DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ UKRAYNAYA 77 MİLYARD DOLLARDAN ÇOX VƏSAİT XƏRCLƏYİB

ABŞ 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər Ukraynaya yardım üçün ümumilikdə 77,5 milyard dollar xərcləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu “The Hill” nəşri hesablayıb.

Nəşr məlumatına əsasən ki, 29,3 milyard dollar 2022-ci il fevralın 24-dən verilən hərbi yardımın, 45 milyard dollar isə “Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini bərpa etmək və humanitar böhrandan çıxmaq üçün” vəsaitlərin payına düşüb.

Bununla yanaşı, məqalədə xüsusən qeyd olunub ki, həm Ukrayna daxilində, həm də bütün regionda qaçqınlara və digər həssas qruplara humanitar yardımın bir hissəsi kimi Vaşinqton 1,9 milyard dollar ayırıb.

Eyni zamanda, “The Hill” hərbi yardımın nəyə və nə qədər həcmdə xərcləndiyini də hesablayıb. Bildirilir ki, Vaşinqton ümumilikdə Kiyevə 8,5 mindən çox “Javelin” tank əleyhinə sistemlər, 1,6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan və atıcı silahlar, o cümlədən ona 111 milyon patronu, 20 ədəd “MI-17” helikopteri, 2000-dən çox “Switchblade” və “Phoenix Ghost” pilotsuz uçuş aparatı Kiyevə tədarük etməyə razılaşıb.

 

İSVEÇİN KƏŞFİYYAT XİDMƏTİNDƏN PKK ETİRAFI

“YPG” terror təşkilatı (PKK-nın Suriya qanadı) İsveçdə maliyyələşdirilir. “Trend” agentliyinin məlumatına görə, bu barədə İsveç Kəşfiyyat İdarəsinin (SEPO) nümayəndəsi Susanna Trehörninq “SVT” telekanalına müsahibəsində bildirib.

İdarə rəsmisinin sözlərinə görə, krallıq ərazisində terrorçuların ehtiyacları üçün əhəmiyyətli məbləğlər yığılır: “Rəqəm deməyəcəm, lakin sizi əmin edə bilərəm ki, PKK terror təşkilatı ölkəmizdə özünə ciddi maliyyə vəsaiti təmin edib”.

Eyni zamanda, SEPO nümayəndəsi qeyd edib ki, idarənin terrorla mübarizə şöbəsi cinayətkarların müəyyənləşdirilməsi ilə bağlı işləri dayandırmır.

“Ötən həftə terror təşkilatının ehtiyacları üçün “xərac” toplamağa cəhd edən vətəndaş saxlanılıb”, - deyə kəşfiyyat idarəsinin nümayəndəsi əlavə edib.

 

İTALİYA BU IL CIDDI QURAQLIQLA ÜZLƏŞƏCƏK

İtaliyada qış aylarında yağıntıların az olması səbəbindən yaşanan quraqlığın qarşıdakı dövrdə milyonlarla insanın həyatına ciddi təsir edəcəyi bildirilir.

“TRT” telekanalının verdiyi xəbərə görə, İtaliyanın su ehtiyatlarından məsul “ANBI” konsorsiumunun rəhbəri Françesko Vinçenzi qarşıdakı aylarda ən azı 3,5 milyon italiyalıya su kəsintilərinin tətbiq olunacağını bəyan edib.

“İtaliyanın ən böyük çayı və əsas su mənbəyi olan Po çayında suyun səviyyəsi rekord həddə aşağı düşüb. Ölkənin şimal və mərkəz bölgələrindəki göl və çaylarda suyun səviyyəsi kəskin azalıb, Alp dağlarında qar örtüyünün hündürlüyü isə son 10 ilin orta göstəricisindən 53 faiz aşağıdır”, - deyə konsorsium rəhbəri vurğulayıb.

F.Vinçenzinin sözlərinə görə, yağıntıların azalması və dəniz suyunun çəkilməsi səbəbindən kanalları ilə məşhur olan Venesiya şəhərində suyun səviyyəsi kəskin azalaraq, qayıqların və su taksilərinin hərəkətini mümkünsüz edib.

Xatırladaq ki, İtaliyada 2022-ci ilin yay fəslində son 70 ilin ən quraqlıq dövrü yaşanmış və nəticədə kənd təsərrüfatı sektorunda azı 6 milyard avroluq itki qeydə alınmışdı.

 

“META” SÜNİ İNTELLEKTİNİ İŞƏ SALIR

“Meta” şirkəti süni intellektə əsaslanan özünün LLaMA dil modelini işə salır. “Report”un məlumatına görə, bu barədə şirkətin rəhbəri Mark Zukerberq “Facebook” səhifəsində qeyd edib.

“Bu gün biz tədqiqatçılara işlərini inkişaf etdirməyə kömək edəcək LLaMA adlı yeni müasir böyük dil modelini işə salırıq”, - deyə şirkət rəhbəri bildirib.

M.Zukerberqin sözlərinə görə, dil modeli mətnin yaradılmasında, söhbətlərdə, yazılı materialın ümumiləşdirilməsində və riyazi teoremlərin həlli və ya zülal strukturlarının proqnozlaşdırılması kimi daha mürəkkəb tapşırıqlarda perspektiv nümayiş etdirib.

Eyni zamanda şirkət xəbərdarlıq edib ki, böyük dil modellərində zərərli şərhlər və halüsinasiyalar risklərini aradan qaldırmaq üçün hələ daha çox araşdırma tələb olunur.

Məlumata əsasən, LLaMA-ya giriş fərdi əsasda akademik tədqiqatçılara, dövlət və ictimai təşkilatlara, dünya üzrə tədqiqat laboratoriyalarına şamil ediləcək.

 

TÜRKİYƏDƏ UÇAN BİNALARA GÖRƏ 600-dən ÇOX ŞƏXS İSTİNTAQA CƏLB OLUNUB

Türkiyə güclü zəlzələdən sonra müxtəlif şəhərlərdə uçan binalarla əlaqəsi olan 600-dən çox insan barədə araşdırma aparılır. “Trend”in məlumatına görə, bu barədə “Assoşieyted Press” agentliyi xəbər verib.

Bildirilir ki, onlardan 188 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar tikinti podratçısı, bina sahibləri və ya idarəçiləridir.

Eyni zamanda, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, hazırda yoxlamalar davam edir və bəzi hallarda binaların uçduğu yerlərdə yeni maddi sübutların tapılması cinayət işi üzrə istintaqa əsas verir.

Mütəxəssislər hesab edirlər ki, zəlzələdən sonra uçan bir çox bina və tikililər keyfiyyətsiz materiallardan istifadə olunmaqla tikilib və dövlət standartlarına uyğun gəlmir.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumata görə zəlzələ nəticəsində həlak olanların sayı 44374 nəfərə çatıb.

 

ALMANİYADAN RUSİYAYA START-LA BAĞLI ÇAĞIRIŞ

Almaniya Rusiyanı Strateji Silahların Azaldılması Müqaviləsinə (START) qayıtmağa çağırıb. “Report” agentliyinin “Der Spiegel” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib.

“Gəlin hamılıqla Vladimir Putini START-a qayıtmağa və ABŞ-la müqavilə üzrə dialoqu bərpa etməyə çağıraq. Qəti şəkildə inanıram ki, bu, dünyada hamının maraqlarına uyğundur”, - deyə XİN başçısı vurğulayıb.

Eyni zamanda, nazir qeyd edib ki, son bir ildə Rusiya silahdan istifadə etməklə BMT Nizamnaməsinin və beynəlxalq hüququn ən fundamental prinsiplərini pozur.

“Rusiya hamımızın asılı olduğu silahlara nəzarət arxitekturasını pozur. START-dan çıxış Rusiyanın bizim silahlara nəzarət arxitekturasına və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə vurduğu son zərbə oldu”, - deyə Annalena Berbok əlavə edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkəsinin Rusiya ilə ABŞ arasında strateji silahlar sahəsində münasibətləri tənzimləyən Strateji Silahların Azaldılması Müqaviləsində  iştirakını dayandırdığını elan edib.

 

NATO GƏMİLƏRİNİ HİDROAKUSTİK SİSTEMLƏRLƏ TƏCHİZ EDƏCƏK

Avropalı gəmi istehsalçıları NATO gəmilərində ən son “BlackFish HMS” hidroakustik sistemlərini və “WhitePointer UC” sualtı rabitə sistemlərini quraşdıracaqlar. “Trend”in məlumatına görə, bu barədə “Naval News” qəzeti xəbər verib.

Nəşr bildirib ki, “BlackFish HMS” həm sahilyanı, həm də dənizdə sualtı qayıqlara qarşı əməliyyatlarda iştirak edən orta və iri suüstü gəmilərin özünümüdafiəsi üçün nəzərdə tutulmuş orta tezlikli sistemdir.

Eyni zamanda, “BlackFish” maşın öyrənməsindən istifadə edərək sualtı obyektləri aşkarlaya, izləyə və təsnif edə bilir, onunla təkcə sualtı və suüstü gəmiləri deyil, həm də dib minaları və torpedaları təchiz etmək olar.

Bununla yanaşı, “WhitePointer” sualtı rabitə sistemi istənilən kombinasiyada gəmilər və dalğıclar, sualtı qayıqlar və sualtı platformalar arasında səs və məlumat ötürməyə qadirdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.