Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

Aİ “G20” ÖLKƏLƏRİNİ RUSİYAYA TƏZYİQ GÖSTƏRMƏYƏ ÇAĞIRIB

Avropa İttifaqı (Aİ) “G20” ölkələrini “Taxıl sazişi”nin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin “G20” ölkələri XİN başçılarına ünvanlandığı məktubunda bildirilib.

“Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələrdən çəkinməyə çağırmaq üçün dəstək verməyinizi xahiş etmək istərdim”, - deyə məktubda vurğulanır.

Qeyd edək ki, rəsmi Moskvanın bu ay dördtərəfli “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və rəsmi Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

 

TÜRKİYƏDƏN AVROPA VƏ ASİYANI BİRLƏŞDİRƏCƏK YENİ DƏMİR YOLU

Türkiyədə Avropa və Asiyanı birləşdirəcək yeni dəmir yolu layihəsi hazırlanır. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib.

“Yavuz Sultan Səlim körpüsündən keçən qatar xətti layihəsi başa çatıb. Layihənin dəyəri 3 milyard avrodan çoxdur. Tamamlanması təxminən 5-6 il davam edəcək”, - deyə nazir əlavə edib.

Eyni zamanda, Türkiyəli nazir qeyd edib ki, maliyyələşmə məsələsi üçün istər Avropa İnvestisiya Bankı, istərsə də Qərblə müzakirələr davam edir.

Qeyd edək ki, yeni layihə Türkiyədə Avropa və Asiyanı birləşdirən ilk dəmir yolu deyil. Belə ki, 2004-cü ildə inşasına başlanılan, 2013-cü ildə fəaliyyətə başlayan Marmaray dəmir yolu Asiya və Avropa arasında fasiləsiz dəmir yolu nəqliyyatını təmin edir.

 

RUSİYANIN KALUQA VİLAYƏTİNƏ KÜTLƏVİ PUA HÜCUMU

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirilib. “Report” agentlyinin məlumatına əsasən, bu barədə vilayətin qubernatorluğunun açıqlamasında qeyd olunur.

Verilən xəbərə görə, 7 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib. Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl müharibənin sürətlə Rusiya ərazisinə keçəcəyini açıqlamışdı.

 

TAYVANDA DENGE QIZDIRMASINA KÜTLƏVİ YOLUXMA QEYDƏ ALINIB

Tayvan səlahiyyətliləri bu ilin əvvəlindən rekord sayda denge qızdırmasına yoluxma halı qeydə alıblar. Verilən xəbərə görə, bu barədə “Taipei Shibao” qəzeti məlumat yayıb.

Bildirilir ki, ilin əvvəlindən ümumilikdə 846 nəfərdə virus müəyyən edilib. Ən çətin epidemioloji vəziyyət Taynan şəhərindədir. Belə ki, son bir həftədə şəhərdə 167 xəstəliyə yoluxma halı aşkarlanıb.

Bununla yanaşı, epidemioloqlar sakinlərə xəbərdarlıq ediblər ki, tayfunun səbəb olduğu leysan yağışları yoluxma riskini artırıb. Xəstəlik daşıyıcı olan ağcaqanadların sayı fəlakətdən sonrakı ikinci həftədə kəskin şəkildə artıb.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.

 

TÜRKİYƏ ORDUSUNA YENİ BAŞ QƏRARGAH RƏİSİ TƏYİN OLUNUB

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə qərar Ali Hərbi Şuranın avqustun 3-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Məlumata görə, bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Eyni zamanda, xəbər verilir ki, Türkiyə Quru Qoşunlarının komandanı da dəyişib. Şuranın qərarına əsasən, Baş Qərargah rəisinin müavini, ordu generalı Səlçuq Bayraktaroğlu Quru Qoşunlarının komandanı təyin edilib. Digər qərarla ordu generalı Ziya Camal Kadıoğlu Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə gətirilib.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin açıqlamasına görə, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb. Həmçinin 63 polkovnikə general və ya admiral rütbəsi verilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub. Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.

 

ABŞ VƏ ÇIN ARASINDA BƏZİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDILIB

ABŞ müdafiə nazirinin Hind və Sakit okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin rəhbəri Yan Tao iki ölkə arasında müdafiə və təhlükəsizlik əlaqələrini müzakirə ediblər. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bununla yanaşı, ABŞ müdafiə nazirinin köməkçisi Pentaqonun Birləşmiş Ştatlar və Çin arasında hərbi kommunikasiya xətlərini açıq saxlamaq öhdəliyinə sadiqliyini vurğulayıb.

Məlumata görə, bu ərəfədə Yan Tao ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink, eləcə də Çin və Tayvan məsələləri üzrə baş direktor Sara Beran ilə görüşüb.

Danışıqlarda Ukrayna problemi qaldırılıb. Yan Tao Çinin Tayvan məsələsində sərt mövqeyini də açıqlayıb.

 

UKRAYNA TAXILININ POLŞADAN TRANZİTİ İKİQAT ARTIB

Ukrayna taxılının Polşa vasitəsilə tranziti fevral ayında 114 min ton olduğu halda iyun ayında 260 min tonu üstələyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumat Polşanın kənd təsərrüfatı naziri Robert Telus ilə Ukraynanın aqrar siyasət naziri Nikolay Solski arasında onlayn danışıqlardan sonra nazirliyin saytında dərc olunub.

Məlumata əsasən, Ukrayna taxılının tranzit həcmi 2,3 dəfə artıb.

Robert Telus eyni zamanda, Avropa Komissiyasının Polşaya Ukrayna taxılının ixracına qoyduğu qadağa qərarının uzadıla biləcəyini vurğulayaraq, həm Avropa İttifaqının rəhbərliyini, həm də Polşa müxalifətini ölkədə vəziyyəti destabilizasiya etməyə çalışmaqda ittiham edib.

Nazirliyin məlumatında, həmçinin, Robert Telusun bu məqsədlə Ukrayna taxılının müxtəlif Aİ ölkələrinin dəniz limanlarına tranzitinin asanlaşdırılması üzrə tədbirlər təklif etdiyi qeyd olunur. Ukrayna tərəfinin yaxın zamanda məsələyə dair ətraflı həll layihəsini təqdim edəcəyini bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.