Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Alov püskürən robot it

Süni intellekt və robotların insanların işini əlindən ala biləcəyi məsələsi uzun müddətdir ki, müzakirə mövzusudur. Bu vəziyyətdən isə təkcə insanlar təsirlənməyəcək. Belə ki, ABŞ-ın  "Throwflame" adlı startap şirkəti kürəyində alov püskürən qurğu olan "Thermonator" adı robot itini təqdim edib.

Robot it kürəyində daşıdığı alov qurğusu ilə hadisələrə müdaxilə edə bilir. Ona quraşdırılan qurğu yanacaq kimi benzin və ya napalm (yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı) tipli maddələrdən istifadə edir. Akkumulyatoru 1 saat istifadəni təmin edən və 10 metr məsafəyə qədər alov püskürə bilən robot iti Wi-Fi və Bluetooth vasitəsilə də smartfondan idarə etmək mümkündür. Ətrafın xəritəsini çəkmək və maneələrdən qaçmaq üçün LIDAR sensorlarla təchiz edilən  robotdan vəhşi təbiətə nəzarət, kənd təsərrüfatı , ekoloji mühafizə, qar və buzdan təmizləmə üçün istifadə olunacağı bildirilir. Bundan əlavə  robot it  real dünya ssenarilərində hər şeyi yandırmaq üçün də istifadə edilə bilər. Şirkətdən verilən məlumata görə, robot it 9420 dollara satışa çıxarılacaq.

Yeni nəsil smartfonlar gəlir

Süni intellektə malik smartfonlar yavaş-yavaş həyatımıza daxil olmağa başlayır. Belə ki, 2027-ci ilə qədər generativ süni intellektin  smartfon bazarının təxminən yarısını zəbt edəcəyi ehtimal edilir. Bu, texnologiya dünyasında mühüm dönüş nöqtəsinə işarədir.

Araşdırmalara görə,  süni intellektli smartfon tədarükünün 2027-ci ildə 550 milyon ədədi ötəcəyi gözlənilir. Tədqiqatlar göstərir ki, "AI" smartfonlarının dəyəri 2025-ci ilə qədər 400-600 dollara çata bilər. Hazırda "MediaTek" və "Qualcomm"  kimi aparıcı çip şirkətləri süni intellektlə işləyən məhsuldar smartfonların başında durur. Əvvəlcədən öyrədilmiş generativ süni intellekt modellərini dəstəkləmək üçün cihazlarda irimiqyaslı bir neçə mobil hesablama platformaları təqdim edilir.

Gözləntilərə görə, bu cür qurğular mətn, şəkil, audio və digər girişləri emal edə, müxtəlif çıxışlar yarada, həmçinin səlis, fasiləsiz istifadəni təmin edə biləcək. Smartfonlarda generativ "AI"nin 2027-ci ilə qədər  artımı  süni intellektə malik cihazların şaxələndirilməsi, istifadə təcrübələrinin zənginləşdirilməsini təmin etməklə yanaşı, texnologiya şirkətləri üçün yeni imkan və innovasiya sahələri aça bilər.

"Apple" yeni süni intellekt modellərini təqdim etdi

"Apple" şirkəti öz cihazlarında istifadəsi mümkün olan "OpenELM" adlı süni intellekt modellərini təqdim edib.

Cihazda işləyəcək süni intellekt bir çox cəhətdən əlavə üstünlüklərə malikdir. Bunlardan ən əhəmiyyətlisi yüksək sürət və təhlükəsizlikdir. Şirkətdən verilən məlumata görə,  dörd çox kiçik dil modelindən ibarət olan "OpenELM" (Open Source Efficient Language Models) dil modeli e-poçt yazmaq kimi mətnlə əlaqəli tətbiqlərdə çox səmərəlidir. O, mahiyyətcə fərqli ölçü və  parametlərə malikdir. Parametrlərin sayı artdıqca modelin təlim məlumatları, mürəkkəbliyi və imkanları da artır.

Apple tədqiqatçıları "OpenELM" modellərinin təlimində dəqiqliyi və səmərəliliyi artırmaq üçün təbəqə əsaslı miqyaslama strategiyasından istifadə etdiklərini bildiriblər.

Məsələn, təxminən bir milyardlıq parametr büdcəsi ilə "OpenELM", OLMo ilə müqayisədə 2,36 faiz daha yaxşı, dəqiq nəticə göstərir. Qeyd edək ki, oxşar modellərin "iOS 18" ilə "iPhone"lara da gəlməsi  gözlənilir.

"SpaceX"in kosmik raketi uğurlu eniş edib

"SpaceX" şirkətinin "Falcon 9" adlı kosmik raketi birinci pilləsinin 300-cü uğurlu enişini reallaşdırıb. Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən start götürən raketin təxminən 8 dəqiqəlik uçuşdan sonra  birinci pilləsi Atlantik okeanında yerləşmiş xüsusi platformanın üzərinə uğurlu şaquli eniş edib.

Bu nailiyyət kosmik uçuş xərclərini azaltma və onların intensivliklərini artırma yolunda "SpaceX"in inkişaf etdirdiyi texnologiyaların nə dərəcədə vacib olduğunu sərgiləyir. Bu texnologiyalar kosmik uçuş missiyalarının effektivliyini  yüksəltməklə yanaşı, həmçinin şirkətə kosmosun müşahidəsi baxımından yeni imkanlar açır. Şirkətin səyi sayəsində eyni raket vasitəsilə daimi uçuşların reallaşdırılması praktikası artıq mütəmadi hal alır. Çox güman ki, "SpaceX"in növbəti hədəfi "Falcon 9"un birinci pilləsinin 400-cü uğurlu enişini reallaşdırmaq olacaq. Şirkətin kosmik uçuş missiyalarının hansı intensivliklərdə baş verdiyini nəzərə alsaq, o, 400-cü uğurlu enişini gözlənildiyindən daha tez reallaşdıra bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".