DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ İSVEÇİN NATO-YA ÜZVLÜYÜNÜN VAXTI İLƏ BAĞLI ÖHDƏLİK GÖTÜRMƏYİB

Türkiyə İsveçin NATO-ya üzvlüyünün təsdiqinin vaxtı ilə bağlı heç bir öhdəlik götürməyib, bununla bağlı spekulyasiyalar qəbuledilməzdir. Bu barədə “Sputnik” informasiya agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, “Röyters” agentliyi daha əvvəl bildirmişdi ki, Türkiyə rəsmiləri NATO-ya İsveçin üzvlük ərizəsini alyansın xarici işlər nazirlərinin noyabrın 28-29-da Brüsseldə keçiriləcək görüşünə qədər ratifikasiya edə bilməyəcəkləri barədə məlumatlandırıblar.

“Biz müddətlə bağlı heç bir öhdəlik götürməmişik, məsələ Türkiyə Böyük Millət Məclisinin müvafiq komitəsində hərtərəfli nəzərdən keçirilir və müzakirə olunur. Bu prosesdə son qərarı Türkiyə Parlamenti verəcək. Bununla bağlı spekulyasiyalar qəbuledilməzdir”, - deyə agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqlənməsi haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb.

İSRAİLİN BAŞ NAZİRİ BMT-Nİ TƏNQİD EDİB

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin Qəzza zolağında artan humanitar böhrana çox gec reaksiya verdiyini açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, baş nazir bu barədə Belçika və İspaniyadan olan həmkarları Aleksandr De Kroo və Pedro Sançeslə görüşündə bildirib.

“Mən hələ BMT və beynəlxalq təşkilatlardan görmək istədiyim səyləri görməmişəm. Qış yaxınlaşır və Qəzza zolağındakı təhlükəsiz zonalarda on minlərlə çadır qurmamaq üçün heç bir səbəb yoxdur. Lakin BMT təhlükəsiz zonalara daxil olmur və bu, məni heyrətə gətirir”, - deyə Netanyahu vurğulayıb.

Baş nazir qeyd edib ki, İsrail Fələstin anklavının sakinlərinin hərəkəti üçün Qəzza zolağının şimal hissəsindən cənuba doğru təhlükəsiz dəhliz açıb və bundan sonra mülki itkilərin sayı azalmaqdadır. “Hərbi əməliyyatlar sakinləri xəbərdarlıqlarımıza qulaq asmağa və anklavın cənubuna doğru getməyə məcbur edib. Onlar cənuba çatanda humanitar yardıma çıxış əldə ediblər”, - deyə Benyamin Netanyahu əlavə edib.

TÜRKİYƏNİN BU SAHƏDƏ QAZANCI 35 MİLYONDAN 185 MİLYON DOLLARA YÜKSƏLİB

Türkiyənin Bosfor boğazından gəmilərin keçməsindən əldə etdiyi gəlir iki il ərzində 185 milyon dollara yüksəlib. Türkiyə mətbuatının məlumatına görə, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Verilən xəbərə görə, iyul ayından etibarən Türkiyə öz boğazlarından gəmilərin keçidinin qiymətini səkkiz faizdən çox artırıb (4,42 dollara qədər). Tarif 1936-cı ildə boğazlar bölgəsində gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır. Sənəd imzalananda qızıl frank 0,8 dollara bərabər idi.

“Montrö Konvensiyasının “Gold Frank” blokunda edilən yeniliklər sayəsində boğazdan keçiddən əldə edilən 35 milyon dollarlıq gəlir 185 milyon dollara yüksəlib”, - deyə “Akşam” qəzeti nazirdən sitat gətirib.

Xatırladaq ki, Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Konvensiya sülh və müharibə dövründə ticarət gəmilərinin boğazlar vasitəsilə hərəkət azadlığını qoruyur, lakin müxtəlif naviqasiya rejimləri tətbiq edir.

HİNDİSTANDA 41 NƏFƏRI GÜNLƏRDIR DAĞINTILAR ALTINDAN ÇIXARA BİLMİRLƏR

Hindistanın Uttarkand əyalətinin Uttarkaşi şəhərində dağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı on gündən çoxdur ki, davam edir. “Trend” agentliyinin məlumatına görə, inşaatçılar tikdikləri 4,5 kilometrlik yeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonra dağıntılar altında qalıblar. Qeyd edək ki, insident noyabrın 12-də baş verib.

Məlumata əsasən, tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaq çox çətindir. Həmçinin burğu maşınlarının da tez-tez sıradan çıxması işlərin ləngiməsinə səbəb olur.

Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsilə inşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın 20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara isti yemək verilməyə başlayıb. İşçilər qohumları ilə videozənglər vasitəsilə əlaqə saxlayırlar.

Qeyd edilir ki, xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçıları xilas etmək üçün isə hələ 12 metr məsafə qalıb.

Aİ VƏ NATO İLLƏR ƏRZINDƏ “HƏRBİ ŞENGEN” SİSTEMİ YARADA BİLMƏYİBLƏR

Avropa İttifaqı (Aİ) və NATO Avropanın bütün ölkələrində hərbi yüklərin daşınması üçün vahid standartları müəyyən edəcək “hərbi Şengen” adlanan sistemi altı il ərzində yarada bilməyib. Bu layihənin həyata keçirilməsində real irəliləyişin olmadığını NATO-nun Təminat və Logistika üzrə Birgə Komandanlığının rəhbəri general-leytenant Aleksandr Zolfrank “Röyters” agentliyinə müsahibəsində bildirib.

Verilən xəbərə görə, sözügedən sistem qoşunların və ağır texnikanın sürətlə və bürokratik gecikmələr olmadan Aİ ölkələri arasında, əsasən Atlantik sahillərindəki limanlardan, ABŞ və Kanadadan, şərqə, Rusiya və Belarus sərhədlərinə doğru daşınmasına imkan yaratmalı idi.

Generalın açıqlamasına əsasən, dinc dövrdə həyata keçirilməyən bu məsələni böhran və ya müharibə zamanı düzəltmək mümkün olmayacaq. “Buna sadəcə, vaxtımız olmayacaq. Biz hadisələri qabaqlamalıyıq. 5-ci maddə qüvvəyə minməmiş hərbi əməliyyatlar teatrı hazırlamalıyıq”, - deyə Aleksandr Zolfrank əlavə edib.

YAPONİYA YERİN ORBİTİNDƏ KXDR-İN PEYKİ OLA BİLƏCƏK OBYEKT AŞKARLAYIB

Yaponiya Müdafiə Nazirliyi Yerin orbitində KXDR-in peyki ola biləcək obyekt aşkarlayıb. “Report” agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Minoru Kihara açıqlamasında bəyan edib.

Eyni zamanda, bildirilir ki, nazir Şimali Koreya peykinin buraxılmasının uğurlu sayıla biləcəyini qiymətləndirməkdən yayınıb.

Qeyd edək ki, Koreyanın Mərkəzi Teleqraf Agentliyi rəsmi Pxenyanın uğurlu həyata keçdiyini bildirdiyi “Malligön-1” kəşfiyyat peykinin buraxılışının şəkillərini dərc edib.

Agentliyin məlumatına əsasən, raket noyabrın 21-də Sohe kosmodromundan havaya buraxılıb və uçuş 705 saniyə çəkib. Daşıyıcı raket verilmiş uçuş trayektoriyasına uyğun hərəkət edib. Beləliklə, “Malligön-1” peyki uğurla orbitə çıxarılıb.

Bununla yanaşı, Şimali Koreya lideri Kim Çen In hərbi peykin orbitə buraxılmasının düşmənlərin fəaliyyətinə qarşı tam hüquqlu müdafiə təlimi olduğunu bildirib. O, peykin xarici güclərin hərbi fəaliyyətlərini izləyən “kosmik qoruyucu” olduğunu vurğulayıb.

DÜNYANIN ƏN BÖYÜK AYSBERQİ HƏRƏKƏT ETMƏYƏ BAŞLAYIB

Dünyanın ən böyük aysberqi 30 ildən çox okeanın dibində ilişib qaldıqdan sonra hərəkətlənib. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur.

Bildirilir ki, “A23a” adlanan bu nəhəng buz təbəqəsi 1986-cı ildən Antarktika sahil zolağında hərəkətsiz dayanırdı. Onun ərazisi təxminən 4 min kvadratkilometrdir ki, bu da Londondan iki dəfə böyükdür.

Məlumata görə, ötən il aysberqin sürətlə hərəkətləndiyi müşahidə edilib və o, indi Antarktika sularından kənara doğru yerini dəyişməyə başlayıb.

Qeyd edilir ki, “A23a” əsl nəhəngdir və hamını heyran edən təkcə onun eni deyil. Bu buz plitəsinin qalınlığı təxminən 400 metrdir. Müqayisə üçün qeyd edək ki, Avropanın ən hündür göydələni olan “London Shard”ın hündürlüyü cəmi 310 metr təşkil edir.

Hazırladı: Vamiq ABBASOV,

“Respublika”.