DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ KONQRESİ PREZİDENTİN BU SƏLAHİYYƏTİNİ MƏHDUDLAŞDIRDI

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, müvafiq bənd 2024-cü il maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktında əks olunub.

Bildirilir ki, Konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənədə əsasən, ABŞ prezidenti senatorların üçdə ikisinin təsdiqi, Senatın məsləhəti və razılığı olmadan ölkənin NATO-da iştirakını dayandıra və ya təşkilatdan çıxara bilməz.

“Prezident 1949-cu il aprelin 4-də Vaşinqtonda bağlanmış Şimali Atlantika Müqaviləsini dayandıra, ləğv edə və ya ABŞ-ı təşkilatdan çıxara bilməz”, - deyə təsdiq edilmiş qanun layihəsində qeyd olunur.

Senatorların fikrincə, NATO-dan çıxışın məhdudlaşdırılması barədə təklif ABŞ-ın milli təhlükəsizliyinin əsasını təşkil edən təşkilata ölkə tərəfindən dəstəyi təsdiqləyir.

Həmçinin layihəyə görə, ABŞ-ın NATO-dan çıxarılmasına istifadə oluna biləcək maliyyə resurslarının ayrılması qadağandır.

İRANDA POLİS MƏNTƏQƏSİNƏ HÜCUM NƏTİCƏSİNDƏ 12 POLİS HƏLAK OLUB

İranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsində polis məntəqəsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7-si isə yaralanıb. Bu barədə “Report” agentliyi İran mətbuatına istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, silahlı hücumu “Çeyş-əl-Adl” qruplaşması həyata keçirib. Bildirilib ki, atışma nəticəsində qruplaşma üzvləri də itki verib.

Qeyd edilir ki, bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur.

Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.

SUDAN VƏ FƏLƏSTİN BÖHRAN RİSKİ OLAN ÖLKƏLƏR SİYAHISINDA BİRİNCİDİR

“Beynəlxalq Xilasetmə Komitəsi” (IRC) qeyri-hökumət təşkilatı 2024-cü ildə humanitar vəziyyətin daha da pisləşmə riski olan 20 ölkənin illik siyahısını dərc edib. “TASS” agentliyinin verdiyi xəbərə görə, hesabatda 2023-cü ildə humanitar yardıma ehtiyacı olan insanların ümumi sayının 300 milyona, evlərini tərk etmək məcburiyyətində qalanların sayının isə 110 milyona çatdığı qeyd olunub.

Eyni zamanda, təşkilatın press-relizində bildirilir ki, əsasən Afrikada olan bu 20 ölkə dünya əhalisinin təxminən 10 faizini, məcburi köçkünlərin 70 faizini əhatə edir.

Məlumata görə, siyahıya Sudan başçılıq edir. Qiymətləndirmələrə əsasən, bu ölkədə döyüşlər getdiyinə, beynəlxalq ictimaiyyətin minimum diqqətinə və regional mənfi nəticələr riski səbəbindən 2024-cü ildə 25 milyon insanın humanitar yardıma ehtiyacı olacaq və köçkünlərin sayı 6 milyona çatacaq. İkinci yeri tutan Fələstində azı 3 milyon məcburi köçkünün yardıma ehtiyacı ola bilər.

Siyahıda üçüncü yeri əhalisi silahlı münaqişə və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edən Cənubi Sudan tutub.

ÇİN ORBİTƏ TƏKRAR İSTİFADƏ EDİLƏN ROBOT KOSMİK GƏMİ GÖNDƏRİB

Çin xərcləri azaltmaq üçün təkrar istifadə edilə bilən texnologiyaların inkişaf etdirilməsi məqsədi daşıyan bir sıra məxfi orbital sınaq uçuşlarında müvəffəqiyyətlə təkrar istifadə edilə bilən robot kosmik gəmini orbitə buraxıb. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur.

Xəbər verilir ki, ekipajsız kosmik gəmi Çinin astronavtlarını kosmosa daşımaq üçün istifadə etdiyi eyni raket seriyası olan “Long March 2F” raketi ilə cümə axşamı ölkənin şimal-qərbindəki “Jiuquan” peyk buraxılış mərkəzindən kosmosa göndərilib.

Məlumata əsasən, kosmik gəmi Çində təyin edilmiş eniş yerinə qayıtmazdan əvvəl müəyyən müddət orbitdə işləyəcək. Uçuş zamanı təkrar istifadə edilə bilən texnologiyalar yoxlanılacaq və kosmik təcrübələr aparılacaq.

Təkrar istifadə olunan kosmik gəminin sonuncu buraxılışı 2022-ci ilin avqustunda olub. O, orbitdə 276 gün qaldıqdan sonra Yerə qayıdıb. Hansı texnologiyaların sınaqdan keçirildiyi və onun nə qədər hündürlükdə uçduğu barədə ətraflı məlumat verilməyib. Kosmik gəminin görüntüləri heç vaxt ictimaiyyətə göstərilməyib.

Məlumat üçün qeyd edək ki, bəziləri tərəfindən “Shenlong” və ya Çin dilində “İlahi əjdaha” adlandırılan Çinin təkrar istifadə edilə bilən kosmik gəmi planları ABŞ-ın “X-37B” kimi tanınan avtonom kosmik təyyarə üzrə məxfi proqramı ilə üst-üstə düşür.

ÇİN XİN-İ VLADİMİR PUTİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRİB

Çin Xalq Respublikası Rusiya prezidenti Vladimir Putinin iki ölkə arasındakı münasibətlərə dair pozitiv mövqeyini yüksək qiymətləndirir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya və Çin arasında münasibətlər dünyada sabitliyin ən mühüm təminatçılarından biridir.

Mao Nin vurğulayıb ki, Çin-Rusiya münasibətləri qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalılıq əsasında sağlam və sabit inkişafı davam etdirir.

Eyni zamanda, mətbuat katibinin sözlərinə görə, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasındakı əlaqələr iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar gətirib və həmçinin dünyada ümumi inkişaf və tərəqqinin təşviqində müsbət rol oynayıb.

DÜNYA BANKI UKRAYNAYA 1,34 MİLYARD DOLLAR VƏSAİT AYIRACAQ

Dünya Bankı Ukraynaya əlavə olaraq 1,34 milyard dollar dəyərində vəsait ayırır. “RBK-Ukraina” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal sosial şəbəkələrdəki bəyanatında məlumat yayıb.

Baş nazirin sözlərinə görə, sözügedən vəsait pensiyaların, müəllimlərin maaşlarının ödənilməsinə, məcburi köçkünlərə dəstək və dövlət büdcəsinin digər prioritet xərclərinə yönəldiləcək.

Bildirilir ki, bu maliyyə paketinin əsas hissəsi Yaponiyadan (1,086 milyard dollar) gəlir. Digər hissə isə ABŞ, İsveçrə və Ukraynaya Dəstək, Yenidənqurma və İslahat Fondunun qrantlarıdır.

Eyni zamanda, baş nazir vurğulayıb ki, beynəlxalq tərəfdaşların maliyyə yardımı Ukraynaya makromaliyyə sabitliyini təmin etməyə və bütün daxili resursları ordunun ehtiyaclarına yönəltməyə imkan verir.

Xatırladaq ki, dekabrın əvvəlində Dünya Bankı Ukraynanın 1,2 milyard ABŞ dolları maliyyə dəstəyi alacağını açıqlamışdı.

İSVEÇ BAŞQA ÖLKƏLƏRDƏ HƏBSXANA İCARƏYƏ GÖTÜRMƏYİ NƏZƏRDƏN KEÇİRİR

İsveç hökuməti həbs cəzasına məhkum edilmiş məhbuslar üçün digər ölkələrin həbsxanalarında yer icarəyə götürmək niyyətindədir. “Report” agentliyinin məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Qunnar Strömmer bildirib.

Nazir qeyd edib ki, xüsusi komissiya gələn il hansı ölkələrin “ev sahibi” kimi aktual ola və yeniliyin hansı kateqoriya məhbuslara şamil edilə bilinəcəyi ilə bağlı təkliflər təqdim etməlidir.

Eyni zamanda, ədliyyə naziri xaricdə həbsxanaların icarəyə götürülməsinin İsveçdə onların çatışmazlığı ilə bağlı problemi həll etməyə kömək edəcəyini vurğulayıb.

Qunnar Strömmerin sözlərinə görə, məqsəd daxili həbsxana sisteminin yükünü yüngülləşdirməkdir.

Bildirilir ki, xüsusi komissiya bu təşəbbüsün praktiki həyata keçirilməsi üçün qanunvericilikdə hər hansı dəyişikliyin tələb olunub-olunmamasını da müəyyənləşdirməli olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.