DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VLADİMİR PUTİN: TERROR AKTININ SİFARİŞÇİLƏRİ MÜTLƏQ TAPILACAQ

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da terror aktını sifariş edənlər mütləq tapılacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegia iclasında çıxışı zamanı bəyan edib.

Dövlət başçısı bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktından son faydalananları müəyyən etmək vacibdir.

Vladimir Putin həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalı və ictimai yerlər diqqətlə qorunmalıdır.

Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, bu terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar aparılmalıdır.

Prezident sözügedən terror aktının ölkə daxilində nifaq salmaq üçün törədildiyini bildirib və bunun qəbuledilməz olduğunu diqqətə çatdırıb: “Bu terror aktını sifariş edənlər Rusiyanı parçalamaq istəyirdilər”.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Həmçinin 95 nəfər itkin düşmüş hesab edilir.

UKRAYNA KƏŞFİYYATI MARQARİTA SİMONYANI “AXTARIR”

“Ukrayna kəşfiyyatı məni öldürmək istəyir”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu “Russia Today” dövlət telekanalının erməni baş redaktoru Marqarita Simonyan bildirib. Jurnalistin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik Xidməti onun dünya ölkələrinə səyahətini əngəlləməyə çalışır. Simonyan əlavə edib ki, bu yolla Ukrayna xüsusi xidmət orqanları onu öldürmək üçün zəmin hazırlayır.

Qeyd edək ki, erməni əsilli jurnalist barəsində Ukraynada cinayət işi açılıb. Barəsində qiyabi həbs qərarı verilən M.Simonyan Ukraynada “mülki insanlara qarşı soyqırımı çağırışı”, “Ukraynanın ərazi bütövlüyünə qəsd” kimi maddələrlə ittiham olunur.

Yeni sənədləşdirilmiş cinayətlər arasında Marqarita Simonyanın 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı açıq çağırışı da var. O, həmçinin Ukrayna vətəndaşlarının fiziki şəkildə məhv edilməsi iddiası ilə də çıxış edib. Bununla yanaşı, istintaqa görə, erməni əsilli jurnalist dəfələrlə Ukraynanın mülki infrastrukturuna raket hücumlarının davam etdirilməsi üçün kampaniya aparıb.

AVROPA İTTIFAQI İQTİSADİ RƏQABƏTDƏ ÇİNƏ UDUZUR

Avropa İttifaqı gələcəyin bazarlarında rəqabət aparmağa hazır deyil və Çinlə əməkdaşlığın vacibliyinə baxmayaraq, öz iqtisadiyyatını bu ölkədən qorumalıdır. “TASS” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin aparıcı fraksiyasının rəhbəri Manfred Veber bildirib.

“Çinlə əməkdaşlıq vacibdir və biz heç nəyi məhv etməməliyik. Lakin Avropa, nəhayət, sadəlövhlükdən uzaqlaşmalıdır, biz Avropa iqtisadiyyatını qorumalıyıq” - deyə fraksiya rəhbəri vurğulayıb.

Manfred Veberin sözlərinə görə, Çin mütəmadi olaraq “fotoelektrik panellərdə olduğu kimi” dempinq metodlarından istifadə etməklə, gələcəyin yeni texnologiyaları bazarlarını fəth etməyə çalışır: “Biz buna icazə verə bilmərik. Çinlə azad ticarət ədalətli olmalıdır”.

Bununla yanaşı, Veber Almaniya iqtisadiyyatının inkişafı ilə bağlı son məlumatları rəsmi Berlin üçün həyəcan siqnalı adlandırıb.

İSTƏNİLƏN ŞƏXSİN SƏSİNİ KLONLAŞDIRAN YENİ TEXNOLOGİYA

“OpenAI” şirkəti yeni innovasiyalı texnologiyasını təqdim edib. “TRT” telekanalının verdiyi xəbərə görə, şirkətin yeni texnologiyası “Voice Engine” adlanır. O, 15 saniyəlik audio nümunə sayəsində istənilən şəxsin səsini klonlaşdırmaq bacarığına malikdir.

Məlumata görə, “Voice Engine” qısa audio siqnalı analiz edərək emosional və realistik səs ilə təbii səslənməyə sahib nitqi tərtib edir. “OpenAI” şirkətinin nitq sintezi mövzusunda artıq mövcud olan bu yeni texnologiya müxtəlif faydalı məqsədlərdə istifadə edilə bilər. Məsələn audio kitabların səsləndirilməsində, nitq tərcüməsində, danışıq imkanı mövzusunda müəyyən məhdudiyyətlərə sahib insanlar üçün yardımda və s.

Eyni zamanda, şirkət sözügedən texnologiyanın istifadə risklərini də nəzərə alır. Belə ki, “Voice Engine” heç də yaxşı niyyətə sahib olmayan insanlar tərəfindən müxtəlif məqsədlər üçün sui-istifadə edilə bilər. Şirkət bu cür halların qarşısını almaq üçün müəyyən ciddi tədbirlər də görür.

TÜRKİYƏ PREZİDENTİNİN ABŞ VƏ İRAQ SƏFƏRLƏRİNİN DETALLARI MƏLUM OLUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a səfəri zamanı müzakirə edəcəyi məsələlər açıqlanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ərdoğanın amerikalı həmkarı Cozef Baydenlə görüşündə “F-16” prosesi və Türkiyənin “F 35” layihəsi üçün ödədiyi 1,4 milyard dolların geri qaytarılması, terrorla mübarizə, İsrail-HƏMAS savaşının dayandırılması, eləcə də 100 milyard dollar ticarət hədəfi masada olacaq.

Eyni zamanda xəbər verilir ki, prezident Ərdoğanın səfər qrafikində İraq da var. Türkiyə lideri bu ölkəyə sonuncu dəfə 2012-ci ildə səfər edib. Ərdoğanın İraqa növbəti səfəri aprelin 22-də olacaq. Türkiyənin davam etdirdiyi terrorla mübarizədə əməkdaşlıq baxımından atılacaq addımlar və “İnkişaf Yolu” layihəsinin Bağdaddakı görüşlərin ən mühüm mövzuları olacağı gözlənilir.

Xatırladaq ki, mart ayında Türkiyə ilə İraq arasında PKK terror təşkilatına qarşı birgə mübarizəyə dair anlaşma əldə edilib. Türkiyə Silahlı Qüvvələrinin bu çərçivədə yay aylarında İraq ərazisində quru əməliyyatlarına başlayacağı gözlənilir.

FRANSIZLAR ÖLKƏDƏ TƏHLÜKƏSİZLİYİN PİSLƏŞDİYİ QƏNAƏTİNDƏDİR

Fransızların böyük əksəriyyəti ölkədə təhlükəsizliklə bağlı vəziyyətin getdikcə pisləşdiyi fikrindədir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu fikir “Le Figaro” qəzetinin sifarişi ilə Fiducial/Odoxa xidmətinin apardığı sosioloji tədqiqatın nəticələrində əksini tapır.

Məlumata əsasən, sosioloji rəy sorğusunda iştirak edən vətəndaşların 92 faizi Fransada təhlükəsizliklə bağlı vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.

Bununla yanaşı, fransızların 60 faizi evlərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Onların 33 faizi binalarının giriş qapılarında kod olan mühafizə sistemləri quraşdırıb, 26 faizi evlərini siqnalizasiya ilə, 24 faizi videonəzarət kamerası ilə təchiz edib. Həmçinin hər beşinci fransalıdan biri özü ilə bibər qazı balonu gəzdirir.

Xatırladaq ki, bir müddət öncə Fransanın daxili işlər naziri Jerald Darmanen ölkənin misli görünməmiş terror təhlükəsi ilə üz-üzə olduğunu bildirilib.

GÜNƏŞDƏN YEDDİ DƏFƏ DAHA İSTİ OLAN NÜVƏ REAKTORUNDA YENI REKORD

Cənubi Koreyada “süni günəş” adlanan KSTAR nüvə reaktoru 100 milyon dərəcə selsi temperaturunda 48 saniyə işləyərək dünya rekordu qırıb. “CNN” telekanalının məlumatına görə, ölkə alimlərinin məqsədi karbon qazı çirklənməsinə səbəb olmayan, təmiz enerji mənbəyi olan nüvə sintezi texnologiyasını inkişaf etdirmək üçün KSTAR nüvə reaktorunu 100 milyon dərəcə selsi temperaturunda mümkün qədər uzun müddət işlətməkdir.

Bildirilir ki, araşdırmalar zamanı Günəşin və digər ulduzların parlamasına səbəb olan reaksiyalar təqlid edilir və qeyri-adi dərəcədə yüksək temperaturlar yaradılır.

Alimlər plazmanı Günəşin nüvəsindən 7 dəfə yüksək olan 100 milyon dərəcə temperaturda 48 saniyəyə işlətməyə nail olublar. Beləliklə, 2021-ci ildə müəyyən edilmiş 30 saniyəlik əvvəlki dünya rekordu geridə qalıb.

KSTAR Araşdırma Mərkəzinin direktoru Si-Vu Yun belə yüksək temperatura davam etməyin asan olmadığını qeyd edərək bu son rekordun əhəmiyyətini vurğulayıb və 2026-cı ilə qədər reaktoru 300 saniyə işlətməyi düşündüklərini söyləyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.