Avroparlament: çirkaba və rüşvətə bulaşmış klub
Siyasət

Avroparlament: çirkaba və rüşvətə bulaşmış klub

Avropa Parlamentinin "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qərəzli və ikili standartlara əsaslanan qətnaməsi bir daha göstərdi ki, təşkilat Cənubi Qafqazda sülh və sabitlik istəmir.

Ümumiyyətlə, 30 illik münaqişə tarixində proseslərin gedişatını təhlil etdikdə çoxsaylı təkzibedilməz faktlar deməyə əsas verir ki, Avroparlamentin aparıcı dövlətləri Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətə, habelə ölkəmizin ərazisində separatizmin mövcudluğuna regiona təsir rıçağı kimi baxır və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə zidd olan həmin status-kvonu qorumağa çalışır, Azərbaycanı isə bu reallıqla barışdırmaq istəyirdilər.

Lakin Vətən müharibəsi və antiterror tədbirlərindəki zəfərlərin ardından Ermənistan və Qərbdəki havadarları işğal və separatizm rıçaqlarından məhrum oldular və bununla da özünü beynəlxalq ictimaiyyət adlandıran, 30 ildir vasitəçilik nağılları danışan qlobal subyektlərin iç üzü açıldı. Bu prosesdə ifşa olunanlardan biri də Avropa Parlamenti oldu. Düzdür, Avroparlament həmişə anti-Azərbaycan mövqeyi ilə seçilib, lakin son üç ildəki davranışları ilə təşkilat həm də beynəlxalq hüququ heçə sayan, fəaliyyətini ayrı-seçkilik, nifrət və nifaq üzərində quran radikal və səlibçi xristian klubu olduğunu sübut etdi.

Bu il martın 8-də  Prezident İlham Əliyevin "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda da bu qərəzli mövqeyə toxunulmuş, Avropa Parlamentinin islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən təşkilat olduğu açıq mətnlə bildirilmişdi.

Avropa Parlamenti özünün son qətnaməsində də radikal ənənələrinə sadiq qalaraq ikili standartlara əsaslanan sənədin məzmununu böhtan üzərində qurmuş, Ermənistanla münasibətləri gücləndirmək, viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, ona Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmaq istəyi fonunda diqqəti daha çox İrəvanla münasibətlərə yox, Azərbaycana qarşı təhdidlərə yönəltmişdir.

Azərbaycan ərazilərinin işğal və təcavüzə məruz qaldığı 30 il ərzində bir dəfə də olsun beynəlxalq hüququn aliliyinə hörmət ifadə etməyən, Ermənistanı işğalçı kimi tanımayan Avroparlament özünün məlum təcavüzkar qətnaməsində ölkəmizi işğalçılıqda günahlandırır. 504 deputatın səs verdiyi bu qərəzli sənəddə aydınlıq gətirilmir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hansı beynəlxalq səviyyədə tanınmış ərazisinə soxulub və hansı hissələrini işğal edib. Əgər Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinin sərhədləri Avropa Parlamentinə bəlli idisə, o zaman erməni qoşunlarının Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın,  Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə mövcudluğu dövründə ən azı beynəlxalq hüquqa hörmət naminə İrəvandan tanınan ərazilərindən kənarda ordusunun nə işlə məşğul olduğu niyə soruşulmur və erməni hərbçilərin Azərbaycanın suveren ərazisindən çıxarılması tələb edilmirdi? Yaxud 13 mart qətnaməsində Azərbaycanın rəsmi şəxslərinin "Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdidlərdən, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən xarici dəhlizin yaradılması tələblərini ehtiva edən bəyanatlarından çəkinməsi" tələb edilir. Yaxşı, əgər ərazi bütövlüyü məsələsi Avroparlament üçün bu qədər həssasdırsa, 4 il əvvəl "Qarabağ Ermənistandır, nöqtə" deyən Paşinyanın bəyanatı niyə bu çirkab yuvasına dönmüş təşkilatda narahatlıq yaratmırdı. Yaxud qətnamədə bildirilir ki, "Aİ Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən şəxslərə və təşkilatlara qarşı sanksiya rejimi yaratmağa hazır olmalıdır". Bəs Avropa Parlamenti konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını rəsmən bəyan etmiş Ermənistan rəsmiləri barədə eyni mövqeyi sərgiləyə bilərmi? Bütün bunlar göstərir ki, Avropa Parlamentinin beynəlxalq hüquqa və onun normalarında əksini tapan prinsiplərə baxışı selektiv xarakter daşıyır. Yəni əsas niyyət beynəlxalq hüququn aliliyinin təmin edilməsi yox, Qərbin neoimperialist niyyətinin realizə olunmasıdır.

Avropa Parlamenti qətnamədə "Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac"dan dəm vurur, lakin sənədin ritorikasından və üslubundan da aydındır ki, bu Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə açıq müdaxilədir.  Son nəticədə sülh müqaviləsinin imzalanması üçün heç bir əngəlin qalmadığı fonunda süni maneələr formalaşdıraraq dayanıqlı sülhün yolverilməzliyi barədə Qərbin, xüsusən Parisin direktivlərini icra edir.

Bundan başqa, sənəddə "Dağlıq Qarabağın" erməni mədəni, dini və tarixi irsinin qorunub saxlanmasının vacibliyindən bəhs olunur, erməni irsinin dağıdılması, vandalizmə məruz qalmasından narahatlıq ifadə edilir. Avropa Parlamentinin bu mövqeyi isə, sözün əsl mənasında, ikrah doğurur. İlk növbədə, ərazi bütövlüyü məsələsində saxta həssaslıq göstərməsindən cəmi bir abzas sonra "Dağlıq Qarabağ" kəlməsinə istinad etməklə Avroparlament Azərbaycanın ərazi bütövlüyünə sözlə təcavüz edir ki, bu, yolverilməzdir. İkincisi, erməni irsi barədə danışmaqla Avropa Parlamenti Qafqaz alban irsinin erməniləşdirilməsi prosesinin iştirakçısına çevrilməklə bir daha özünün saxtakar mahiyyətini ifşa edir. Avropa Parlamenti artıq başa düşməlidir ki, 30 il Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən yerlə-yeksan edilən şəhər və kəndlərin talan edilməsinə, Azərbaycan irsinin vandalizmə məruz qalmasına göz yuman və ortaq olan bir təsisat kimi regionda hər hansı irs barədə danışmaq haqqını itirib. Çünki elə Avroparlamentin özünün kürsüsündə yer tutub bu layihəyə səs verənlər sırasında xeyli vandal var və cəmi 2 ay öncə Fransada Xurşidbanu Natəvanın heykəlinə atılan boyanın izləri hələ də onların əllərində qalır. Həmçinin bu saxtakarlar Azərbaycanı antiterror tədbirləri zamanı yaxalanmış terrorçuları azad etməyə çağırırlar. Bu fakt isə göstərir ki, Avropa Parlamenti ikili standartların hökm sürdüyü, korrupsiya yuvasına çevrilmiş bir təsisat olmaqla yanaşı, həm də dünyada terrorizmi himayə edən əsas mərkəzdir. Əgər Avroparlament çağırışını humanist niyyətlə əlaqələndirirsə, nəyə görə, məsələn, Fransada, Korsikada həbs olunan korsikalı siyasətçilərin, yaxud İspaniyada kataloniyalı siyasilərin azadlığını tələb etmir?

Bütün bunlar bir daha göstərir ki, Avroparlament mahiyyətcə çürümüş qruplaşmadır və verdiyi qərarlar, qəbul etdiyi qətnamələrin isə üzv subyektlərinin belə gözündə heç bir hüquqi qiyməti yoxdur. Bu mənada, yaxşı olar ki, Avropa Parlamenti Cənubi Qafqaza burnunu soxmaqdansa, diqqətini Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da ifadə olunduğu kimi, "Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərə" yönəltsin.

Bəhruz MƏHƏRRƏMOV,

millət vəkili.