Bakıda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının iclası keçirilib
Digər xəbərlər

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının iclası keçirilib

Oktyabrın 18-də Bakıda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, Pakistan, İndoneziya, İran və Mərakeşin ombudsman və insan hüquqları qurumlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə "Qurani-Kərim"dən ayələr oxunub.

Yığıncağın Bakıda keçirilməsindən məmnun olduğunu deyən Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoç ev sahibliyinə görə Azərbaycana minnətdarlığını bildirib. O, Assosiasiyanın yarandığı gündən indiyədək fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, 2014-cü il aprelin 29-da Pakistanın İslamabad şəhərində təsis olunan İslam Əməkdaşlıq Təşkilatının Ombudsman Assosiasiyası pandemiya dövründə də fəaliyyətinə fasilə verməyib və işini onlayn platformalarda davam etdirib.

Qonaqları salamlayan ombudsman Səbinə Əliyeva bu cür yığıncağın Müstəqilliyin Bərpası Günündə Bakıda keçirilməsindən məmnunluğunu bildirib. O, bu konfransın Azərbaycanın Ombudsman təsisatının yaradılmasının 20-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı Beynəlxalq Konfransının keçiriləcəyini qeyd edib. Ombudsman vurğulayıb ki, bu, Azərbaycanın Şərqlə Qərb arasında mühüm körpü rolu oynadığını bir daha göstərir.

Digər çıxış edənlər təşkilata üzv ölkələrdə insan haqlarının qorunması istiqamətində aparılan işlərlə bağlı fikir mübadiləsi aparıb, qadınların siyasi və beynəlxalq məsələlərdə iştirakının mühüm məsələ olduğunu bildiriblər. Həmçinin İƏT OA-nın İslam ölkələrində insan hüquqları üzrə problemlərin həllində önəmi vurğulanıb.

Sonda birgə foto çəkdirilib.

AZƏRTAC