Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Tass": "İndi biz Ermənistanla heç vaxt olmadığımız  qədər sülhə yaxınıq"

"Tass" yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın sülhə hər zamankından daha çox yaxın olduğunu bildirib. "İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Bu sözləri Prezident İlham Əliyev "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib: "Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir". Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmiz sülh prosesini davam etdirməyə hazırdır.

"MENAFN": Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi

Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir.

"Menafn" xəbər saytı bildirir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir, heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübənin dünyanın digər bölgələrinə yayılmasına çalışır.

"Vestnik Kavkaza": "BMT Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir"

BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.

Bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib:

"BMT Baş Assambleyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşünü təqdir edir. Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik", - deyə o qeyd edib.

"Daily Sabah": Azərbaycan Aİ-nin əsassız və qərəzli qətnaməsini pisləyir

"Daily Sabah" xəbər verir ki, Avropa Parlamentinin Ermənistanla daha sıx əlaqələr qurmaq üçün qəbul etdiyi qərar Azərbaycanın qəzəbinə səbəb olub. Qeyd edilib ki, rəsmi Bakının verdiyi bəyanatda qərarın "əsassız və qərəzli" ritorikadan ibarət olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin sözlərinə görə, qərar Azərbaycana qarşı təkrarlanan ikili standart yanaşmanın bariz nümunəsidir. Qərarın Ermənistan və Avropa Parlamentində erməni lobbisindən təsirlənən bir çox qruplar tərəfindən dəstəkləndiyini iddia edən A.Hacızadə bunun Bakıya qarşı "qaralama kampaniyası"nın tərkib hissəsi olduğunu bildirib. Sözçünün fikrinə əsasən, qətnamədə beynəlxalq münasibətlərin mahiyyətinə zidd siyasi əxlaqdan kənara çıxan gülünc və təhqiramiz ifadələr, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozan fikirlər yer alıb.

Qeyd edək ki, qərarda Azərbaycanın "beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisinə hərbi hücumları" adlandırılan hadisə "qınanır" və Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaratdığı iddia edilir.

"Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha faydalı quruma çevrilər.

Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir",- deyə Ayxan Hacızadə qeyd edib.

"Kazinform": Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaradır

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaratmağı planlaşdırır.

"Kazinform" xəbər saytı bildirir ki, bu barədə "Samruk Kazyna" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib. O bildirib ki, investisiya fondu hər iki dövləti maraqlandıran layihələri maliyyələşdirəcək:

"Fond, həmçinin Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək. Bu, Qazaxıstanın Azərbaycanla əməkdaşlığını gücləndirəcək və bizə gəlirlər gətirəcək. Çünki bu, sırf kommersiya əsaslı investisiya fondu olacaq", - deyə Jakupov diqqətə çatdırıb.

Qeyd edək ki, indiyənədək Qazaxıstandan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 114 milyon ABŞ dolları, Azərbaycandan Qazaxıstana isə 215 milyon ABŞ dolları təşkil edir. Hazırda Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün isə 50-dən çox Qazaxıstan şirkəti müraciət edib.

"Respublika".