Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının başlamasına bir gün qalıb.
"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib. Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb.
Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır. Şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib. Lazımi təmizlik-abadlıq işləri aparılıb. Ölkəmizdə avarçəkmənin vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.
Yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması reqataya xüsusi rəng qatacaq.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.