qərbə, İrana doğru hərəkət edir. Qeyd edək ki, məhz Çingiz xanın hakimiyyəti illərində indiki İran adlanan ərazidə türk dövləti Xarəzmşahlar imperiyası mövcud idi. Həmin dönəm Çini özünə tabe edən Çingiz xan yeni əraziləri işğal etməyə hazırlaşırdı. Bundan qorxuya düşən Xarəzmşahlar Çingiz xanla dostluq əlaqələri qurmağa çalışdılar və buna nail oldular. Lakin  450 nəfərlik monqol ticarət karvanı o dövrün ən bahalı mallarını İslam ölkələrinə aparmaq üçün yola düşərkən Otrar şəhərində hücuma məruz qaldı. Şəhər valisi Qayır xan tacirlərin hamısını öldürtdü. Çingiz xan Xarəzmlərə elçi göndərərək Otrar valisi Qayır xanın təslim edilməsini istədi. Lakin elçilər də qətlə yetirildi. Tarixə "Otrar fəlakəti" kim düşən bu olay monqolların İslam ölkələrinə hücumlarının başlamasına səbəb oldu.

Bu olaydan hiddətlənən Çingiz xan 1220-ci ildə Xarəzmşahlara qarşı dağıdıcı bir yürüş başlatdı. Önünə çıxan hərbi birlikləri bir-bir məhv edən monqol ordusu Otrarı, Səmərqəndi, Buxaranı qısa müddətdə tutdu və minlərlə Xarəzm döyüşçüsünü qılıncdan keçirdi. 1220-ci ilin avqustunda Rey və Tehranı, sentyabrda Həmədanı, oktyabrda Ərdəbili, Zəncanı, Sərabı ələ keçirərək alt-üst etdi.

Ən ağır il isə 1221-ci il olur. Xaqanın digər ordularının şərqin torpaqlarını tutduğu bir vaxtda o, Gürcüstanın paytaxtı Tiflisi zəbt edərək xristian dünyasını təşvişə salır.

Xarəzmin məhvindən sonra isə Çingiz xanın əmri ilə hərəkətə keçən Cəbə və Subutay noyonları 40 minlik bir ordu ilə Xorasandan Azərbaycana girərək Qafqazda alan, çərkəz və ləzgiləri məğlub edirlər. 1223-cü ildə isə  monqolların  təhdidinə qarşı birləşən rus-qıpçaq ordusunu  Kalka çayı üzərində məğlub edən fateh daha sonra Suğdakı qarət edir. 

1225-ci ildə böyük bir müvəffəqiyyət və qənimətlə Monqolustana qayıdan Çingiz xanın son yürüşü Tanqutlara qarşı olur və onları məğlub etdikdən sonra vəfat edir.

Vəfatından öncə bütün Çini ələ keçirməyi qarşısına məqsəd qoyan fateh Tanqutlardan sonra Çin dövlətinə  hərbi  səfər etməyi düşünürdü, amma ömrü buna yetmədi. Beləliklə, monqollar arasında sosial tarazlığın tənzimlənməsi və dövlət təşkilatının sarsılmaz qanunlarının qəbul edilməsində böyük rol oynayan Çingiz xan  dünya tarixinin gedişatını dəyişdirən liderlərdən biri kimi tarixdə silinməz iz buraxdı.

Ümumilikdə Çingiz xanın müharibələrində 37,5 milyon insanın tələf olduğu bildirilir. Tarixçilər hesab edirlər ki, monqol ordusunun bütün fəthləri boyu 40 milyon insan öldürülüb. Hətta əlyazmalarda Çin əhalisinin sayının birdən-birə kəskin şəkildə azaldığı da qeyd olunur.  Xarəzmilərlə müharibə zamanı isə İran əhalisinin böyük hissəsini qılıncdan keçirdiyi də tarixi faktdır. Bir sözlə, Çingiz xan ordusu dünya əhalisinin 11 faizini yer üzündən silib.

Digər imperiya qurucularından fərqli olaraq, Çingiz xan fəth etdiyi ölkələrin mədəniyyətlərinə, dinlərinə böyük hörmətlə yanaşırdı. Hətta rəngarəng adətlərə mənsub olan dövlətlərin vergilərinə güzəşt edirdi. Bu, özü də siyasi addım idi. Axı öz dinində, mədəniyyətində xoşbəxt olan insanı yola gətirmək daha asandır. Elə monqol qəbilələrində də dini tolerantlıq  mövcud idi. Çingiz xan özü və tərəfdaşları şamanizmə inam gətirdikləri bir dövrdə, digər monqol qəbilələri qatı xristian, buddist, müsəlman və digər dinlərdən idilər.

Dünya tarixində silinməz iz qoymuş böyük hökmdarın tarixi mənbələrdə 1227-ci ildə vəfat etdiyi qeyd edilir. Böyük hökmdarın həyatı kimi ölümü də tarixdə böyük səs-səda doğurmuşdur. Belə ki, bəzi mənbələrdə ölüm səbəbi döyüş zamanı atdan yıxılması, digər mənbələrdə isə malyariya xəstəliyi göstərilir. Çingiz xanın həyatının son anlarınadək harada olması, hətta cənazəsinin harada basdırılması xalqdan gizlədilib. Deyilənə görə, bu haqda məlumat əldə edən şəxslər də edam edilib. Odur ki, qəbri indiyədək bilinməyən hökmdarın harada basdırıldığı məlum deyil. SSRİ dövründə bu xalqın milli-mənəvi dəyərlərini məhv etmək üçün onun adını anmaq belə qadağan olunmuşdu. Lakin  bu gün Çingiz xan  monqol xalqının milli qəhrəmanı və qürur mənbəyidir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".