Sarsılmaz qardaşlıq
Siyasət

Sarsılmaz qardaşlıq

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli, siyasi və tarixi şəxsiyyətdir. Onun siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edib. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyi ilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev, türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir.

Tarixə nəzər salsaq, görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və ulu öndər Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi, məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli Lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr, Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. "Ulu öndərin Prezident olduğu dönəmdən qurulan bu möhkəm bağ bu gün də sarsılmaz, daha möhkəm təməllər üzərində davam edir". Bu fikri açıqlamasında Kars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zekeriya Demiral vurğulayıb. O deyib ki, ulu öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi formulu, zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Heydər Əliyev, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsində, Şuşa Bəyannaməsi ilə tarixin ən yüksək nöqtəsinə çatmasının təməllərini qoyan ümummilli liderdir. İlk olaraq Naxçıvanda olarkən, Türkiyə ilə olan əlaqələrin saxlanılmasında, "Ümid" körpüsünün açılmasında, həmçinin Bakıya qayıtdıqdan sonrakı fəaliyyəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin başlanğıcında dostluq, müttəfiqlik və qardaşlığın əsas bünövrəsini qoymuşdur.

Dərnək rəhbəri qeyd edib ki, ümummilli liderin Türkiyə-Azərbaycan münasibətlərində adı çəkiləcək ən önəmli fəaliyyətlərindən biri "Əsrin müqaviləsi"nin imzalanması, "Bakı-Tbilisi-Ceyhan" boru xəttinin açılmasıdır: "Bu hadisələr olmasaydı, vəziyyət başqa istiqamətdə gedə bilərdi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin "Əsrin müqaviləsi"ndə Türkiyəyə pay verməsi Türkiyə-Azərbaycan siyasi, iqtisadi münasibətlərinə təsir edən ən önəmli amillərdən biridir.

"Heydər Əliyevin, türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası, bu gün də uğurla davam etdirilir. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan, məhz ənənələrə sadiq qalaraq, səmimi dostluq və qardaşlıq münasibətlərini qoruyub saxlayırlar. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək, Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Türkiyə Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi verdi. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da Azərbaycanı tək qoymadı, birlik, həmrəylik nümayiş etdirdi. Beləliklə, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar. Şuşa Bəyannaməsi ilə dövlətlərimiz arasındakı əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı", - deyə Z.Demiral vurğulayıb.

Dərnək rəhbəri sonda qeyd edib ki, ümummilli liderin "Biz bir millət, iki dövlətik", kəlamını bu gün Ali Baş Komandan İlham Əliyev "Azərbaycan haradadırsa, Türkiyə ordadır, Türkiyə haradadırsa, Azərbaycan oradadır" ifadəsi ilə davam etdirir. Bu tarixi ənənənin gündən-günə daha da inkişaf etdirilməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməyəcəyik.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.