Əsrin faciəsi
Digər xəbərlər

Əsrin faciəsi

1994-cü il fevralın 24-də Milli Məclis 26 fevralın "Xocalı soyqırımı günü" elan edilməsi barədə qərar qəbul edib

XX əsrin əvvəllərindən başlayan erməni vəhşiliyi həmin əsrin 90-cı illərində özünün ən pik həddinə çatmışdır. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə əslində gələcəkdə baş verəcək hadisələrə fundamental təməl qoyulmuş oldu. Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmağa çalışan Ermənistan SSR Muxtar Vilayətdə keçirilən saxta seçkilərlə bu əraziləri öz tərkib hissəsinə qatmaq istəyirdi. Bakı və Moskva ilkin mərhələdə buna etiraz etsə də, sonrakı proseslərdə Ermənistana ciddi təzyiq göstərə bilmədi. "Böyük Ermənistan" xülyasının reallaşması üçün hər çirkinliyə əl atan erməni vandalları 1992-ci il fevralın 26-da Xocalı şəhərində bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımını törətdi. SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ermənilərin bu istəyinə ortaq olaraq silahsız, əliyalın və köməksiz azərbaycanlılara qanlı divan tutdu. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını, insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar, Ruanda, Xirosimo kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bu dəhşətli cinayətin üstündən otuz bir il keçməsinə baxmayaraq, soyqırımı aktının təşkilatçıları hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb və indiyənədək cəzasız qalıblar.

Xocalı faciəsinin soyqırımı kimi adlandırılması məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görüldü. İlk olaraq Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü il tarixli qərarı ilə fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etdi.

 Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisi Qaçqınlar və Xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək aşağıdakıları qərara aldı: 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və "Xocalı soyqırımı günü"nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin. 2017-ci il fevralın 24-də Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Məclisinin qərarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilirdi. Qərarda həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etmələri, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə edilməsi vəzifə olaraq göstərilirdi. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirlərin davam etdirilməsi, Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərin birləşdirilməsi tövsiyə olunurdu. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanıdılması barədə müraciətlərin edilməsi şərt kimi qarşıya qoyulurdu.

Azərbaycan dövlətinin fəaliyyəti nəticəsində artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Həmçinin Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya parlamentləri, Böyük Britaniyanın tərkibindəki Şotlandiya parlamenti Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir.

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi Bəyanatında bildirilib ki, Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətinin iştirakçılarından 39 nəfərin adları Azərbaycan Respublikasının istintaq orqanlarına məlumdur, digər iştirakçıların müəyyənləşdirilməsi üçün başlanmış cinayət işinin təhqiqi hələ də davam edir. Həmçinin Bəyanatın sonunda deyilir: Azərbaycan Respublikasının Milli Məclisi Ermənistan tərəfini Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa, beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq, suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında Azərbaycan Respublikası ilə normal qonşuluq münasibətləri qurmağa, bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan tədbirləri görməyə çağırır.

Musa BAĞIRLI,

"Respublika".