Bağanis-Ayrım soyqırımından 34 il ötür
Tarix

Bağanis-Ayrım soyqırımından 34 il ötür

İşğal altında olan kəndlərimizin azad edilməsi beynəlxalq hüquq çərçivəsində tanınan haqqımızdır

Tarixi torpaqlarımızda özlərinə dövlət quran mənfur qonşularımız ötən əsrin sonlarından etibarən açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başlamış və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Keçmiş Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, onlara məxsus evlər zəbt olunmuş, şəxsi, eyni zamanda kollektiv təsərrüfatların əmlakı talan edilmiş, torpaqlarımızın 20 faizdən çox hissəsi işğal olunmuş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür.

Ermənilər 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndində yerli əhalini məhz azərbaycanlı olduqları üçün öldürmək, onları yaşayış yerlərindən zorla çıxarmaq üçün daha bir qanlı faciə törətmişlər. Səhər saatlarında kəndə hücum edən qanunsuz erməni silahlı birləşmələri günahsız əhalinin bir hissəsini öldürmüş, bir hissəsini isə zorla qovub çıxarmış, onların evlərinə, idarə, müəssisə və təşkilatlara basqınlar etmişlər. Hərbi Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir ki, 1990-cı il martın 24-də ermənilər tərəfindən törədilmiş Bağanis-Ayrım faciəsi zamanı məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülmüş, iki şəxsə xəsarətlər yetirilmişdir. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılmış, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan yaşayış yerlərindən məcburən didərgin salınmışlar.

Bağanıs Ayrım kəndinin işğal edilib yandırılmasından sonra erməni quldurları Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara olmaqla daha 6 kəndini işğal etmişlər.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan İkinci Qarabağ müharibəsində layiqli dərsini aldı. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürdü. Bu gün Azərbaycan eyni qətiyyəti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında nümayiş etdirir. Düşmənin işğal dövründə yer üzündən sildiyi şəhər, kənd və qəsəbələrimizə yeni həyat verilir. Genişmiqyaslı bərpa-quruculuq işlərinə birbaşa nəzarət edən Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu və iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlərin geri qaytarılmasının vacibliyini vurğulayır. Çünki Azərbaycanın hələ də erməni işğalında olan ərazilərini azad etmək beynəlxalq hüquq çərçivəsində tanınan haqqıdır və müstəqil Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində düşünülmüş, məqsədyönlü siyasət həyata keçirir. Bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində dövlət başçımız bu barədə demişdir: “O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır… Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir...”.

Mehparə ƏLİYEVA,

“Respublika”.