DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİLİN BAŞ NAZİRİNDƏN “HİZBULLAH”A XƏBƏRDARLIQ

İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah” hərəkatını İsrail-Fələstin münaqişəsinə qarışmamaqla bağlı xəbərdarlıq edib. “Sky News” telekanalının verdiyi xəbərə görə, baş nazir bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Netanyahunun sözlərinə görə, “Hizbullah”ın İsrailə qarşı müharibəyə girməsi ciddi nəticələrə səbəb ola bilər.

Eyni zamanda, İsrailin “iki cəbhədə” döyüşməli olduğunu vurğulayan baş nazir, əlavə edib ki, “Hizbullah” müharibəyə qatılarsa həyatındakı ən böyük səhvi etmiş olacaq.

Baş nazir İsrailin lazım gələrsə “Hizbullah”a ağlasığmaz zərbələr endirə biləcəyini qeyd edərək, istənilən ssenariyə hazır olduqlarını diqqətə çatdırıb.

Bununla yanaşı Netanyahunun sözlərinə görə, HƏMAS-ın oktyabrın 7-dəki hücumu 11 sentyabr hadisələrindən sonra ən dəhşətli terror aktıdır. Baş nazir qeyd edib ki, ölkəsi mülki əhali arasında itkilərin qarşısını almaq üçün əlindən gələni edəcək.

Aİ TÜRKİYƏ ÜÇÜN “YOL XƏRİTƏSİ”NI MÜƏYYƏNLƏŞDİRƏCƏK

Avropa İttifaqına üzv ölkələrin liderləri dekabrın ortalarında Türkiyənin gələcək üzvlük prosesi üçün “yol xəritəsi”ni müəyyən edəcəklər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin ticarət naziri Ömər Bolat məlumat verib.

Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

Bundan əvvəl, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, Türkiyə ilə Aİ-nin yollarının “ayrıla biləcəyini” dilə gətirmişdi.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl vurğulamışdı ki, İsveçin NATO-ya daxil olması ölkəsi Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq.

İSVEÇDƏ KORONAVİRUSA YOLUXMA SÜRƏTLƏ ARTIR

İsveçdə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı  əvvəlki həftələrlə müqayisədə 38 faiz artıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ölkənin İctimai Səhiyyə Agentliyinin göstəriciləri sübut edir.

Məlumata əsasən, hakimiyyət orqanları bəyan ediblər ki, yoluxmaların artması gözlənilən ssenariyə müvafiqdir, yalnız intensiv müalicə şöbələrinə daxil olan insanların sayındakı kiçik dəyişiklikdə və “COVID-19” virusu nəticəsində ölüm hallarının sayında müşahidə olunur.

Bildirilir ki, risk qrupuna daxil olan 65 yaş və 65 yaşdan yuxarı, eləcə də 18 yaşdan yuxarı insanlara bu payız mövsümi peyvəndlənmə tövsiyə olunur.

“Nisbətən aşağı səviyyədə olmasına baxmayaraq, virusun yayılması artır. Ciddi xəstəliklər üzrə yüksək risk qrupuna daxil olan insanların qüvvədə olan tövsiyələrə müvafiq olaraq, həm COVID-19, həm də qripə qarşı peyvənd olunmaları vacibdir”, - deyə dövlət epidemioloqu Maqnus Qisslen vurğulayıb.

Qeyd edilir ki, ümumilikdə, İsveçdə ötən həftə 5490 nəfər “COVID-19” testindən keçib, 965 analizin nəticəsi müsbət olub.

İRANDA HİCAB QAYDALARINI POZAN OBYEKTLƏR BAĞLANIR

İranın Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində 10 restoran, kafe və kitabxanalar məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlanıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə adıçəkilən şəhərlərin polis idarələrinin ictimai məkanlara nəzarət bölmələri məlumat yayıb.

Qeyd edilir ki, son bir neçə ay ərzində İranda məcburi hicab qaydalarına riayət edilməyən 3000-dən çox iş yerinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir müddət öncə İranda hicabsızlara qarşı mübarizənin yeni mərhələsi başlayıb və ölkənin ali dini lideri Əli Xameneinin əyalətlərdəki nümayəndələri vətəndaşları və hökumət məmurlarını məcburi hicab qaydalarına riayət etməyənlərə qarşı səfərbərliyə səsləyiblər.

Ötən ilin iyul ayında isə İranda məcburi hicab taxılmasına qarşı kampaniya başlayıb. Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla hakimiyyətə etiraz etdiklərini bildiriblər.

ENTONİ BLİNKEN: İRAN TƏRƏFDARLARI ABŞ-A TƏHLÜKƏ YARADIR

ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Yaxın Şərqdəki ABŞ qüvvələrinə təhlükə İran tərəfdarlarından gəlir. Bu barədə dövlət katibi “NBC News” telekanalına müsahibəsində bununla bağlı narahatlığını ifadə edib.

“Biz narahatıq. Biz İranın proksi qüvvələrindən hərbçillərimizə, şəxsi heyətimizə qarşı eskalasiya gözləyirik”, - deyə Entoni Blinken vurğulayıb.

ABŞ-ın eskalasiya perspektivlərini və Yaxın Şərqdəki qüvvələrinə hücum riskinin artdığını qeyd etməsi faktını daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bəyan edib.

Pentaqon rəhbəri “hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq üçün” əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verib.

Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdə “THAAD” raketdən müdafiə sisteminin batareyasını və əlavə “Patriot” zenit-raket kompleksləri batalyonlarını yerləşdirəcəyi bildirilir.

Aİ RUSİYAYA QARŞI SANKSİYALAR SƏBƏBİNDƏN PARÇALANA BİLƏR

Avropa İttifaqına sanksiyaların vurduğu zərər Rusiyaya dəyən ziyandan daha çoxdur və bu, gələcəkdə ittifaqın parçalanmasına yol aça bilər. Bunu alman jurnalist Volfqanq Münhau “The New Statesman” nəşri üçün yazdığı məqaləsində qeyd edib.

“Qərb liderləri bu böyüklükdə bir ölkəni təcrid etməyin nə qədər çətin olduğunu düzgün qiymətləndirməyiblər. Düşünürəm ki, rəsmi Moskva ilə müqavilə bağlamaq və Ukraynanın bərpası üçün külli miqdarda pul ödəmək vaxtı gələndə Avropa İttifaqı “çat verəcək”, - deyə Volfqanq Münhau vurğulayıb.

Bununla yanaşı, jurnalist xatırladıb ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, bu ilin sonunda Rusiya iqtisadiyyatı Almaniya, Böyük Britaniya, Fransa və İtaliya iqtisadiyyatlarından daha güclü inkişaf edəcək.

Münhau əlavə edib ki, Ukraynadakı münaqişə Aİ qüvvələrinin son dərəcə gərginləşməsinə gətirib çıxarıb. Jurnalist həmçinin qeyd edib ki, Avropa liderləri hələ də Ukrayna böhranına son qoymaq üçün ümumi strategiya formalaşdırmayıblar.

DÜNYANIN ƏN ÇİRKLİ HAVASI OLAN ŞƏHƏR

Hindistanın paytaxtı Nyu-Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir. Bu barədə “Trend” agentliyinin verdiyi xəbərdə qeyd olunur. Məlumata görə, ölkə səlahiyyətlilərinin bununla bağlı tədbirləri nəticə vermir.

Bildirilir ki, Nyu-Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

Eyni zamanda, Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.

Qeyd edilir ki, havanın çirklənməsinin bu səviyyəsinə şəhərətrafı ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması, həmçinin nəqliyyat vasitələri və kömürlə işləyən elektrik stansiyalarının zərərli tullantıları səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.