DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BŞ ŞİMALİ KOREYA VƏ RUSİYA ƏMƏKDAŞLIĞINDAN NARAHATDIR

Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə koordinatoru Con Kirbi Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığına görə narahat olduqlarını bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Con Kirbi keçirdiyi mətbuat konfransı

nda Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün nəticəsini bilmədiklərini ifadə edərək, rəsmi Moskvanın Pxenyanla potensial silah müqaviləsi imzalamağa çalışdığını bəyan edib.

Con Kirbi deyib: “İran və Rusiya arasında inkişaf edən müdafiə əlaqələri ilə bağlı ifadə etdiyimiz kimi, Şimali Koreya ilə Rusiya arasında inkişaf edən müdafiə əməkdaşlığından da narahatıq”.

Eyni zamanda, Con Kirbi Rusiyanın Şimali Koreyanın qeyri-qanuni nüvə və ballistik raket proqramlarına verdiyi dəstəyin narahatlığa səbəb  olacağını vurğulayıb.

Bununla yanaşı, Şimali Koreyanın iki ölkə arasındakı bu əməkdaşlıqla öz hərbi potensialını artıra biləcəyini qeyd edən Ağ Ev rəsmisi, iki ölkə arasında silah müqaviləsi əldə olunacağı təqdirdə bununla uyğun şəkildə məşğul olacaqlarını dilə gətirib.

DÖRD ÖLKƏ İRANA NÜVƏ MATERİALLARININ YERI HAQDA TƏLƏB İRƏLİ SÜRÜB

Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İrandan nüvə materiallarının yeri barədə məlumat verməsini tələb edib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasının iclasında dörd ölkənin bəyanatında deyilir.

“Təhlükəsizlik təminatları ilə bağlı həll olunmayan məsələlərə gəlincə, İran AEBA tərəfindən Turkuzabad və Varamində aşkar edilmiş antropogen uran hissəciklərinin mövcudluğu məsələsini hələ də yoluna qoymayıb. Agentliyin aydın sorğusuna uyğun olaraq, İran nüvə materialının və çirklənmiş avadanlığın Turkuzabad və Varamindəki hazırkı yeri barədə texniki cəhətdən etibarlı məlumatı gecikdirmədən təqdim etməlidir”, - deyə bəyanatda qeyd olunub.

Eyni zamanda, bəyanatda vurğulanıb ki, İran AEBA-nın sorğusuna cavab olaraq texniki cəhətdən etibarlı izahatlar verməyənə qədər, rəsmi Tehran bəyanatlarının doğruluğunu təsdiq edə bilməyəcək.

Verilən xəbərə əsasən, qeyd olunan ölkələr İrandan AEBA-nın lazım bildiyi bütün kameraların quraşdırılmasına icazə verməsini tələb edib.

ÇİNİN DAHA BİR NAZİRİ “YOXA ÇIXIB”

Çinin keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə naziri itkin düşüb. Bu barədə “TRT” telekanalının verdiyi xəbərdə qeyd olunur.

Məlumata əsasən, Çinin müdafiə naziri Li Şanfudan 15 gündür ki, xəbər yoxdur. Nazir sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib. Pekin administrasiyası isə nazirlə bağlı açıqlama vermir.

Bildirilir ki, mart ayında vəzifəsinin icrasına başlayan nazirin həbsdə ola biləcəyi iddia edilir. Li Şanfunun qəfil yoxa çıxması ağıllara keçmiş xarici işlər naziri Tsin Qanqı gətirib. Bir ay itkin kimi axtarılan Tsin Qan daha sonra nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

MİSİRDƏ MƏKTƏBLƏRDƏ NIQAB TAXILMASI QADAĞAN EDİLIB

Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, yeni qaydalar sosial mediada geniş müzakirələrə səbəb olub. Belə ki, bir çox istifadəçi qadağanı təzyiq kimi qiymətləndirib, digərləri isə ona dəstək verib.

Misirin Təhsil Nazirliyi isə bildirib ki, “təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir”. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır.

Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır. Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.

Eyni zamanda, yeni geyim qaydalarını tənqid edənlər sosial mediada hökuməti qadınların hüquqlarına müdaxilə etməkdə ittiham ediblər. Niqabın qadağan edilməsinə dəstək verənlər isə bu addımı qadın azadlıqları sahəsində mühüm yenilik kimi qiymətləndiriblər.

BMT-nin BAŞ KATİBİNDƏN DÜNYA LİDERLƏRİNƏ ÇAĞIRIŞ

“Dünya liderlərinin real, praktiki qərarlar qəbul etmək üçün bir araya gəlməsinin vaxtı çatıb”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş bəyan edib. Baş katibin sözlərinə görə, indi mövqe tutmaq, laqeydlik və ya qərarsızlıq vaxtı deyil.

“Siyasət, diplomatiya və effektiv liderlik kompromisdən ibarətdir. Dünya liderlərinin ümumi rifah üçün ortaq gələcəyin dizaynında kompromis əldə etmək üçün xüsusi məsuliyyəti var. Buna da gələn həftə Nyu-Yorkda başlamalıyıq”, - deyə Quterriş bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində öz işinə başlayacaq. BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

BOLQARISTANIN MÜDAFİƏ NAZİRİ: RUSİYA İLƏ TOQQUŞA BİLƏRİK

“Qara dənizdə NATO ölkələri ilə Rusiya arasında birbaşa toqquşma baş verə bilər”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Bolqarıstan müdafiə naziri Todor Taqarev bəyan edib.

Nazirin sözlərinə görə, rəsmi Moskva Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında maneələr yaradır.

Eyni zamanda, Todor Taqarev Rusiya hakimiyyətini təxribatlarda ittiham edib. O, iqtisadi zonalarda əlavə təhlükəsizlik tədbirlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq yalnız NATO-nun fəaliyyəti ilə təmin oluna biləcəyini vurğulayıb.

“Bolqarıstan bu təxribatlara cavabı həm müstəqil, həm də NATO müttəfiqlərimizlə müzakirə edir”, - deyə müdafiə naziri bildirib.

T.Taqarev əlavə edib ki, rəsmi Sofiya Rusiyanın Ukrayna limanlarından Bolqarıstan sularına keçən yük gəmilərinə mümkün hücumuna qarşı ssenari hazırlamayıb. Nazir hesab edir ki, hələlik belə risklər yoxdur.

“Bu sular hər bir sahilyanı dövlətin suverenliyi altındadır və dövlət ərazisinin bir hissəsidir. Dənizdə ərazi sularına hücum Bolqarıstana və bütövlükdə NATO-ya hücum kimi qiymətləndirilə bilər”, - deyə nazir qeyd edib.

LİVİYADA DAŞQIN QURBANLARININ SAYI 20 MİN nƏfƏrƏ ÇATA BİLƏR

Liviyanın Derna şəhərindəki güclü daşqınlar nəticəsində ölənlərin sayı 20 min nəfərə çata bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu şəhər meri Abdulmenam Al-Qaithi yerli “Əl-Ərəbiyyə TV” telekanalına açıqlamasında bəyan edib.

Məlumata əsasən, merin sözlərinə görə, dağıntıların miqyası belə qənaətə gəlməyə əsas verir ki, həlak olanların sayında ciddi artım müşahidə olunacaq.

Bununla yanaşı, Liviya parlamentinin rəsmi nümayəndəsi Abdalla Belhak bildirib ki, Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı artıq 8 min nəfəri ötüb. Onun sözlərinə görə, hazırda itkin düşənlərin sayı 10 min nəfəri keçib.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.