DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTI TƏKLİFLƏR PAKETİNİ RUSIYA LIDERINƏ TƏQDİM EDƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təkliflər paketinin Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir. “Trend” agentliyinin məlumatına görə, Türkiyənin dəstəyi ilə hazırlanan paket BMT tərəfindən də təsdiqlənib.

Məlumata əsasən, təkliflər paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının “SWIFT”ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.

Bununla yanaşı, Kremlin mətbuat xidmətinin açıqlamasına görə, Putin və Ərdoğanın Soçi görüşündə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin, eləcə də aktual beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin 4 sentyabr tarixində Soçidə görüşü keçiriləcək. Görüş çərçivəsində Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

 

UKRAYNANIN MÜDAFİƏ NAZİRİ POSTU TÜRKƏ HƏVALƏ OLUNA BİLƏR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov gələn həftə əvəzlənə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Ukrayna Pravda” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Reznikovun yerinə Ukrayna Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rüstəm Umerovun təyin edilməsi planlaşdırılır.

Mümkün namizədin adının gələn həftə Ali Radaya təqdim ediləcəyi bildirilir.

Bu ərəfədə ukraynalı deputat Yaroslav Jeleznyak Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsindən danışıb. Onun sözlərinə görə, hazırkı müdafiə naziri Aleksey Reznikov böyük ehtimalla Böyük Britaniyaya səfir təyin olunacaq, Müdafiə Nazirliyinə isə Rüstəm Umerov rəhbərlik edəcək. Jeleznyak vurğulayıb ki, artıq səfirliklərə Müdafiə Nazirliyinin rəhbərinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq olunub.

Qeyd edilir ki, Rüstəm Umerov türk-tatar əsillidir. 1982-ci il aprelin 19-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. IX çağırış Ukrayna parlementinin deputatı, Krım Tatar Məclisinin sədri Mustafa Cəmilovun müşaviridir. Hazırda Dövlət Əmlak Fonduna rəhbərlik edir.

 

SURİYA HÖKUMƏTİNƏ QARŞI KÜTLƏVİ ETİRAZ AKSİYALARI KEÇİRİLİB

Suriyanın beş vilayətində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. “Report” agentliyinin xəbərinə görə, Həsəkənin Rəsuleyn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları, həmçinin Hələbin Daret-İze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələri ilə yanaşı Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera vilayətlərində keçirilən nümayişlərə minlərlə insan qatılıb.

Məlumata görə, Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya prezidenti Bəşər Əsədin istefasını tələb ediblər. Onlar “Əsəd, istefa et”, “Suriya bizimdir, onu heç kimə təslim etməyəcəyik” kimi şüarlar səsləndiriblər.

Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri obyektləri bağlayaraq nümayişlərə dəstək veriblər.

Qeyd edək ki, avqustun 16-da Dəməşq rəhbərliyinin yanacağın qiymətini artırma qərarından bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqədə nümayişlər başlayıb.

 

HİNDİSTAN KOSMİK STANSİYASINI YERİN ORBİTİNƏ ÇIXARIB

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “Aditya-L1” avtomatik Günəş stansiyasını Yerin orbitinə uğurla çıxara bilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın rəhbəri Şri Somanat məlumat yayıb.

Açıqlamaya görə, daşıyıcı raketi Benqal körfəzində yerləşən Şriharikota adasındakı kosmodromdan buraxılıb. Orbitə buraxıldıqdan sonra bir saat ərzində “Aditya-L1” stansiyası sürətləndiricidən uğurla ayrılıb və müəyyən edilmiş orbitə çıxıb.

“Aditya-L1” stansiyası Hindistanın Günəşi müşahidə edən ilk rəsədxana tipli kosmik missiyasıdır. Dörd ay müddətində 1,5 milyon kilometrlik səyahətdən sonra cihaz Yerin və Günəşin cazibə qüvvələrinin bərabər olduğu “Laqranj L1” nöqtəsində halo-orbitə daxil olacaq.

Bildirilir ki, bu tənzimləmə “Aditya-L1”ə tutulmalardan yayınmadan Günəşi daim müşahidə etməyə imkan verəcək. “Aditya L1” missiyasının Günəş tacının qızdırılması, tac kütləsinin atılması, onun xüsusiyyətləri, kosmik hava dinamikası, günəş küləyinin yayılması, hissəciklər və sahələr və s. problemini anlamaq üçün məlumatlar ötürəcəyi gözlənilir.

 

AVROPA İTTİFAQI GEOSTRATEJİ FƏLAKƏTLƏ ÜZLƏŞƏ BİLƏR

Avropa İttifaqı Ukraynanı digər namizədlərdən daha tez ittifaqa qəbul etməyə qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Avstriyanın xarici işlər naziri Alexander Şallenberq “Politico” nəşrinə müsahibəsində bəyan edib.

“Biz başqa ölkələri kənara ataraq, Ukraynaya üstünlük verə bilmərik. Geostrateji nöqteyi-nəzərdən bu, fəlakət olardı”, - deyə nazir vurğulayıb.

Alexander Şallenberq qeyd edib ki, Avstriya Ukrayna və Moldovanın Aİ-yə daxil olması istiqamətində gələcək addımları dəstəkləyir. “Biz Qərbi Balkan ölkələrində belə təəssüratın yaranmasına imkan verə bilmərik”, - deyə nazir fikirlərini tamamlayıb.

Qeyd edək ki, Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrel daha öncə bildirmişdi ki, ittifaq genişlənmənin yeni mərhələsinə hazırlığı gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.

 

ABŞ VƏ UKRAYNA RƏSMİLƏRİ MÖVCUD VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat yayıb.

Açıqlamaya əsasən, tərəflər döyüş meydanındakı durumu müzakirə ediblər. A.Yermak həmsöhbətini döyüş meydanındakı vəziyyət, cəbhənin ayrı-ayrı istiqamətlərində müdafiə qüvvələrinin uğurlu irəliləyişi barədə məlumatlandırıb.

Eyni zamanda, Ukrayna rəsmisi bildirib ki, 10 bəndlik Sülh Formulunun icrası üçün işçi qrupu yaradılıb. Tərəflər, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətləri barədə danışıblar. Andrey Yermak ABŞ-ın Ukraynaya dəstəyinə görə minnətdarlığını bildirib.

 

DÜNYADAKI DİLLƏRİN SƏSLƏNİŞİNİN İQLİMLƏ ƏLAQƏSİ AŞKAR OLUNUB

Alimlər iqlim və dillərin səslənişi arasında əlaqə aşkar ediblər. “Report" agentliyinin verdiyi xəbərə görə, bu barədə “Frontiers in Psychology” jurnalında dərc olunan məqalədə bildirilib.

Eyni zamanda, alimlər rütubət, hündürlük, temperatur, yağıntı və bitki sıxlığı kimi ətraf mühit şəraitini qiymətləndiriblər. Məlum olub ki, temperatur və rütubət yüksək olan ərazilərdə insanlar daha çox saitlərdən, dağlarda isə samitlərdən istifadə edirlər. Alimlərin sözlərinə görə, rütubətli bölgələr üçün daha mürəkkəb ton sistemləri xarakterikdir.

Həmçinin elm adamları bu faktların açıqlamasını tapmağa çalışıblar. Təkliflərdən biri budur ki, yüksək hündürlükdə insan orqanizmi rütubəti qorumağa çalışır, buna görə də səs tellərini bağlı tutan səslərdən istifadə edir.

Tədqiqatçılar həmçinin hesab edirlər ki, iqlim dəyişikliyi sonda dillərin səslənməsinə ciddi təsir edəcək. Bioloqlar artıq ekoloji şəraitə uyğunlaşan quşların oxumasında da oxşar meyilləri müşahidə ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.