DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

GÜRCÜSTANDA ÇEVRİLİŞİN PLANLAŞDIRILMASI BARƏDƏ DTX-NIN BƏYANATI

Ukraynadakı müharibədə iştirak edən gürcü əsilli hərbçilərin böyük bir qrupu, maraqlı tərəfin təsiri altında Gürcüstanda çevriliş məqsədilə iğtişaşların təşkili üçün istifadə olunacaq. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, Gürcüstanda xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə kütləvi iğtişaşlar planlaşdırılır. Dağıdıcı proseslərin başlanma tarixi kimi oktyabr-dekabr ayları göstərilir. Həmin aylarda Avropa Komissiyasının aralıq və Avropa İttifaqının Gürcüstana üzvlüyə namizəd ölkə statusunun verilməsi ilə bağlı yekun hesabatları təqdim edilməlidir.

Məlumata görə, təşkilatçılar hadisələrin inkişafının bir neçə ssenarisini, o cümlədən çadır şəhərciyinin və Gürcüstanın mərkəzi prospektləri və strateji obyektlərinin yaxınlığında barrikadaların qurulmasını, hökumət binalarının ələ keçirilməsini, habelə ciddi təxribat elementləri olan digər addımları nəzərdə tuturlar.

Xüsusilə, təşkilatçıların 2014-cü ildə Ukraynada keçirilən Avromaydana oxşar ssenarinin Gürcüstanda reallaşdırılması imkanlarını nəzərdən keçirdikləri bəllidir”, - deyə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunur.

İRANLA ABŞ ARASINDA MƏHBUS MÜBADİLƏSİ HƏYATA KEÇIRILIB

İran və ABŞ arasında sentyabrın 18-də məhbusların mübadiləsi həyata keçirilib. “Trend”in verdiyi xəbərə görə, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Açıqlamaya görə ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş beş amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər. Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb. Lakin sonuncular mübadilədən sonra İrana qayıtmaqdan imtina ediblər.

Qeyd edək ki, avqustun 10-da “The New York Times” qəzeti Vaşinqtonla Tehranın məhbus mübadiləsi barədə razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ Ev belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib. Razılaşmaya əsasən, İran ABŞ-ın sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında dondurulan 6 milyard dolları geri ala biləcək.

ÜST ÇİNƏ KORONAVİRUSUN MƏNŞƏYİ İLƏ BAĞLI TƏZYIQ GÖSTƏRIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir. Bu barədə “Financial Times” qəzetinə müsahibəsində ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

“Çinə koronavirusun mənşəyinə dair məlumatlara tam girişi təmin etmək üçün təzyiq edirik. Biz ölkələri Çin rəsmiləri ilə ikitərəfli görüşlərində bu məsələni qaldırmalarını xahiş edirik”, - deyə baş direktor vurğulayıb.

ÜST rəhbəri qeyd edib ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə nümayəndə heyəti göndərmək istəyir.

Qebreyesus sözlərinə görə, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi araşdırılır.

Eyni zamanda, ÜST-ün baş direktoru əlavə edib ki, “COVID-19”un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.

İRANDA PUA SINAQ UÇUŞU ZAMANI ŞƏHƏR MƏRKƏZINƏ DÜŞDÜ

İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalətinin Qorqan şəhər meydanına düşüb. “Report”   agentliyinin məlumatına görə, bunu İran Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmmədrza Talainik bəyan edib.

Bildirilir ki, “Efendi” adlı sistemin sınağı zamanı baş verən nasazlıq səbəbindən aparat Qorqan şəhərində meydana düşüb.

Eyni zamanda, qeyri-rəsmi mənbələrin xəbərinə əsasən, hadisə raket sınağı nəticəsində baş verib. Məlumata görə, sınaq zamanı raketin başlığı çıxıb. Başlıq təyin edilmiş yerə deyil, bir neçə hissəyə parçalanaraq Qorqan şəhərinə düşüb.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Qəza yerinə təcili tibbi yardım heyəti və istintaq qrupu cəlb edilib.

V.PUTİN HƏRBİ VƏZİYYƏT BARƏDƏ MƏLUMATLANDIRMA QAYDASINA DÜZƏLİŞ EDİB

Rusiya prezidenti Vladimir Putin beynəlxalq təşkilatları Rusiyada fövqəladə vəziyyət barədə məlumatlandırma qaydasının dəyişdirilməsi barədə düzəlişləri Dövlət Dumasına təqdim edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə müvafiq sənəd Rusiya Dövlət Dumasının məlumat bazasında dərc olunub.

Məlumata görə, düzəlişlər Rusiyanın Avropa Şurasında iştirakının dayandırılması ilə bağlıdır. Belə ki, qanun qəbul edildikdən sonra Rusiya hərbi və ya fövqəladə vəziyyətin tətbiqi, yaxud ləğvi barədə Avropa Şurasını məlumatlandırmayacaq.

Vladimir Putinin təklif etdiyi dəyişikliyə əsasən, Rusiyada hərbi və ya fövqəladə vəziyyətlə bağlı yalnız BMT baş katibi məlumatlandırılacaq.

Qeyd edək ki, martın 15-də Rusiya Federasiyasının Parlament Assambleyası ölkənin Avropa Şurasından çıxmasının lehinə yekdilliklə səs verib. Elə həmin gün Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləyib.

VAN İ: TAYVAN MƏSƏLƏSİ ABŞ-LA MÜNASİBƏTLƏRDƏ “QIRMIZI XƏTT”DIR

Tayvan məsələsi ABŞ və Çin arasındakı münasibətlərdə keçilə bilməyən “qırmızı xətt” olaraq qalır. “Trend” agentliyinin xəbərinə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla Maltada keçirilən danışıqlarda Çinin xarici işlər naziri Van İ bəyan edib.

“Tayvan məsələsi Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətdir. Birləşmiş Ştatlar üç birgə Çin-Amerika kommünikesinə riayət etməli və Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir”, - deyə nazir vurğulayıb.

Van İnin sözlərinə görə, Çinin inkişafı qaçılmaz tarixi məntiqə uyğundur: “Bu səbəbdən onu dayandırmaq olmaz və Çin xalqı qanuni inkişaf hüququndan məhrum edilə bilməz”.

Qeyd olunur ki, tərəflər Çin və ABŞ liderlərinin Balidə əldə etdikləri konsensusun həyata keçirilməsini davam etdirmək, iki ölkə arasında yüksək səviyyəli mübadilələri davam etdirmək və Asiya-Sakit okean regionunun işləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

CƏNUBİ KOREYA YENİ RAKETLƏR İSTEHSAL ETMƏK NİYYƏTİNDƏDİR

Cənubi Koreya yeraltı bunkerlərdə gizlənən düşmənləri hədəf alan raketlərin daha təkmilləşdirilmiş versiyalarının hazırlanmasına sərmayə qoymaq qərarına gəlib. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur.

Verilən xəbərə görə, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) 218 milyon dollarlıq yeni investisiya elan edib.

Açıqlamada sözügedən sərmayənin Cənubi Koreyanın özünü inkişaf etdirdiyi və “yeraltı sığınacaqları hədəf alan raketlər” kimi tanınan “Koreya taktiki qurudan-quruya raketi”nin ikinci versiyasının hazırlanması üçün istifadə ediləcəyi bildirilib.

Agentlik rəsmisi Cənubi Koreya mətbuatına verdiyi açıqlamada bu raketlərin Şimali Koreyanın yerin altında gizlətdiyi silahları hədəf alacağını bildirib.

Eyni zamanda, qeyd edilir ki, sözügedən layihə 2027-ci ilin sonuna kimi davam etdiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.