Azərbaycan Diaspor Gəncləri beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb
Diaspora

Azərbaycan Diaspor Gəncləri beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb

“Azərbaycan Diaspor Gəncləri” (ADG) şəbəkəsi ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

16 iyun qurumdan verilən məlumatda bildirilir ki, ADG adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik  istehsal  gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi cəhdinə görə dərin narahatlıq keçirir.

Bu hadisə Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə  ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmasının zəruri olduğuna diqqət cəlb edilib.

Ermənistanın mütəmadi olaraq beynəlxalq hüquq və ekoloji hüquq normalarını kobudcasına pozduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurulduğu kimi faktlar nəzərə çatdırılıb.

“Respublika”.