İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

F1 Azərbaycan Qran-Prisi davam edir

Ölkəmizin yeddinci dəfə  ev sahibliyi etdiyi Formula 1 yarışları davam edir. Altı kilometr uzunluğu olan saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci 8-ci döngələrdə 7,6 metr təşkil edir. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışdan əvvəl pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Qırx beş dəqiqə davam edən sərbəst yürüşdə "Preme Racing" komandasının pilotu Oliver Berman birinci olub. "Hitech"in üzvü İsak Hajar ikinci, "Campos Racing"dən Kuş Maini üçüncü pillədə yer alıb.

Aprelin 28-i saat 17:00-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.  "Ferrari"nin pilotu Şarl Leklər Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda qalib gəlməklə poul qazanıb. Şarl Leklərin cari mövsümdə qazandığı ilk pouldur. Monakolu pilot Bakı şəhər halqasında ardıcıl üçüncü poul əldə edib. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Formula 1 Azərbaycan Qran-Prisi aprelin 30-da keçiriləcək. Şarl Lekler yarışa birinci mövqedən start götürəcək.

Aprelin 29-da Formula 2 üzrə keçirilən birinci sprint yarışı çərçivəsində "Preme Racing"in britaniyalı pilotu Oliver Berman qalib olub. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, "Hitech"in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.

Aprelin 29-da saat 17:30-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşü başlayıb. Yürüş iştirakçıları 30 dəqiqə mübarizə aparıblar. Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir.

Red Bull Racing" komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub. "Ferrari"nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar.

 

Stolüstü tennis millimiz gümüş medal qazanıb

Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının "Europe youth series" turnirinin gümüş mükafatını qazanıb. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahibinin digər kollektivini 5:0 hesabı ilə üstələyib. Finalda isə Çexiya seçməsinə 1:5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Üçüncü yeri Belçika Xorvatiya komandaları tutub. Yığmamızın tərkibində Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə Tunar Bağırov mübarizə aparıb.

 

Taekvondo üzrə klublararası çempionatda ilk mükafat

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatında ilk medalını rəsmiləşdirib. "Alpman" Taekvondo Klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib. Gənc taekvondoçuların mübarizəsində 42 kq çəkidə dayanq üzərinə çıxan təmsilçimizin finalda rəqibi Mixalina Vrobel (Polşa klubu) olub. Döyüşdə 1:2 hesabı ilə uduzan təmsilçimiz klublararası Avropa çempionatını gümüş medalla başa vurub.

Nərgiz İSMAYILOVA,

"Respublika".