Atılan addımlarımız legitimdir
Siyasət

Atılan addımlarımız legitimdir

Qələbə ilə bitən İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin mühüm səhifələrindən biridir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan 44 günlük müharibədə İlham Əliyevin komandanlığı ilə ordumuz 30 ildən artıq davam edən erməni işğalına son qoydu. Bu tarixi qələbə nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Beləliklə, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqları cəmi 44 gün ərzində azad edildi və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.

Əslində gözlənilən o idi ki, ermənilər 44 günlük müharibədə Azərbaycanın qələbəsindən və özlərinin acı məğlubiyyətindən sonra bu kimi əməllərə son qoyaraq təxribat törətməyəcəklər. Lakin müharibənin bitməsindən 3 il keçməsinə baxmayaraq, onların təxribat əməlləri davam etdi. Bu da bölgədə sülhün təmin olunmasına öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, bir sıra məsələlərdə, eləcə də Azərbaycana qarşı təxribatlarda Ermənistan müstəqil deyil. Daim onlara havadarlıq edən xarici qüvvələr var. Azərbaycanın postmüharibə dövründə xoşməramlı addımlarına baxmayaraq, Ermənistan Vətən müharibəsindəki ağır məğlubiyyəti ilə barışmaq istəmir, bəzi təxribatlarla vəziyyəti yenidən gərginləşdirməyə çalışır.

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurdu. Laçından Qarabağa gedən yolun başlanğıcında qurulan buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb. Lakin DSX-nin əməkdaşları BQXK-ya aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərini aşkarladıqdan sonra Laçın nəzarət-buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırıldı. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi erməni sakinlərin məntəqədən keçidi üçün şərait yaratdı. Eyni zamanda Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkünlüyünü bildirdi. Bir sözlə, hər iki yol vasitəsilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür.

Sülh danışıqlarına davamlı zərbələr vuran tərəflərdən biri də Xankəndidəki terrorçu xunta rejimi idi. Bu qanunsuz separatçı rejim təkcə Azərbaycana deyil, bölgədəki ermənilərə qarşı da aqressiv idi. Xankəndidəki separatçılar erməniləri daim qorxu və təhdid içində girov saxlayırdılar. Bununla yanaşı, qondarma rejimin sentyabrın 9-da Qarabağ bölgəsində "prezident seçkiləri" adı altında apardığı qanunsuz fəaliyyət Ermənistanın növbəti təxribatı idi. Bu fəaliyyət Azərbaycan Konstitusiyasının, qanunlarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazisində Azərbaycanın qanunları xaricində heç bir seçki keçirilə bilməz. Bu vaxta qədər separatçıların Qarabağda keçirdikləri seçkilər dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən də tanınmayıb. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yönündə gedən danışıqlar zamanı separatçıların qondarma "seçki şousu" göstərmələri sülh prosesinə maneə törədirdi. Bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanıyır. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və digər təsisatlar, Türkiyə, ABŞ, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Pakistan, Özbəkistan, Qırğızıstan, Bolqarıstan, Qazaxıstan, İran və bir sıra digər dövlətlər qondarma "seçkilər"i tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini ifadə etdilər.

Bununla bağlı ölkə başçımız İlham Əliyev xalqa müraciətində bildirib ki, müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik: "Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi".

Röya RÜSTƏMLİ,

"Respublika".