Yaponiyada zəlzələdə ölənlərin sayı 232-yə çatıb
Dünya xəbərləri

Yaponiyada zəlzələdə ölənlərin sayı 232-yə çatıb

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 232-yə çatıb.

"Respublika" Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə İşikava prefekturasının hakimiyyət orqanları məlumat yayıb. Xəsarət alanların sayı 1000-dən çoxdur. Hazırda 21 nəfər itkin hesab olunur.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları və fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub. Zəlzələ 10 minlərlə sakinin gündəlik yaşayışına mənfi təsir edib. Təbii fəlakət bölgəsindən təxliyə edilmiş minlərlə sakin hələ də müvəqqəti yerlərdə qalır.

Nomura Araşdırmalar İnstitutunun mütəxəssisləri dağıdıcı zəlzələnin ölkə iqtisadiyyatına zərərini 816 milyard yapon yeni (təxminən 5,5 milyard ABŞ dolları) həcmində qiymətləndiriblər.