XX əsrin faciəsi
Tarix

XX əsrin faciəsi

İki əsr əvvəl ərazilərimizə, xüsusilə də Qərbi Azərbaycan torpaqlarına yerləşdirilən haylar ərazi iddialarını daha geniş miqyasda gerçəkləşdirməyə çalışıblar. Onlar nəinki yaşadıqları İrəvan mahalına, hətta paytaxt Bakı və digər şəhərlərimizə də göz dikmişdilər. Bu istiqamətdə həyata keçirdikləri qırğınlar sırasında 1918-ci il 31 mart hadisələri tarixin ən qanlı faciələrindən hesab edilir.

Martın 30-dan 3 aprelə kimi Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər. Hadisələrdən bir il sonra ermənilər bu qırğınlara guya bolşeviklərlə müsəlmanlar arasında baş verən hakimiyyət mübarizəsi donu geyindirib mətbuat vasitəsilə yaymışlar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar etmişdir. Hətta Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia etmişdir.

"Böyük Ermənistan" uğrunda ermənilər 1917-ci ildə Rusiyada baş vermiş fevral, oktyabr dövlət çevrilişindən istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışmışlar. Bu məqsədlə 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanmışdı. İnsanlar azərbaycanlı olduğu üçün amansızcasına öldürülmüş, ermənilər evlərə od vuraraq insanları diri-diri yandırmışlar. Bunlar azmış kimi, tarixi abidələr, məscidlər, məktəblər, xəstəxanalar dağıdılmış, xarabazara çevrilmişdir. Nəticədə, Bakı və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür. Erməni vəhşiliyinin daha bir nümunəsi isə onların insanlarla yanaşı, milli memarlıq abidələrimizi də hədəf alması olmuşdur. Belə ki, haylar mart qırğınları zamanı şəhərin mərkəzində yerləşən İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmış, Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı.

Ermənilərin törətdikləri qırğınlar təkcə Bakı ərazisində olmamışdır. Onlar Şamaxının 75 kəndini tamamilə məhv etmişlər. Hələ mart ayının ortalarında planlı şəkildə şəhərə 2000 erməni əsgəri və 60 maşın silah-sursat yerləşdirmişlər. Qoşunu ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etmişdir. Aydın məsələdir ki, ermənilər törətdikləri qırğınları əvvəlcədən düşünülmüş plan üzrə həyata keçirmişlər. Zəngəzurda isə 115 kənd dağıdılmış, insanların əmlakı talan edilmişdir. Qubadakı qırğınlar daha böyük ərazini əhatə etmişdir. Erməni hərbi dəstələri tərəfindən 122 kənd yandırılmış, xeyli sayda insan qətlə yetirilmişdir. Aradan illər keçsə də, erməni düşmənçiliyi davam etmiş, oxşar hadisələr baş vermişdir. Lakin 31 Mart soyqırımı unudulmamış, xalqımızın qan yaddaşından silinməmişdir. 2007-ci il aprel ayının əvvəllərində Quba ərazisində tapılan kütləvi məzarlıqlar bir daha azərbaycanlılara qarşı törədilən soyqırımını təsdiqləmişdir. Beynəlxalq aləmdə hələ də hüquqi qiymətini almayan faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və erməni vəhşiliyinin sübutu olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

1918-ci ilin mart soyqırımları amansızlığına görə Azərbaycan tarixinə qanlı faciələrdən biri kimi düşmüşdür. Həmin qırğınların ən dəhşətlisi ermənilərin xüsusi amansızlıqla öldürdükləri azyaşlılar və qadınlardır. Onları ağlasığmaz işgəncələrlə, diri-diri oda ataraq, gözləri çıxarılaraq qətlə yetirmişlər. Qadınlar daha ağır şəkildə öldürülmüş, hətta qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapılmışdı. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7000-dən çox insanı soyqırımına məruz qoymuşlar. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan olunmuşdur. Belə ağır günlərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasaydı, bu qırğının miqyası daha dəhşətli olardı. Həlak olan əsgərlər Dağüstü parkda dəfn edilmiş və onlara ehtiram olaraq abidə ucaldılmışdı.

Son iki yüz ildə Azərbaycan tarixinə bir sıra faciələr və soyqırımları yazılmışdır. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən soyqırımıdır. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə, faciəni gizlətməyə çalışsalar da, bu, mümkün olmamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".