Energetika: Xidmət abonentləri razı salır
MÜSAHİBƏLƏR

Energetika: Xidmət abonentləri razı salır

Bu gün Azərbaycanda enerji sektorunda müsbət dəyişikliklər müşahidə olunur. Dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Son illər respublikamızın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması istiqamətində təqdirəlayiq işlər görülür. Ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə və dünya standartları səviyyəsinə çatdırılmasına maksimum səy göstərilir. Hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, həm də elektrik enerjisi ixracatçısıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 7 il öncə "Azərişıq" Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklər ordusu var. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilir, qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur. "Azərişıq" ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xətai rayonunda son illər müsbət irəliləyişlər nəzərə çarpır, xidmət işi abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla aparılır.

Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Şahin Qədimli ilə ərazidə görüşdük. Birlikdə onun iş otağına qalxdıq. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Rayonun ərazisində elektrik enerjisi istehsalında əhəmiyyətli həcmdə artım müşahidə olunur. Prezident İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: "Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu məni çox sevindirir. Bu onu göstərir ki, "Azərenerji" və "Azərişıq" bu istiqamətdə çox böyük işlər görür...".

Hazırda Xətai rayonunun ərazisində əhali sektorunda 121500, qeyri-əhali sektorunda 7100 abonent vardır. Energetiklər hər vasitə ilə qarşıya qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirməyə çalışırlar. Energetiklərimizin birgə səyi nəticəsində cari ilin ötən 10 ayında yığım 101,4 faiz təşkil etmişdir ki, bu da qənaətləndiricidir. Rayonun A.Cəlilov, Şıxlinski, Nobel prospekti, Ağşəhər, Mehmandarov, Fəzail Bayramov və digər ərazilərində tədbirlər planına uyğun olaraq bir sıra texniki dəyişikliklər həyata keçirilmiş, görülən işlər abonentlər tərəfindən razılıqla qarşılanmışdır.

Vurğulamaq lazımdır ki, ilin 10 ayında 110 kilovoltluq yeni kabel xətti və 35 kilovoltluq xətt çəkilmişdir. Həmçinin, 6/4 kilovoltluq 4 ədəd dayaq basdırılmış və naqil çəkilmişdir.

0,4 kilovoltluq ÖİN tinli kabel xəttinin çəkilişi də uğurla başa çatdırılmışdır.

Energetiklərin birgə səyi nəticəsində ötən aylar ərzində 196 ədəd dayaq rənglənmiş, 4 ədəd TM və KTM təmir olunmuş, TM və KTM-lər çəpərlənmişdir.

Enerji Təchizatı və Satışı İdarəsində işə gənclərin qəbul olunması da diqqət mərkəzindədir. 2022-ci ilin 10 ayında 10 nəfər gənc işə qəbul olunmuşdur ki, onlardan 2 nəfəri Vətən müharibəsi qazisidir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemlərini uğurla həll etmək, tələb olunan kadr potensialını təmin etmək üçün "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə olunan və gələcəkdə istifadə olunacaq müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Xətai rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində kurslara cəlb olunur və burada xeyli təcrübə toplayırlar.

Ötən ayların uğurlu nəticələri göstərir ki, energetiklər qarşıya qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirəcək, abonentlərə göstərilən xidmət müasir tələblərə cavab verəcəkdir.

Qədir ASLAN,

"Respublika".