DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏCƏB TAYYİB ƏRDOĞANIN  İSRAİLİN BAŞ NAZİRİ ILƏ  GÖRÜŞÜ BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Nyu-Yorkdakı “Türk evi”ndə qəbul edib. “TRT” telekanalının xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Açıqlamaya əsasən, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan görüş zamanı Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu bildirib.

PENTAQON RƏHBƏRİ UKRAYNAYA DƏSTƏYİN DAVAM EDƏCƏYİNİ BİLDİRİB

ABŞ-ın müdafiə naziri Lloyd Ostin   “Abrams” tanklarının tezliklə Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb. “TRT” telekanalının məlumatına görə, Pentaqon rəhbəri bu barədə Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısından əvvəl çıxış edib.

Eyni zamanda, ABŞ və digər tərəfdaşlarının Ukraynaya verdiyi müdafiə dəstəyinin 76 milyard dolları keçdiyini bildirən Lloyd Ostin bu ölkəyə dəstəyin davam edəcəyinə söz verib.

Bununla yanaşı, Pentaqon rəhbəri həmçinin qeyd edib ki, ABŞ ukraynalı “F-16” pilotlarına təlim keçəcək.

RUSİYA XİN: NATO-NUN 2024-CÜ İL TƏLİMLƏRİ MÜHARİBƏYƏ HAZIRLIQDIR

“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər Rusiya ilə müharibəyə hazırlıqdır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.

Nazir müavininin sözlərinə görə, bu təlimlər həm də təxribat və güc nümayişidir: “Bu güc nümayişi Rusiyaya hərbi-siyasi təzyiq cəhdidir. Bunun Rusiya ilə hərbi toqquşmaya hazırlığın bir hissəsi olduğuna şübhə yoxdur”.

Həmçinin nazir müavini qeyd edib ki, proseslər Rusiyanın qərb və şimal-qərb sərhədlərinin gücləndirilməsinin vacibliyini göstərir.

Xatırladaq ki, Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bir müddət öncə NATO-nun “soyuq müharibə”dən bəri ən böyük hərbi təlimi keçirəcəyini bildirmişdi.

QAZAXISTAN TAXIL İXRACINI AZALDACAQ

Qazaxıstan bu il aşağı məhsuldarlıq səbəbindən taxıl ixracını azaldacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov bəyan edib.

“Məhsuldarlığın azalması səbəbindən ixrac potensialımız aşağı düşəcək. Lakin ixraca yönəldilməsi planlaşdırılan taxıl həcmi ənənəvi bazarlarda mövqeyimizi qorumaq üçün kifayət edəcək”, - deyə nazir vurğulayıb.

Aydarbek Saparovun sözlərinə görə, 2023-cü ildə Qazaxıstanda 16 milyon ton dənli bitkinin yığılacağı gözlənilir. Bu həcm daxili tələbatı tam ödəməyə və ənənəvi bazarları saxlamağa imkan verir. Nazir əlavə edib ki, 2023/2024-cü illər üçün kənd təsərrüfatının ixracı proqnozu 6 milyon tondur.

DÖVLƏT DUMASI HƏRBİ VƏZİYYƏTLƏ BAĞLI DÜZƏLİŞİ TƏSDİQLƏYİB

Rusiya Dövlət Duması Avropa İttifaqını ölkədə hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə məlumatlandırma qaydasına düzəlişi birinci oxunuşda təsdiqləyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, Dövlət Dumasının plenar iclasında yeni qanun layihəsi yekdilliklə təsdiqlənib.

Rusiyanın ölkədə hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə Aİ baş katibini məlumatlandırma zərurətini ləğv edən yeni qanun layihəsi Rusiya prezidenti Vladimir Putin tərəfindən bir neçə gün öncə Dövlət Dumasına təqdim olunub.

Yeni qanun layihəsinə əsasən, Rusiyada hərbi və ya fövqəladə vəziyyətlə bağlı yalnız BMT baş katibi məlumatlandırılacaq.

Qeyd edək ki, martın 15-də Rusiya Federasiyasının Parlament Assambleyası ölkənin Avropa Şurasından çıxmasının lehinə yekdilliklə səs verib. Elə həmin gün Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləyib.

RUSİYA İLƏ ABŞ ARASINDA QARŞIDURMA YENİ SƏVİYYƏYƏ KEÇİR

Rusiya ABŞ-ın NATO-nun genişlənməsinə dair təxribatçı siyasətinə sərt cavab verib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks müsahibəsində bildirib.

Eyni zamanda, professor Rusiyanın mövqeyinə görə NATO-nun hərəkətlərinin uğursuzluğunu etiraf edib və Ukrayna münaqişəsini Vaşinqtonun təsirinin zəifləməsinin sübutu adlandırıb.

Ekspertin sözlərinə görə, rəsmi Moskva ABŞ-ın təzyiqinə birbaşa “yox” deyib. Digər dövlətlər də ABŞ-ın hökmranlığını deyil, çoxqütblü dünyanı tələb edirlər.

Ceffri Saks vurğulayıb ki, Rusiya ilə ABŞ arasında qarşıdurma yeni səviyyəyə keçir: “Əvvəllər çoxsaylı münaqişələrə baxmayaraq, Vaşinqtonun güclü rəqibləri yox idi və indi Moskva belə bir rəqibə çevrilib”.

İRANDA ÇÖRƏYIN QIYMƏTİ YENİDƏN BAHALAŞIB

İranın Tehran əyalətində 300 çörək bişirmə müəssisəsində  çörəyin qiyməti 2 min tüməndən 3 minə qalxıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İranın iqtisadiyyat naziri Ehsan Xandozi bildirib ki, ölkə üzrə çörəyin vahid qiyməti yoxdur: “Onun qiymətini regionlar bazara uyğun müəyyənləşdirir”.

Bununla yanaşı, nazirin sözlərinə görə, çörəyin bahalaşması əyalətlərdəki qurumların tələbi və Daxili İşlər Nazirliyinin razılığı ilə mümkündür. “Hökumət çörəyin qiymətlərinə nəzarət üçün mütləq xüsusi tədbirlər görəcək”, - deyə nazir əlavə edib.

Eyni zamanda, parlamentin deputatı Salman İshaqi İranın 15-dən çox əyalətində çörəyin qiymətinin 40 faizdən çox qalxdığını bildirib. Çörəkbişirənlər isə istehsal etdikləri məhsulların maya dəyərinin artmasını əsas gətirərək çörəyin qiymətinin sabitləşməsindən şikayətlənir, belə qiymət siyasəti ilə fəaliyyətlərini davam etdirməyi mümkünsüz hesab ediblər.

Qeyd edək ki, bir ay əvvəl İran əyalətlərinin yarısında çörəyin qiyməti qalxıb.

MÜTƏXƏSSİSLƏRDƏN “COVID-19”A YOLUXMA İLƏ BAĞLI NÖVBƏTİ XƏBƏRDARLIQ

Amerikalı mütəxəssislər “COVID-19”a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər. “Report” agentliyinin verdiyi xəbərə görə, onların fikrincə, “COVID-19”un yeni növünü soyuqdəymə və allergiyadan fərqləndirmək çətindir. Ekspertlər düşünürlər ki, bu xəstəliklərin oxşar cəhətləri çoxdur.

Bununla yanaşı, həkimlər koronavirusun son vaxtlar yüngül keçdiyini söyləyirlər. Onlar iddia edirlər ki, yoluxmanı öyrənməyin yeganə yolu test verməkdir.

“Əsas simptomlar burun tutulması, asqırmaq, yüngül boğaz ağrısıdır. “COVID-19” qızdırmaya, baş ağrısına, yorğunluğa, öskürəyə səbəb ola bilər. Lakin bu əlamətlərə getdikcə daha az rast gəlinir”, - deyə ekspertlər vurğulayıb.

Məlumata əsasən, ABŞ-ın elan etdiyi statistikaya görə, ölkədə yoluxma artsa da, ölüm hallarında azalma müşahidə olunur.