“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Elm və təhsil

“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

İyunun 20-21-də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan "Respublika"ya bildirilib ki, konfrans “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində biotorpaq ehtiyatlarından düzgün istifadə edilməsi və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə keçirilir.

İqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlarından düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsəddir. Konfrans qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, molekulyar biologiyanın müasir ekoloji aspektləri, iqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri, antropogen amillərin təbii populyasiyalara təsiri, şəhər və kəndlərin landşaft dizaynının müasir aspektləri, zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları, biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu, süni intellekt, sənaye əhəmiyyətli bitkilərin iqtisadi səmərəsi, nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, ekoloji faktorların dəyişməsi və insan sağlamlığı bölmələri üzrə təşkil olunacaq.

Konfrans biomüxtəliflik və onun mühafizəsi, meşə ekosistemi və biomüxtəlifliyi, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik üzrə elmi istiqamətləri əhatə edir.