Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Ənvər Məmmədxanlı

Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı... XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarından olan bu yazıçı istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Daha çox  "Buz heykəl", "Od içində", "Ananın ölümü", "Silahlı dağlar", "Qanlı möhür" pyesləri ilə geniş oxucu kütləsi qazanıb. Hüseyn Cavidin qızını sevən, ömrünün sonuna kimi heç vaxt evlənməyən  bu yazıçının tale payına  tənhalıq düşüb...

Göyçayda anadan olan Ənvər Məmmədxanlı orta məktəbi elə orada bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb.

Azərbaycan Neft Akademiyasına daxil olsa da, ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan  Ənvər Məmmədxanlının ali məktəbi yarımçıq qoyub yazıçılıqla məşğul olması ailələrində söz-söhbətə səbəb olub. Atası bu səbəbdən  ömür boyu ondan narazı qalıb.

Deyilənə görə, yazıçının  atası Qafar kişi Müsavat Partiyasının üzvü olub, buna görə  dörd il həbsdə yatıb. Həbsdən çıxdıqdan sonra isə yenidən tutulacağını hiss etdiyi üçün Gürcüstana qaçıb və orada da vəfat edib. Sonralar Ənvər Məmmədxanlı soraqlaşa-soraqlaşa gedib atasının məzarını tapıb və Mirzə Fətəli Axundovun dəfn olunduğu yerdə torpağa tapşırıb. Bununla da o son borcunu yerinə yetirib.

Yazıçı xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olub. Ənvər Məmmədxanlı "Babək" romanını qələmə alsa da, romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və "Babək" kinossenarisini birləşdirib "Azərbaycan" jurnalında çap etdirib.

Deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turan xanımla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Bəzi mənbələrdəki məlumata görə, hətta nişanlanıbmışlar. Lakin H.Cavidin sürgün edilməsi Ə.Məmmədxanlını qorxudub və o, nişanlısından uzaqlaşıb. İllər Sonra H.Cavid bəraət aldıqdan sonra Ə.Məmmədxanlı Turan xanıma yenidən evlilik təklif etsə də, o  belə cavab verib: "Mən qorxaq Ənvəri sevməmişdim, sevdiyim Ənvər cəsur biri idi". Buna görə özünü bağışlaya bilməyən yazıçı həyatı boyu ailə qurmayıb. Turan xanım da bunu bildiyi üçün  ərə getməyib və ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqəlik edib.

Yazıçının ən yaxın dostlarından biri Əvəz Sadıq olub. Mehdi Hüseynlə isə heç yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı tapşırıb,  hər ikisi  işləməkdən imtina etsələr də, bir neçə il sonra "Fətəli xan" filminin ssenarisini bir yerdə yazıblar. Münasibətləri soyuq olsa da Ənvər Məmmədxanlı ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn də xanımı işə götürüb.

Çox qürurlu və romantik insan olan Ənvər Məmmədxanlının qəribə və özünəməxsus dünyası olub. Təbiət qoynunda təkliyə çəkilib saatlarla xəyal etməyi xoşlayırmış.  Bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında o birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə?" dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".

Risk etməyi çox sevən yazıçının heç nədən qorxusu olmayıb. Cəfər Xəndanın dediyinə görə, bir dəfə Stalinqradda, döyüş xəttinin lap yaxınlığında olarkən qəflətən həyəcan siqnalı eşidilibmiş. Hamı təbii ki, qaçıb gizlənib, bircə Ənvərdən başqa. O, həyətdə  o baş-bu başa gedərək heç nə olmamış kimi gəzib.

Deyilənə görə,  yazıçı Mircəfər Bağırova sözünü çəkinmədən, qorxmadan deyə bilirmiş. Hətta dəfələrlə Bağırovla söz güləşdirməsinin nəticəsi olaraq Yazıçılar İttifaqından uzaqlaşdırılıb, adı hər yerdə qara siyahıya salınıb.

Ömrünün son illərində mədəsi  onu çox incidib. Tək yaşamaq, nə gəldi bişirib yemək, kimsəni əziyyətə salmamaq xatirinə öz-özünə qulluq eləmək, xəstəliyinin əsas  səbəblərindən olub. 76 yaşında qəfil xəstəxanaya yerləşdirilən yazıçı orada cəmi dörd gün yatıb.  Axırıncı gecə  sabaha yemək yox, qəzet gətirilməsini istəyib. Səhərisi isə həyatla əbədi vidalaşıb...

İosif Brodski

"Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir". Bu, sinif rəhbərinin onun haqqında verdiyi xasiyyətnamə idi. Söhbət  "tüfeyli şair" adını qazanan, gənc yaşlarında həbsə düşən, psixiatrik xəstəxanada yatan məşhur rus və ingilis şairi İosif Brodskidən gedir...

Şair  Leninqrad (indiki Sankt-Peterburq) şəhərində  yəhudi əsilli ziyalı ailədə dünyaya göz açıb. Atası - Aleksandr Brodski hərbi fotomüxbir, anası isə mühasib idi. Brodski uşaqlıq illəri haqqında danışmağı sevməzdi, qısaca "adi illər idi", - deyib üstündən keçərdi. Halbuki, bu "adi illər" Leninqradın blokadada olduğu dövrə təsadüf edirdi.

Deyilənə görə, Brodski orta məktəbdə çox pis oxuyub və müəllimlərini bezdirirmiş. Dərs zamanı dəftərini gərəksiz  qeydlər və rəsmlərlə doldururmuş. Elə bu səbəbdən bir neçə dəfə məktəb dəyişib. Yeddinci sinfi "2" qiymətlərlə "başa vuran"  gələcəyin şairi təhsilini axşam məktəbində davam etdirməli olub. Azad dinləyici kimi universitet mühazirələrində iştirak edib. Sonralar sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilib. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyib, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyub.

16 yaşından şeir yazmağa başlayan şairin yaradıcılığında Anna Axmatovanın böyük rolu olub. 60-cı illərin əvvəllərində onun yaradıcılığına faktiki olaraq qadağa qoyulub. Şairin əleyhinə "tüfeyliliyə görə" cinayət işi qaldırılıb. Məhkəmə onu 5 il azadlıqdan məhrum edib. Sovet məhkəmə sistemini ifşa edən şairin şeirlərinə və fikrinə görə həbs edilməsi o zaman Qərb dövlətlərini şoka salmışdı. Qərbdən dəstək gələnə qədər o dövrün görkəmli mədəniyyət nümayəndələri ayağa qalxmışdılar. Gənc şair məhkəmə sistemini ifşa etməklə yanaşı, həm də ziyalılıların birliyinə nail olmuşdu. Şairin vətənindəki həyatına diqqət edək: o, 15 yaşında orta məktəbi tərk edir, 18 yaşında "tüfeyli"  şair adını qazanır, 20 yaşında həbs olunur, 23 yaşında həbsxanada psixiatrik klinikaya salınır, 32 yaşında isə ölkəni məcburi tərk edir.

Arxangelskə sürgün edilən Brodski elə həbsxanada ikən  gələcək həyatını  poeziyaya həsr etməyi qərara alır. Bir ildən sonra o, azadlığa buraxılır və doğma şəhəri Leninqrada qayıdır. Bu dövrdən başlayaraq Brodski beynəlxalq aləmdə tanınan yaradıcı şəxsiyyətə çevrilir. Şair bir sıra Qərb universitetlərində mühazirələr söyləmək üçün dəvətlər alır və şeirləri Avropada çap olunur. Nəhayət Brodski mühacirət yolunu seçir. Hava limanında sənətkar acı-acı deyir: "Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam".

Şair Arxangelsdə sürgündə olarkən özündən 2 yaş böyük  Marianna Bosmanova adlı rəssam xanımla tanış olur. Onların bir oğlu dünyaya gəlir. Brodski mühacirətə gedəndə elə zənn edir ki, onlar üçlükdə gedəcəklər: o, Marianna və oğulları. Amma hər şey əksinə olur. Marianna ondan ayrılır, oğluna da öz soyadını (Bosmanov) verir. Brodski isə hətta mühacirətdən də Mariannaya şeirlər yazırdı: "Biz bir yerdə olmağa məhkumuq, taleyimiz belə deyir. Biz mütləq görüşəcəyik - fevralın 31-ə mərc gəlirəm".

Brodski sonralar keçmiş sevgilisini gah qınayır, gah suçlayır, gah da unutduğunu deyirdi. Uzun illər tək-tənha yaşayan şair yalqızlığını pişiklərlə paylaşırdı. Amerikada dostlarından, doğmalarından uzaqda yaşayanda "ailənin" yeganə üzvü Missipi adlı pişik idi... Şair siqareti çox çəkirdi. Ən sevdiyi siqaret brendi isə "Camel" idi. Viskini  də çox içən şair 4 dəfə infarkt keçirmişdi.  Həkimlər ona zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etsələr də o buna məhəl qoymamışdı. Həkimlərdən biri ona demişdi: "Siqareti tərgitsəniz, daha 10 il yaşaya bilərsiz, bir həkim kimi sizə zəmanət veririk!" Ölümdən qorxmayan, əksinə onu qaçılmaz və həyatın "redaktoru" sayan Brodski belə cavab vermişdi: "Həyat elə onun üçün gözəldir ki, heç vaxt, heç nəyə zəmanət yoxdur".

Mariya Sotsaniyə aşiq olanda Brodskinin 50 yaşı vardı. Həyatın elə mərhələsindəydi ki, artıq özünün dediyi kimi, mənəvi qanunlar ağır gəlmirdi. Saçları ağarmış şair tələbələrinin arasında rus mənşəli bir italyan gözəlini görür. Mariya Sotsani sanki intibah dövrü rəssamlarının tablolarından zühur etmişdi... Çox keçmir ki, onlar ailə qururlar. İki ildən sonra xoşbəxt valideynlərin mələküzlü qızları-Anna dünyaya gəlir. Dostları deyirdilər ki, Brodskinin Mariya ilə keçirdiyi 5 il onun indiyə qədər yaşadığı 50 ilə dəyərdi. Lakin şairin uzun illər sonra tapdığı xoşbəxtlik çox da uzun sürmür. O, 55 yaşında ürəktutmasından vəfat edir...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".