Xanun qasırğası Cənubi Koreyada həyatı iflic etdi: 10 mindən çox insan təxliyə edildi.
Dünya xəbərləri

Xanun qasırğası Cənubi Koreyada həyatı iflic etdi: 10 mindən çox insan təxliyə edildi.

Yaponiyada təxminən 2 həftədir təsirini davam etdirən “Xanun” qasırğası bu dəfə Cənubi Koreyanı vurub.

“Respublika” “Hüriyyət” nəşrinə istinadən xəbər verir ki, Cənubi Koreya Meteorologiya İdarəsinin (KMA) verdiyi açıqlamada, saatda 22 kilometr sürətlə irəliləyən tayfunun yerli vaxtla saat 09:20 radələrində cənub-şərqdəki Geoje şəhəri yaxınlığında quruya çatdığı bildirilib.

Güclü külək və yağışlara səbəb olan qasırğanın bəzi yerlərdə sel və torpaq sürüşməsinə səbəb olduğu  bildirilib.

Qeyd edək ki, Cənubi Koreyanın Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Qərargahı Qyonqbuk, Qyonqnam, Connam və Busan bölgələrində 10 641 nəfərin təxliyə edildiyini açıqlayıb. Bu gün 14 hava limanında həyata keçirilməsi planlaşdırılan 355 reysin ləğv edildiyi bildirilsə də, 154 sərnişin gəmisinin isə ehtiyat məqsədilə səfərlərinə ara verilib.

Musa Bağırlı,

“Respublika”.