DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

NETANYAHU ABŞ-A SƏFƏRİ ZAMANI ƏRDOĞANLA GÖRÜŞƏCƏK

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfəri zamanı ölkə başçısı Cozef Baydenlə yanaşı Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski ilə də görüşməyi planlaşdırır. “Report” agentliyinin xəbərinə görə, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilir ki, Netanyahu bazar günü axşam İsraildə yəhudilərin Yeni ili - Roş-Ha-Şana başa çatdıqdan dərhal sonra İsraildən ABŞ-a səfərə yollanacaq. Qeyd olunub ki, onun ABŞ-a səfəri dövlət səfəri statusunda olacaq.

“Səfər çərçivəsində hökumət başçısı ABŞ prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Volodimir Zelenski və Cənubi Koreya lideri Yun Sok Yol ilə görüşəcək”, - deyə açıqlamada qeyd olunur.

Səfər zamanı Netanyahu həmçinin BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edəcək təşkilatın baş katibi Antonio Quterreşlə görüş keçirəcək.

AVROPA İTTİFAQI İRANI ÖLÜM HÖKMÜNÜ LƏĞV ETMƏYƏ ÇAĞIRIB

Avropa İttifaqı (Aİ) İranı ölüm hökmünü ləğv etməyə və məhbuslara qarşı lazımi hüquqi prosesləri başlatmağa çağırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu çağırış İranda son bir il ərzində artan edamların sayı ilə əlaqəlidir.

Məlumata əsasən, Aİ-nin bəyanatında ötən il İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin ölümündən danışılıb və bu hadisənin İranda daxili etirazları daha da gücləndirdiyini vurğulanıb.

Eyni zamanda, Aİ İranda insan haqlarının hələ də kritik vəziyyətdə qalmasına diqqət yetirib. “Etirazçılara qarşı ağır hökmlərin, o cümlədən ölüm cəzasının tətbiq edilməsindən dəhşətə gəlirik və hər zaman, hər yerdə və bütün şəraitlərdə ölüm hökmünün əleyhinə olduğumuzu bir daha bəyan edirik”, - deyə bəyanatda bildirilib.

Qeyd olunur ki, mövcud vəziyyətdə Aİ və ona üzv ölkələr İranı özünün də qoşulmuş olduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda qeyd olunan prinsiplərə ciddi şəkildə riayət etməyə çağırırlar.

MƏRAKEŞDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 50 MİN EV TAMAMİLƏ DAĞILIB

Mərakeşdə baş verən və 2946 nəfərin ölümünə, 5674 insanın yaralanmasına səbəb olan 7 bal gücündə zəlzələdə təxminən 50 min ev tamamilə və ya qismən dağılıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Mərakeş Kral Ofisindən verilən yazılı açıqlamaya görə, zəlzələ nəticəsində evsiz qalanların  sığınacaq ehtiyaclarının ödənilməsi və lazımi yardımların çatdırılması ilə əlaqədar fövqəladə hal proqramının həyata keçirilməsi üçün kral VI Məhəmmədin sədrliyi ilə xüsusi iclas keçirilib.

Eyni zamanda, açıqlamada zəlzələdən zərər çəkmiş 5 bölgədə təxminən 50 min evin tamamilə və ya qismən dağıldığı, dövlətin zəlzələdən zərər çəkmiş ailələrə 30 min dirhəm (təxminən 3 min dollar) məbləğində təcili yardım edəcəyi qeyd edilib.

Bununla yanaşı, bildirilir ki, tamamilə dağılan evlər üçün 140 min dirhəm (təxminən 14 min dollar), qismən dağılmış  evlər üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) birbaşa maliyyə yardımı veriləcəyi qeyd olunur.

Xatırladaq ki, sentyabrın 8-də yerli vaxtla saat 23:10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Mərakeşlə yanaşı,  Rabat, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

ŞAHZADƏ DİANANIN MƏŞHUR SVİTERİ 1 MİLYON DOLLARA SATILDI

Şahzadə Diananın məşhur quzu şəkilli sviteri hərracda 1,14 milyon dollara satılıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Şahzadə Diananın ağ quzular arasında tək bir qara quzunun yer aldığı  sviteri 31 avqustda ABŞ-ın “Sotheby's” hərrac evi tərəfindən 50 mindən 80 min dollara qədər satış təxmini ilə hərraca çıxarılmışdı. Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Məlumata əsasən, 2023-cü ilin mart ayında çardaqda tapılan sviter son illərdə hərracda satılan şahzadə Diana ilə bağlı bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.

Şahzadə Diana bu simvolik sviteri 1981-ci ildə, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənmədən bir neçə həftə əvvəl polo yarışında geyinmişdi.

Xatırladaq ki, 1996-cı ildə İngiltərənin hazırkı kralı III Çarlzdan boşanan şahzadə Diana növbəti il 36 yaşında Fransanın paytaxtı Parisdə yol qəzasında dünyasını dəyişib.

SARKOZİ: UKRAYNANIN NATO-YA QƏBULU SÜLHƏ GƏTİRİB ÇIXARMAYACAQ

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ukraynanın NATO-ya daxil olmasının sülhə gətirib çıxarmayacağını, Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcəyini bildirib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, o, bu barədə “BFMTV” telekanalının efirində bildirib.

Keçmiş dövlət başçısı hesab edir ki, Ukrayna neytral statusa malik olmalı və BMT vasitəsilə təhlükəsizlik zəmanəti almalıdır. Sarkozinin fikrincə, bu yanaşma müzakirəyə layiqdir.

Eyni zamanda, siyasətçi münaqişəyə son qoymağın iki yolunu göstərib - dünya müharibəsinə çevrilə biləcək hərbi toqquşma və ya diplomatik danışıqlar.

Bununla yanaşı, eks-prezident Rusiya ilə Avropanın qonşular kimi əməkdaşlığının vacibliyini vurğulayıb.

NASA UNO-ların YERDƏN KƏNAR MƏNŞƏLİ OLDUĞUNA DAİR DƏLİL TAPMAYIB

ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) yaratdığı və xalq arasında UNO kimi tanınan naməlum uçan cisimləri araşdırmaq üçün yaradılan komitə bu obyektlərin kosmosdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Müstəqil şəkildə yaradılmış və 16 nəfərdən ibarət idarə heyəti təxminən bir illik araşdırmadan sonra 33 səhifəlik hesabat açıqlayıb.

NASA rəsmisi Bill Nelson hesabatla bağlı mətbuat konfransında çıxışında deyib: “Sözügedən obyektlərin nə olduğu  bilinmir. NASA-nın missiyası bu naməlum obyektləri öyrənməkdir. Araşdırmalar davam edəcək və yeni nəticələri də şəffaf şəkildə paylaşılacaq”.

Bill Nelsonun sözlərinə görə, onların məqsədi UNO-larla bağlı müzakirələri sensasiyadan elmə çevirməkdir. O, əlavə edib ki, UNO-larla əlaqəli mənfi qavrayış məlumatların toplanmasına maneə yaradır.

“Milyardlarla qalaktika və ulduzun olduğu kainatda bəlkə başqa həyat da mövcuddur”, - deyə Bill Nelson əlavə edib.

YAPONİYADA YAŞI 100-dən ÇOX OLAN İNSANLARIN SAYI İLK DƏFƏ 92 MİNİ ÖTÜB

Yaponiyada yaşı 100-dən çox olan uzunömürlülərin sayı ilk dəfə 92 min nəfəri ötüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi Yaşlı Vətəndaşlara Təşəkkür Günü ilə bağlı açıqlamada bildirib. Məlumata görə, bu gün sentyabrın 18-də qeyd edilir.

Bildirilir ki, sentyabrın 15-nə olan məlumata əsasən, Yaponiyada yaşı 100-dən çox 92139 vətəndaş yaşayır. Ölkədə onların sayı son 50 ildə çoxalmaqdadır. Bu il onların sayı 1500 nəfər artıb. Nazirlik həmçinin vurğulayıb ki, bu il 47107 nəfər 100 illik yubileyini qeyd edəcək.

Yaponiyada 1963-cü ildə yaşlı sakinlərin sosial təminatı haqqında qanun qəbul edilib. Onda ölkədə yaşı 100-dən çox olanların sayı 153 nəfər olub. 1981-ci ildə onların sayı 1000 nəfərə, 1998-ci ildə 10 minə, 2012-ci ildə isə 50 minə çatıb.

Başqa ölkələrdə olduğu kimi, Yaponiyada da qadınlar kişilərdən uzunömürlüdür. Burada qadınlar üçün orta ömür uzunluğu 87, kişilər üçün isə 81 yaşdan çoxdur. 107 yaşlı Fusa Tasumi Yaponiyanın ən yaşlı vətəndaşıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.