Faktlar və rəqəmlər
Digər xəbərlər

Faktlar və rəqəmlər

39,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Dövlət Statistika Komitəsi bildirir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 6,5 faiz artmışdır. Sənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsait

2023-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9114,9 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,0 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,3 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5045,0 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 3600,5 milyon manatı (39,5 faizi) xidmət sahələrinin, 469,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6877,5 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6679,0 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

31,1 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb

2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 4,3 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları almışdır.

"Respublika".