Biçin prosesi sürətlənir
İQTİSADİYYAT

Biçin prosesi sürətlənir

Ötən il payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpini aparılıb. Sahələrin təxminən 80 faizində arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın, digər rayonlara nisbətən, daha tez yetişməsinə səbəb olur. Bu səbəbdən respublikada ilk kütləvi biçin prosesi məhz Neftçala rayonunda başlayır.

Hazırda Neftçalada gedən biçin prosesində 72 kombayn iştirak edir. Bunlardan 19-u "Aqroservis" ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, "Aqroservis" tərəfindən digər rayon bölmələrindən Neftçalaya 24 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki hüquqi şəxslərə məxsus 29 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. İndiyədək 54400 hektar sahədə arpa biçini başa çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır. Sahələrin 19380 hektarı "Aqroservis" ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Biçin prosesi davam edir.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahələridir. Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında itkisiz yığılması üçün Nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündəlik olaraq nəzarətdə saxlanılır operativ zəruri tədbirlər həyata keçirilir.

Həmçinin, biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə dislokasiya planına nəzarət edilməsi şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Hər il olduğu kimi, bu il kənd qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilir. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.

2023- il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunlardan 670 kombayn "Aqroservis" ASC-nin balansında olan kombaynlardır.

Nəriman CAVADOV,

"Respublika".