AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Turkic World": Prezident İlham Əliyev Dubaya səfər edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

Bu barədə "Turkic World" xəbər agentliyi məlumat yayıb. Məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Dubaya səfər edib. Dövlət başçımızı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıb.

Daha sonra Azərbaycan Prezidenti BƏƏ-nin Prezidenti ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Yekunda dövlət başçımız Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət edib.

"Vestnik Kavkaza":Şuşada beynəlxalq elmi konfrans keçirilib

Şuşada "Türk dünyasının mədəni turizm perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

"Vestnik Kavkaza" xəbər verir ki, konfransda "Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi" mövzusuna dair müzakirələr aparılıb və təqdimatlar olub.

Eyni zamanda, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan təmsilçiləri çıxış ediblər.

"Anadolu Agentliyi":Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə danışıqları intensivləşdirir

Noyabrın 30-da baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasında sərhəddə görüş keçiriblər. Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin hazırlanması barədə razılığa gəliblər.

Türkiyə mətbuatı bu barədə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci görüşünə dair Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verib.

Qeyd olunub ki, tərəflər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

"News.ru": Azərbaycan Avropa Parlamentinin hesabatını "kağız parçası" adlandırıb

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.

"News.ru" Azərbaycan KİV-lərinə istinadla xəbər verir ki, "hesabatda Ermənistanla müqayisədə Azərbaycanı pisləyən bəyanat qəbuledilməzdir, heç bir qüvvəsi yoxdur" fikirləri Milli Məclisdə səsləndirilib.

Həmçinin, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hesab edir ki, sənədin müddəaları beynəlxalq hüququ pozur və "kağız parçaları"ndan başqa bir şey deyil.

"Logisticsgulf": "SAFEEN Group" və SOCAR arasında strateji memorandum imzalanıb

"Logisticsgulf" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "AD Ports Group" (Əbu-Dabi) Dəniz Nəqliyyatı və Əməliyyat Klasterinə daxil olan "SAFEEN Group" arasında Anlaşma Memorandumu imzalanıb. Sazişin şərtlərinə görə, şirkətlər Azərbaycanın dənizçilik və gəmiçilik sektorlarında bir sıra istiqamətlər üzrə əməkdaşlıq edəcək. Məlumata görə, hər iki tərəf Azərbaycanda dəniz landşaftını yaxşılaşdırmaqla yanaşı, tərəflərin iqtisadi və strateji layihələrini dəstəkləmək məqsədilə geniş spektrə malik dənizçilik və logistika xidmətləri göstərmək üçün özünün geniş təcrübəsindən istifadə etməyə çalışacaq.

"SOCAR ilə imzalanan bu Memorandum dənizçilik və gəmiçilik sektorunda perspektivli çoxşaxəli sinerji üçün yeni imkanlar açır. Azərbaycanın strateji yeri və SOCAR-ın təcrübəsi regionda dəniz xidmətləri, infrastruktur və logistikanı yüksəltmək üçün dinamik platformanı təmin edəcək", - deyə Dəniz Klasterinin baş direktoru və "SAFEEN Group", "AD Ports Group"un kapitanı Əmmar Əl Şaiba bildirib.

"Pakistan Observer": Azərbaycan məhsulları

İstanbulda keçirilən "Halal Expo" sərgisində nümayiş etdirilir

İstanbulda keçirilən Ümumdünya Halal Sammiti çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan "Halal Expo" sərgisində Azərbaycanda halal qida məhsulları istehsal edən şirkətlərin məhsulları da nümayiş etdirilir.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb. Azərbaycan İstanbulda keçirilən "Halal Expo" sərgisinə 4 şirkətin ət və ət məhsullarını təqdim edir. 

"Respublika".