İQTİSADİYYAT

"Araz Vadisi İqtisadi Zonası" Şərqi Zəngəzurun dirçəlişində mühüm əhəmiyyət daşıyır

İşğaldan azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə bölgənin inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını vacib etdi. Yeni yaradılan iqtisadi rayonlardan biri Şərqi Zəngəzuru əhatə edir. Hazırda Şərqi Zəngəzur iqtisadi rayonunda düşmən tərəfindən basdırılan minalar təmizləndikdən sonra çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur.

Fərəhlə deyə bilərik ki, Arazqırağı yurd yerlərimizə yeni bir həyat qayıdır. İşğaldan azad edilən rayonlarda, o cümlədən Cəbrayılda bərpa və yenidənqurma işləri sürətlə və keyfiyyətlə aparılır. Dövlət başçısının sərəncamı ilə Cəbrayıl rayonunda yaradılan iqtisadi zona eyni zamanda strateji əhəmiyyətə malikdir. Mütəxəssislərin qənaətinə görə, "Araz Vadisi İqtisadi Zonası" Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyə və Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə çıxmaq imkanı yaradacaq. Məhz buna görə də bu zonaya investorların iqtisadi marağı daha böyükdür. Qeyd edək ki, Cəbrayıl rayonu ərazisindəki "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ölkəmizdə sayca yeddinci park olacaq. İlkin mərhələdə iqtisadi zonada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri yaradılır. Sənaye Parkının ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiyalar istehsalı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

İki yüz hektar ərazini əhatə edən Sənaye Parkında 1,5 hektar sahədə artıq mobil şəhərcik salınıb və burada konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Tikinti aparılacaq sahənin və mobil şəhərciyin su ilə təmin edilməsi məqsədilə saatda 65 kubmetr gücə malik iki ədəd 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib. Hazırda Sənaye Parkında inzibati binanın tikintisi işləri aparılır, binanın beton konstruksiya və hörgü işləri tamamlanıb. Həmçinin, 110/35/6 kV-luq elektrik stansiyasının özülündə qazıntı işlərinə və su anbarının tikintisinə başlanılıb.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının hazırda 2 rezidenti və bir qeyri-rezidenti var. Rezidentlər tərəfindən sənaye parkına 17,8 milyon manat investisiya yatırılması, burada 250-dən artıq iş yerinin yaradılması gözlənilir. Sənaye Parkında ilk müəssisənin bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda burada Rusiyanın "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin tikintisi həyata keçirilir. Digər rezident "Prestij-Kimya" MMC isə dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal edən zavod tikəcək. Qeyd edək ki, servis mərkəzi əsas bina, qazanxana, su anbarı və avtoyumadan ibarətdir. Artıq 3 hektar ərazidə hasarlama işi görülüb. Ərazi şaquli planlaşdırma aparılaraq hamarlanıb, su xətləri çəkilib. Qazanxananın əsas binası hazırdır. Su anbarında avadanlıqlar quraşdırılıb. Əsas korpusda metal-konstruksiya, örtük panellərin örtülməsi üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak və torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və on il müddətinə gömrük rüsumlarından azad olunurlar. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 4-də imzaladığı Fərmanla yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı logistik baxımdan çox əlverişli ərazidə yerləşir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır. Sənaye Parkı ətraf rayonlar üçün də əlverişli və əlçatan ərazidə yerləşir. "Araz Vadisi İqtisadi Zonası" Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq.

Yeri gəlmişkən qeyd edək ki, Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri dörd mərhələ üzrə aparılır: şəhərlərin Baş planının hazırlanması, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması və Böyük Qayıdış. Müharibədən iki ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması Azərbaycan dövlətinin gücünü və iradəsini göstərir. Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə gedən tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir və bu nəhəng işlər sürətlə aparılır. Şərqi Zəngəzur ən yaxın zamanlarda əsl cənnətə çevriləcək, insanlar doğma yurd yerlərinə qayıdacaq, burada asudə və rahat yaşayaraq, gələcək həyatlarını quracaqlar.

Salman ALIOĞLU,

"Respublika".