“Ana, şəhid olsam üzülmə, təki Vətən sağ olsun...
Sosial həyat

“Ana, şəhid olsam üzülmə, təki Vətən sağ olsun..."

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını tarixə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək döyüşərək düşməni diz çökdürdülər.

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, vətən yolunda gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident İlham Əliyevin sərəncamları ilə orden və medallar ilə təltif edilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var. Vətən müharibəsi şəhidi Sabir Salahov 1999-cu ildə Salyan şəhərində sadə bir ailədə dünyaya göz açıb. Ailədə 2 qardaş olublar. Sabirin anası Sevgül xanım deyir ki, Sabirin hələ uşaqlıqdan idmana xüsusi həvəsi var idi. Şahmat və güləş hazırlıqlarına gedirdi. Ona şahmat yarışlarında qələbəsi münasibətilə təqdim olunmuş stolüstü saat və at fiquru hələ də evimizin bəzəyidir. Sabir kiçik yaşlarından qorxmaz və mərd idi.

Sabir Hikmət oğlu Salahov 2016-cı ildə Salyan şəhərindəki 3 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini Ağcabədi rayonunun Qiyamadınlı kəndində yerləşən ən təhlükəli nöqtə olan "Qartal" postunda edib. Xidməti borcunu başa vurduqdan sonra valideynlərinə bildirib ki, vətən torpaqları işğalda olduğu halda mən Salyanda qala bilmərəm. Qərara gəlmişəm ki, Vətənin müdafiəsinə yollanım. Bu məqsədlə də 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətə başlayıb. Füzuli rayonunda, təmas xəttində xidmət keçib.

"Sentyabrın 27-də, müharibə başlayan günü Sabir zəng vurdu. Məndən nigaran qalma, ana, - dedi. Şəhid olsam üzülmə, təki Vətən sağ olsun... Mənim üçün Sabir kimi balanı itirmək çətindir, çox çətin. Onun bütün sirri, sözü mənimlə idi, ürəyi arzularla dolu idi balamın. Amma mənə təskinlik verən odur ki, Sabir Vətən torpaqlarının azad edilməsi uğrunda qurban getdi. Hərbçi peşəsini özü seçmişdi və bütün çətinliklərinə baxmayaraq, həmişə deyirdi ki, bu yolu tutduğuma qəti peşman deyiləm. Deyirdi ki, şəhid olsam da özümdən sonra sizə şərəfli bir ad qoyub gedəcəm...".

Atasının xatirələrindən: "Sabir zəng vuranda dedi ki, ata, darıxma. Müharibə hökmən bizim qələbəmizlə başa çatacaq, mən bu sözü sənə döyüşçü kimi deyirəm. Düşmən qabağımızda duruş gətirə bilmir, qaçır...".

Hərbi əməliyyatlar başlayandan bir neçə gün sonra, oktyabrın əvvəllərində Salyanda xəbər yayılır ki, Sabir şəhid olub. Amma tezliklə bu xəbər yalan çıxır. Məlum olur ki, Sabir döyüşlərdən birində öz "buşlat"ını şəhid olmuş yoldaşı Səyyadın üstünə örtüb və döyüşü davam etdirib. Döyüş meydanından şəhidlərin meyitlərini yığanda Səyyadın üstünə örtülən "buşlat"da Sabirin ad-soyadını oxuyublar və onun şəhid olduğunu deyiblər.

Atası söyləyir ki, Sabir və döyüş dostları Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən şiddətli döyüşlərin qəhrəmanlarıdırlar. Horadizə Azərbaycan Bayrağını da onlar sancmışdılar. Oktyabr ayının 5-də Sabir Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Buqra dərəsi deyilən yerdə şəhid olub. Oktyabr ayının 6-da Salyan şəhərində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Sabir Salahov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Ömrü yarımçıq qaldı varlığı ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin.

Vətən yolunda ömrünü qurban verən Sabir qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

Müşfiq CƏFƏROV,

"Respublika".