İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
Sosial həyat

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti ilə görüş keçirib.

Samir Poladov, ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.

Nümayəndə heyəti, Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmən tərəfindən raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər. Habelə, səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq, beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını qeyd ediblər.